İrəvanda qazilərin mitinqi keçirilir RİA Novosti yazır

Üç yüzədək Ermənistan ordusunun qazisi İrəvanda Baş nazir Nikol Paşinyanla qarşıdurmada olan Baş Qərargahı dəstəkləyən mitinqə toplaşıb. SİA RİA Novostinin yaydığı məlumata istinadən xəbər verir ki, ehtiyatda olan hərbçilər də baş nazirin istefasını tələb edirlər.
Məlumatda qeyd olunur ki, mitinq iştirakçıları Müdafiə Nazirliyinin binası yaxınlığında toplaşıblar. Bildirilir ki, mitinq iştirakçılarının buradan yerli vaxtla saat 15:00-da oxşar tələblərlə müxalifətin mitinqinin keçiriləcəyi parlament binasına yürüyəcəkləri ehtimal olunur.
Xatırladaq ki, Paşinyanın Rusiyaya istehsalı olan "İskəndər" raket kompleksi barədə diqqətsiz, düşünülməmiş sözlərindən sonra İreəvanda yenidən başqa bir siyasi böhran alovlanıb. Mətbuatda yer alan məlumatlara görə, Ermənistanın Baş Qərargah rəisinin müavini, baş naziri bu sözlərinə görə lağa qoyub, ələ salıb, ardından da Baş Qərargah rəisinin istefasını baş nazir təklif edib. Sonra da Ermənistan Silahlı Qüvvələri Paşinyanın özünün istefasını tələb edən bir bəyanat yayıb. Baş nazir bunu bir çevriliş cəhdi kimi qiymətləndirib və tərəfdarlarını küçələrə çıxmağa çağırıb. Bu vaxt müxalifət barrikadalar qurub və parlamentin yaxınlığında bir düşərgə yaradıb, səlahiyyətlilərlə danışıqlar və baş nazirin istefası tələb edilib.
Göründüyü kimi, Ermənistanda etiraz dalğası bütün istiqamətlərdə və sferalarda artmaqdadır. Bu ölkə vətəndaşları heç də Ermənistan hakimiyyətindən razı deyillər və istefa tələbi ilə çıxış edirlər. Ölkədə müxalifət bir-birinin ardınca mitinqlər keçirir ki, bütün bunlar Ermənistanda xaosdan xəbər verir. Hətta, son zamanlar itaətsizlik aksiyaları da paytaxt İrəvanın kümələrini bürüyüb və qarşıdurmalar belə müşahidə olunur. Belə qarşıdurmaların daha da qızışma ehtimalı heç də təkzib edilə bilməz və vətəndaş müharibəsinin mümkün ola biləcəyi tamamilə real görünür. Ümumiyyətlə, bir çox politoloqlar, ekspertlər Ermənistanın artıq vətəndaş müharibəsi astanasında olduğu qənaətindədirlər. İşğalçı ölkənin birinci prezidenti Levon Ter-Petrosyana görə isə Ermənistanda əgər vətəndaş müharibəsi başlayarsa, bu, bütövlükdə erməni xalqının məhvi deməkdir. Bəllidir ki, vətəndaş müharibəsi qorxusu səlahiyyətliləri və ümumilikdə erməni səmiyyətində siyasi arenada olan hər kəsi narahat edir və hadisələrin gedişi bu narahaçlığın əsaslı olduğunu təsdiqləyir. Bir sözlə, vətəndaş müharibəsi təhlükəsi tamamilə mümkündür və işğalçı ölkədə qarışıqlıqlar, qarşıdurmalar məhz bu vəziyyəti get-gedə daha da reallaşdırır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...