“Mental dəyərlərimizdə xanımlara göstərilən diqqət və qayğı Qərbi narahat edir” Oktay Hacımusalı

“Azərbaycan hansısa Qərb ölkəsi deyil və Qərbin bizim xalqımıza, millətimizə yad olan dəyərləri də qəbulolunmazdır”. Bunu SİA-ya açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı jurnalist, ankarabaku.com saytının baş redaktoru Oktay Hacımusalı martın 8-də Bakının mərkəzində özlərini “feminist” adlandıran bir qrup şəxsin keçirilməyə cəhd göstərdikləri icazəsiz aksiyasından bəhs edərkən deyib. Onun sözlərinə görə, təəssüf ki, 44 günlük zəfərdən sonra belə, bizim bəzi özlərini “müasirmiş”, ya da “kosmopolitlər” kimi göstərənlərin beyinləri, təfəkkürləri dəyişməyib və belələri hələ də öz şirin yuxularından ayılmayıblar.

Jurnalist: “Azərbaycan min illər ərzində formalaşmış qədim adət-ənənələri olan, köklü sistemə malik bir təməlli ölkədir və onun dəyərlərində qadın baş tacıdır”

Jurnalist soydaşımız onu da qeyd edib ki, həmin aksiyanı keçirməyə cəhd edənlərin kim olmalarına cəhd etsək, elə bu prosesin də daxildən doğan bir tələb olduğunu aydın bir şəkildə görə bilərik: “Cəmiyyətimizdə, mental dəyərlərimizdə xanımlara göstərilən diqqət və qayğı bu aksiyaları təşkil edənləri o qədər narahat edir ki, onlar bu aksiyaları təşkil etməklə milli genefondumuzda mövcud olan bir sıra əhəmiyyətli, milli-mənəvi dəyərlərimizə söykənən institutları yox etməyə kökləniblər. Azərbaycan min illər ərzində formalaşmış qədim adət-ənənələri olan, köklü sistemə malik bir təməlli ölkədir və onun dəyərlərində qadın baş tacıdır. Onu gender disbalansı baxımından hansısa mədəniyyətdən uzaq Afrikadakı qəbilələrlə eyniləşdirməyə cəhd edənlər yanılırlar”.

“Qərbin əmtəə kimi diqqət yetirdiyi qadına Azərbaycanda fərqli münasibət mövcuddur”

Soydaş juralistimiz bildirib ki, bu dəfə də xaricdəki müəyyən dairələr əllərinin “ətə çatmadığını” görüdükdə bu dəfə öz çirkin niyyətlərini saxtakar feminizm üzərində reallaşdırmağa çalışırlar. Amma unudurlar ki, Qərbin qadın üzərində təyin etdiyi dəyərləri Azərbaycanda keçərli deyil, çünki Azərbaycanın tarixi dəyərləri milli köklərə söykənir.

“Qərbin əmtəə kimi diqqət yetirdiyi qadına Azərbaycanda fərqli münasibət mövcuddur”, deyən Oktay Hacımusalı hesab edir ki, bu kimi cəhdlərinə rəğmən, xaricdəki müəyyən antiazərbaycançı dairələrin əllərində ölkəmizə qarşı işlətməyə cəhd göstərdikləri təzyiq vasitələri boşa çıxır və onlar dərhal gender məsələsini atırlar ortaya. Onlar düşünmürlər ki, arada-bir dönüb özlərinə də baxsınlar. “Əxlaqsızlığın fəhləlik kimi təqdim edildiyi, müəyyən dairələrin, transmilli şirkətlərin əlində oyuncağa çevrilən feminizm ləkəsi markalaşmanın, brendləşmənin əslində ən bariz göstəricisidir”, deyə bildirən Hacımusalı sual edir ki, Qərb bu kimi dəyərləri təbliğ edərkən, nədən demokratiya aparmaq adı altında xaraba qoyduğu ölkələrin hüquqlarını dilə gətirmir?

“Niyə həmin o aksiya keçirən sözdə qadın hüquq müdafiəçiləri otuz il boyunca bir dəfə olsun Qarabağdan olan məcburi köçkün xanımlara dəstək məqsədi ilə aksiya keçirməyiblər?”

SİTAT: “Niyə qul kimi Avropada çalışdırılan siyasi mühacir qadınların düşərgələrdə yaşadıqları heç dilə gətirilmir? Niyə həmin o aksiya keçirən sözdə qadın hüquq müdafiəçiləri otuz il boyunca bir dəfə olsun Qarabağdan olan məcburi köçkün xanımlara dəstək məqsədi ilə aksiya keçirməyiblər, ya da heç olmasa buna cəhd belə göstərməyiblər? Demək ki, məsələ qadın hüquqlarının müdafiəsi deyil. Burda əsas məsələ Azərbaycanda guya qadın hüquqlarının pozulmasını əsas gətirərək müəyyən qrant verən fondların və təşkilatların diqqətini çəkmək və gələcəkdə özlərini bu yolda əziyyət çəkirmiş kimi göstərərək xaricə köçməkdir”.

Oktay Hacımusalı onu da bildirib ki, bu kimi aksiyalar regionun yeni dinamikasında vacib aktor kimi qəbul edilən ölkəmizin etibarsızlaşdırılmasına hesablansa da, heç nə alınmayacaq. “Çünki bu kimi aksiyalar bəlkə də on il bundan öncə həmin məqsədlər üçün istifadə oluna bilərdi. İndi isə regionun tərəfdaşları Azərbaycanda kimin kim olduğunu əla bilir və onlar hətta bu aksiyaları keçirənlərə belə inanmırlar. Çünki bilirlər ki, onların cəmiyyətdə ciddi sosial bazaya sahib deyillər”, juralist saytımıza açıqlamasında qeyd edib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə