Azərbaycan müxtəlif platformalarda iştirak edir və haqq işini dünyaya çatdırır ÖZƏL-ŞƏRH

"Azərbaycan müxtəlif platformalarda, müxtəlif təşkilatlar çərçivəsində ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlıq edir. Yəni, biz Türkiyə ilə müttəfiqik, amma Türkiyə ilə bir çox platformalarda əməkdaşlıq formatımız var. O cümlədən, Pakistan da bizim müttəfiqimizdir, Pakistanla da müxtəlif əməkdaşlıq formatımız var və təsadüfi deyil ki, İslam Əməkdaşlıq Təşkilatı onlayn konfransı çərçivəsində həm Pakistanın rəhbər, həm dost və qardaş Əfqanıstanın lideri Azərbaycanı qələbə çalması münasibəti ilə təbrik etdilər. Türkiyə Cümhur Başkanı Rəcəb Tayyib Ərdoğan da çox isti sözlər ifadə etdi. Azərbaycan Prezidenti bunun qarşılığı olaraq minnətdarlığını bildirdi və İslam Ölkələri dəstəyini xüsusi vurğuladı, Dağlıq Qarabağ münaqişəsi haqqında, komunikasiya xətləri açılaması barədə fikirlərini bildirdi. Yəni, bu çox lazımlı, çox vacibdir." Bu sözləri SİA-ya verdiyi açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Mərkəzin rəhbərinin sözlərinə görə, Azərbaycan müxtəlif platformalarda iştirak edir və bu platformalar vasitəsi ilə Azərbaycan haqq işini dünyaya, İslam Ölkələrinə çatdırır.
"Düşünürəm ki, bu əsasda Azərbaycanın Pakistan, Əfqanıstan, Türkiyə və digər ölkələrlə əməkdaşlığının artırılması imkanı çox genişdir. Çünki, hətta bu platforma çərçivəsində də ölkələr gördülər ki, Azərbaycan bölgənin əsas açar dövlətidir, Azərbaycanla əməkdaşlığı genişləndirmək hamının xeyrinədir və regional əsasda da bu əməkdaşlığı gücləndirməyə ehtiyac var.
Belə baxanda Ermənistan heç bir platformada, üçtərəfli platformalarda iştirak etmir. Beynəlxalq təşkilatlarda Ermənistanı eşidən azdır. Önəmli olan Azərbaycanın ortaya qoyduğu mövqedir və bu mövqe ilə də bir çox dövlətlər hesablaşırlar. Bu tək Şərq və Ərəb Ölkələrinə aid deyil, eləcə də Avropa Ölkələri ilə çox sıx əlaqələrimiz qurulub. İtaliya, Böyük Britaniya kimi ölkələr də Azərbaycanın ərazi bütövlüyünə dəstək verir və işğaldan azad olunmuş rayonların bərpasında iştirak edəcəklərini bildiriblər. Düşünürəm ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də bir çox dövlətlərin şirkətləri Azərbaycandakı bu quruculuq işlərinə qatılması perspektivi çox böyükdür", deyə Elxan Şahinoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə