DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb QUBALIDA-FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə sayəsində dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra bu ərazilərdə dövlətimizin başçısının tapşırığına əsasən zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidmət, sosial-məişət şəraitinin, o cümlədən tibbi təminatının yaxşılaşdırılması üzrə ardıcıl və kompleks tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən SİA-ya bildiriblər ki, martın 5-də Qubadlı rayonu ərazisində DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb.

İşğaldan azad edilmiş ərazilərdə bu tədbirlər çərçivəsində ilk dəfə olaraq Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının vaksinasiyasına start verilib, birinci gündə 100 sərhədçi COVID-19 xəstəliyi əleyhinə peyvənd olunub. COVID-19 infeksiyası əleyhinə Vaksinasiya Strategiyasına əsasən, bu günədək DSX-nin 2 mindən artıq hərbi qulluqçusunun vaksinasiya edildiyi vurğulanıb, Azərbaycan sərhədçisinə göstərilən bu yüksək dövlət qayğısına görə minnətdarlıq ifadə olunub. Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Rəşad Sadiqov açılış mərasimində çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməyin hər bir Azərbaycan sərhədçisi üçün böyük şərəf və qürur mənbəyi olduğunu xüsusi qeyd edib, hazırda Azərbaycan-Ermənistan dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında Azərbaycanın dövləti maraqlarının ən yüksək səviyyədə qorunmasını vurğulayıb.

Azərbaycan sərhədçilərinin həyat və sağlamlıqlarını qorunmaq, şəxsi heyətin xidməti ərazidə təhlükəsiz hərəkətlərinə şərait yaratmaq üçün təyinatlı olan yeni sərhəd mühafizə orqanlarının fəaliyyətə başlaması münasibətilə DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.

Tədbir çərçivəsində Mühəndis-İstehkam Mərkəzinin inzibati binası və təchizat anbarı, mina və partlamamış hərbi sursatların aşkarlanması üzrə mövcud texniki vasitələr, xüsusi geyimlər tədbir iştirakçılarına nümayiş etdirilib. Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhəd xətti boyu minalandığı ərazilərdən sərhədçi-istehkamçıların hazıradək tank əleyhinə 340 və piyada əleyhinə 825 mina, çoxsaylı partlamamış sursatlar aşkarlayaraq zərərsizləşdirmələri, xidməti ərazidə bu fəaliyyətin gündəlik olaraq davam etdirilməsi qeyd olunub. Bu Mərkəzin hərbi qulluqçuları tərəfindən sərhədboyu ərazilərdə şəxsi heyətin və hərbi nəqliyyat vasitələrinin hərəkəti üçün yolların salınması istiqamətində görülən işlər xüsusi vurğulanıb.

Yeni istifadəyə verilmiş dördmərtəbəli, 70 çarpayı fonduna malik Hərbi Xəstəxanada hərbi qulluqçulara yüksək ixtisaslı tibbi yardımın göstərilməsi üçün yaradılmış şəraitə baxış keçirilib. Hərbi Xəstəxanada əməliyyat, ultra-səs müayinəsi və exokardioqrafiya, stomatoloji, manipulyasiya otaqları, somatik və infeksion palataları var. Bununla yanaşı, inzibati otaqlar, əczaxana, depo, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları mövcuddur. Bölmələr tibb heyəti ilə tam komplektləşdirilib, zəruri avadanlıq və cihazlarla təchiz olunub. Hərbi tibb müəssisəsi mərkəzi istilik sistemi ilə təmin edilib.

Hərbi xəstəxananın tibbi ambulans avtomobillərinə baxış keçirilib, səhra şəraitində yaralılara ilkin tibbi yardım göstərilməsi və onların təxliyəsi üçün yaradılmış imkanlar nəzərdən keçirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə