Qarşıda bizləri daha əzəmətli, daha nəhəng qələbələr və zəfər salnamələri gözləyir! ANALİTİKA

İlham Əliyev: “Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir”

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin zaman-zaman etdiyi çıxışlarının, səsləndirdiyi bəyanatlarının təməlində dayanan bu kəlam, əslində, tarixçilərimizin, araşdırmaçılarımızın qarşısında yeni reallıqlara uyğun yeni vəzifələr qoymaqdadır. Artıq danılmaz faktdır ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəsi ilə ərazi bütövlüyünü təmin etməklə yanaşı, həlli vacib məsələləri gündəmə gətirdi, bir sıra çağırışlara yol açdı. “Mən artıq demişəm, bir daha demək istəyirəm ki, bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır” söyləyən dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev vurğulayıb ki, indi biz görürük kim-kimdir: “Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir. Amma Türkiyə, Pakistan, Əfqanıstan birmənalı şəkildə Azərbaycanı dəstəklədilər… İndi həqiqət anıdır. Sən kimin tərəfindəsən? Haqqın, yoxsa, şərin? Dostun, yoxsa, düşmənin? Əlbəttə ki, bu günlərdə bizə dəstək olan ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacağıq”.

“Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır”

Söz yox ki, haqqı, ədaləti, beynəlxalq hüququn norma və prinsiplərini xarici siyasətlərinin əsası kimi qəbul edən dövlətlər atdıqları addımlarda bunu qabarıq şəkildə büruzə verəcək, ən əsası heç bir dövlətin, təşkilatın diktəsi əsasında oturub durmayacaq. Necə ki, Azərbaycan bu yolu tutub, heç bir qüvvə ölkəmizdə təzyiq, təhdid dilində danışmaq imkanına malik deyil. Azərbaycan müstəqil siyasətini atdığı hər addımında təsdiqləyir. 44 günlük müharibə isə bugünədək dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların sözlə əməl birliyini necə qoruduqlarını açıqladı. Təbii ki, tarixi Qələbəmiz regionda yeni reallıqları yaratmaqla yanaşı, dünyanın siyasətində də dəyişikliklərin edilməsinə nail oldu. Beynəlxalq hüquq deyilən məfhumun mövcudluğu nəinki təsdiqləndi, onun icrası üçün vahid mexanizmin yaradılması və tətbiqi vacib amil kimi önə çəkildi.

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev şanlı tariximizin ən yaddaqalan müjdəsini xalqa çatdırarkən “Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır” vurğulayaraq bu məqamı da xüsusi qeyd edib: “Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi. Hər kəs gücümüzü, qüdrətimizi, iradəmizi gördü. Dəmir yumruğumuz onların belini qırdı”.

“Fəxri xiyabanda da oldum, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, bildirdim ki, çox xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim”.

Ölkə başçımız İlham Əliyev bildirir ki, bu yumruq həm də birlik yumruğu, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da ordu quruculuğu işində əməli addımlar atacaq, ordumuzu daha da gücləndirəcəyik. İndi bütün ölkələr Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Bu, tarixi Qələbədir. Bu Qələbə şanlı Qələbə kimi Azərbaycan tarixində əbədi qalacaq. 44 günlük Vətən müharibəsi əyilməz ruhumuzu göstərdi. Sübut etdi ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmaq fikrində deyildi və bütün xalqımız, lap balaca uşaqlar, yaşlı insanlar, o torpaqları tərk edənlər, qayıtmaq arzusunda olanlar, o torpaqlarda heç vaxt olmayan, amma o bölgələrdən olan gənc nəslin nümayəndələri, biz hamımız bir arzu ilə yaşamışıq və bu arzunu həyata keçirmişik. Artıq müharibə arxada qaldı. 29 illik müstəqilik tarixinə malik olan Azərbaycanın 1993-cü ildən, yəni Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından 2003-cü ilədək olan dövrü, həmçinin 2003-cü ildən sonrakı mərhələsi Zəfərimizi şərtləndirən əsas amillər kimi qeyd edilir. 1993-2003-cü illərdə qurulan möhkəm təməl sonrakı illərdə atılan addımların, görülən işlərin möhtəşəmliyini təmin etdi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi də bunun bariz nümunəsidir. Dövlətimizin başçısı İlham Əliyev noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqımıza Şəhidlər xiyabanından çatdırarkən bu mühüm məqamı da böyük qürur hissi ilə qeyd etdi ki: “Fəxri xiyabanda da oldum, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, bildirdim ki, çox xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim”.

“Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik”

Onu da qeyd edək ki, son 17 ilin əsas hədəfləri sırasında Azərbaycanın hərbi büdcəsinin Ermənistanın ümumi büdcəsindən dəfələrlə artıq olmasına nail olmaq idi. Bugünkü qələbəmiz bu reallığın təsdiqidir. Ölkəmizdə müdafiə xərcləri ilə yanaşı, regional inkişaf proqramlarının uğurlu icrası, yeni müdafiə sənayesi obyektlərinin yaradılması, müxtəlif adlarda hərbi məhsulların istehsalı və sair kimi biri-birindən əhəmiyyətli addımlar Azərbaycanın bugününə hesablanmış tədbirlərdir. Prezident İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb variantı istisna edilmir. Müharibə şəraitində yaşayan ölkə olaraq ordu quruculuğu, hərbi xərclərimizin artırılması suveren hüququmuzdur. Ölkədə ən müasir tələblərə cavab verən ordu quruculuğu dünyanın heç bir yerində olmayan böyük sürətlə aparıldı. Məhz aparılan bu yüksək səviyyəli dövlətçilik fəaliyyəti və təşkilatçılıq işi Müzəffər Ali Baş Komandanın dediyi kimi, qarşıda duran əsas vəzifəyə xidmət edirdi: “Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik.”

Ali Baş Komandan İlham Əliyev xarici mətbuat nümayəndələrinə verdiyi müsahibəsində də daim ölkəmizin gələcəyi ilə bağlı fikirlərini belə ifadə edib ki, ölkəmizin gələcəyi çox parlaq olacaq. Son illər ərzində çox böyük uğurlara imza atmışıq. Ölkəmizin həm siyasi, həm iqtisadi sahələrdə uğurları bu gün beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilir. Beynəlxalq arenada böyük uğurlar əldə edilib. Azərbaycan bu gün çox güclü bir ölkəyə çevrilib. Ölkə daxilindəki bütün məsələlər öz həllini tapır. Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək. Ölkəmiz üçün yeni bir dövr başlanacaq. Bu yeni dövr hər bir sahədə böyük imkanlar açacaq. Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq.

“AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb”

Cənab Prezident xalqa hər bir müraciətində, işğaldan azad edilmiş torpaqlarımıza səfərləri zamanı çıxışlarında Azərbaycanın uğurları fonunda qazanılan Zəfərimizlə yanaşı, torpaqlarımızı vaxtilə satanlara da diqqəti yönəldir. Bu günlərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri çərçivəsində dövlətimizin başçısı Laçın rayonunun Güləbird kəndində Azərbaycan bayrağını qaldırdıqdan sonra nitqində bir daha bu faktlara diqqəti yönəltdi ki, Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. Halbuki sovet vaxtında bu bağlantı yox idi. 1992-ci il mayın 8-də Şuşanın işğalından 10 gün keçəndən sonra Laçın rayonu işğal altına düşdü. Bu, böyük faciə idi. Laçın rayonunun işğal altına düşməsi strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyətimiz idi. Laçın rayonunu, Şuşanı satanlar eyni adamlardır: “Mən bunu demişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqı bunu bilsin və heç vaxt unutmasın. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb. O vaxt hakimiyyəti yıxmaq üçün Bakıda mitinqlər təşkil edirdilər, çaxnaşma təşkil edirdilər, hakimiyyətə gəlmək üçün istənilən satqınlığa hazır idilər və bu satqınlığı etdilər. Şuşanı boşaltdılar. Halbuki onların nəzarəti altında qüvvələr var idi. Şuşa ermənilər oraya girəndə, faktiki olaraq, boş idi. Şuşanı heç kim müdafiə etmirdi. Sonra Laçın rayonunu da satdılar və ondan sonra heç bir ay keçməmiş hakimiyyətə gəldilər. AXC-Müsavat cütlüyü bu satqınlığı, bu xəyanəti edib, bu cinayəti törədib. 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşəndən sonra qorxaqcasına qaçıb gizlənib, fərarilik edib. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır, bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır! Onlar satıblar bizim torpaqlarımızı. Biz qaytarmışıq bu torpaqları, qayıtmışıq. Bax, durmuşam burada - Laçın rayonunda”. Söz yox ki, əzəli, əbədi və tarixi torpaqlarımızı düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırdığını və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət etdiyini bildirən ölkə Prezidenti bir daha bu reallıqları böyük fəxr və qürur hissi ilə bildirmişdir ki, biz tarixi ədaləti bərpa etdik. Biz şəhidlərimizin qanını aldıq, düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir. Qarabağı cənnətə çevirəcəyik.

“İndi yenə kimsə saxta tarix yaratmaq istəyir. Yenə kimsə hansısa fərarinin, satqının, qorxağın günahlarını yumaq istəyir. Biz buna imkan verə bilmərik"

Əbəs deyil ki, Prezident İlham Əliyev tarixi Zəfərimizlə bağlı kitabların, dərsliklərin yazılacağını da qürurla vurğulayır. Hər zaman olduğu kimi, bugünümüzün də əsas çağırışı tariximizin həqiqətəuyğun olmasıdır. Ölkə Prezidenti bu il yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən “Mən demişəm, bir daha demək istəyirəm ki, tariximizin həqiqətə uyğun olması ilə bağlı bizim alimlər, bizim mütəxəssislər gərək dolğun məlumat versinlər, tariximizi malalamasınlar. Bizə saxta tarix lazım deyil” bəyanatını irəli sürmşdü. Belə ki, sovet dövründə saxta tarixlə üzləşdiyimizi xatırladan dövlətimizin başçısı vurğulamışdır ki, bizim qəhrəmanlarımız düşmən kimi, xalqımızın düşmənləri, qaniçənlər qəhrəman kimi göstərilirdi. 26 Bakı komissarı - o erməni bolşevik quldur dəstəsi qəhrəman kimi göstərilirdi. Ancaq onlara qarşı vuruşan milli vətənpərvər insanlar düşmən kimi göstərilirdi. Biz bunu görmüşük. Bizim nəsil saxta tarixin nə olduğunu görüb: “İndi yenə kimsə saxta tarix yaratmaq istəyir. Yenə kimsə hansısa fərarinin, satqının, qorxağın günahlarını yumaq istəyir. Biz buna imkan verə bilmərik. Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir”.

Beləliklə, fakt budur ki, tarix əsla unudulmur və bundan sonra da unudulmayacaq. Daha dəqiq desək, keçmişə baxaraq, tariximizi səhifələrini vərəqləyərək ondan dərs almağa çalışmalıyıq, bu prosesdə daim dövlətimizin, Prezidentimizin ətrafında daha sıx birləşməliyik. Müstəqilliyimizin ilk illərində yaşananlar səbəbkarların yaddaşından silinsə də tarix hər zaman bunları xatırlatmaqda yardımçı olur. Əbəs yerə deyilmir ki, təbliğat o zaman güclü olur ki, həqiqətlərə əsaslanır, ictimai fikrə təsir imkanları müvəqqəti deyil, daimi olur. Prezident İlham Əliyevin hələ Vətən müharibəsindən əvvəl böyük əminliklə söylədiyi “Ərazi bütövlüyümüzü bərpa edəcəyik” tezisi də tarixi faktlara, həqiqətlərə söykənirdi. Azərbaycan xalqı bu istəyinə də nail oldu və reallıq da budur ki, xalqımız Müzəffər Qələbəmizin müəllifi cənab İlham Əliyevlə qürur duyur, onun ətrafında daha da möhkəm, dəmir yumruq kimi birləşərək daha möhtəşəm uğurlara doğru inamla addımlayır. Çünki qarşıda bizləri daha əzəmətli, daha nəhəng qələvələr və zəfər salnamələri gözləyir!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...