Azərbaycan-Pakistan dostluğu əbədidir

Müasir dünyamızda dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmlənməsi, dünya birliyinin inkişafı sahəsində məqsədlərə birgə nail olması əsas məsələlərdən biri olaraq diqqətdədir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla Pakistan arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan, onunla diplomatik əlaqələr yaradan və Azərbaycanda səfirliyini açan ilk müsəlman dövlətlərindən biridir. Bakıda Pakistanın, İslamabada isə Azərbaycanın daimi nümayəndəliyi açılmışdır. Pakistan və Azərbaycan arasındakı əlaqələr siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələri əhatə edir. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq xalqlar arasında ənənəvi dostluq və qarşılıqlı etimadın təzahürüdür.

1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycanda rəsmi səfərdə olub. Səfər çərçivəsində iki ölkə arasında bir sıra sənədlər, o cümlədən, Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol imzalanıb, "Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə" bağlanıb. 9 aprel 1996-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistanda rəsmi səfərdə olub. İki ölkə arasında münasibətlərin inkişafına xüsusi təkan verən bu görüşdə bir sıra sənədlər imzalanıb. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, Pakistan dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləyib. Ermənistanı bir təcavüzkar kimi ittiham edib. BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ müzakirə edilərkən Pakistanın nümayəndəsi Azərbaycana çox ədalətli münasibət göstərib və yardım edib. Vurğulamaq yerinə düşər ki. 1993-cü il aprelin 30-da Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib.

Ulu Öndərin siyasi kursunun uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistanla münasibətlərin inkişaf etdirilməsinə daim diqqətlə yanaşır. Qarşılıqlı əlaqələrin davamı laraq 2004-cü il iyulun 8-də Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəfin Azərbaycana rəsmi səfəri olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan Prezidenti Pərviz Müşərrəfin görüşü zamanı iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivləri müzakirə olunub, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında, beynəlxalq terrorçuluq, turizm, gömrük işi sahəsində hökumətlərarası saziş, həmçinin, Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Birgə Bəyannamə imzalanıb.

Prezident Pərviz Müşərrəf Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini müdafiə etdiyini qəti şəkildə bildirib. Qardaş ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini hər zaman ifadə edib. Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini genosid kimi tanımışdır.

2005-ci il aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistana 2 günlük rəsmi səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan Prezidenti Pərviz Müşərrəfin görüşündə ölkələrarası münasibətlər müzakirə olunub, nəqliyyat, informasiya və kommunikasiya, aviasiya, mədəniyyət, maliyyə və təhsil sahəsində 6 əməkdaşlıq sazişi imzalanıb. Keçirilən görüşlər, imzalanan bu və ya digər sənədlər Azərbaycan ilə Pakistan arasında əməkdaşlığın davamlı olduğunu göstərir. Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bizim üçün Pakistan dünyada ən yaxın müttəfiq ölkələrdəndir və biz tərəfdaşlığımızın daha da gücləndirilməsini istəyirik. Azərbaycan hər zaman Pakistanın mövqeyini dəstəkləyib. Azərbaycanın qardaş ölkə ilə əməkdaşlığında hərbi siyasi amil də hər zaman mühüm rol oynayıb. Bu cəhətdən Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub.

Pakistan həmişə Azərbaycanın yanındadır və Azərbaycana qardaş və dost ölkədir və bu münasibət qarşılıqlıdır. Ermənistanın Azərbaycana qarşı təcavüz və təxribatları, günahsız insanlara qarşı hücumları Pakistan xalqı, dövləti tərəfindən daim pislənilmişdi. Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır. 27 sentyabrda ölkəmizdə Vətən müharibəsi başlayanda Pakistan xalqı Azərbaycana dəstək nümayiş etdirdi və bizim yanımızda olduqlarını nümayiş etdirdilər. Pakistan dövləti Azərbaycanın ədalətli mövqeyini bütün səviyyələrdə, o cümlədən beynəlxalq təşkilatlarda dəstəkləyib, ölkəmizə maddi və mənəvi dəstək olub. Təbii ki, bu münasibət dövlətlərimiz arasında əlaqələrin inkişafından, dostluq və səmimi qardaşlıq münasibətlərindən qaynaqlanır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə