Prezidentimizin başçılığı ilə müəyyən olunmuş hədəflərə çatacağıq ÖZƏL-MÜNASİBƏT

“Qarabağ müharibəsi başa çatsa da, ancaq erməni faşistlərinin vurduğu yaraları sağaltmaq, viran edilmiş şəhər və kəndlərimizi, tarixi-mədəni abidələrimizi, təbiətimizi bərpa etmək üçün illərlə zəhmət çəkməli olacağıq. Çünki dəymiş ziyan çox böyükdür, erməni faşistləri heç nəyə rəhm etməmişlər, torpaqları başdan - başa minalamış, meşələri məhv etmiş, çayları gölləri zəhərləmiş, insanlığa sığmayan vəhşilik törətmişlər.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bütün görüşlərdə, çıxışlarında, mətbuat konfranslarında bu vəhşiliklərin qiymətini verir, ermənilərin alçaq hərəkətlərini açıb göstərir, dünyanı Azərbaycan həqiqətləri ilə yaxından tanış edir.

“Dövlətimizin başçısı yerli və xarici media nümayəndələri ilə keçirdiyi konfransda da erməni faşizminin mahiyyətini, nələrə qadir olduğunu əyani faktlarla jurnalistlərə çatdırmış, erməni millətçi ideologiyasının nəinki bizim üçün, region və dünya ölkələri üçün təhlükəli olduğunu bir daha bəyan etmişdir. Prezidentimiz erməni faşizminin əl-qol açmasına imkan verməyəcəyik, mesajını verməklə bərabər, həm də təcavüzkarların törətdikləri əməllərin acı nəticələrinin tezliklə aradan qaldıracağını, Qarabağın cənnətə çevriləcəyini bildirmişdir. O, artıq ərazilərin bərpa edilməsi üçün çox mühüm tədbirlərin həyata keçirildiyini nəzərə çatdırmış və qətiyyətlə bildirmişdir: “Planlaşdırdığımız məsələləri həll edəcəyik. Çünki yaxın tarix də göstərib ki, nəyi hədəfləmişiksə, ona da çatmışıq”.

Bu, bir həqiqətdir. Cənab Prezidentimizin sözü ilə əməli birdir. O, Prezident seçildiyi ilk gündən verdiyi sözün əməldə həyata keçirilməsinə nail olmuşdur. “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam”, “Qarabağ Azərbaycandır!”, “Biz torpaqlarımızı mütləq azğın düşməndən xilas edəcəyik”, fikirləri bu günümüzdə daha xarakterikdir və hər bir insanın dilində qürurla səslənir.

Əlbəttə, xalqımız başda Cənab İlham Əliyev olmaqla müəyyən olunmuş hədəflərə çatacaq və Azərbaycan dünyanın ən tanınan-seçilən, inkişaf edən ölkələrdən birinə çevriləcəkdir. Buna heç şübhə ola bilməz”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...