Prezidentimiz Azərbaycanın qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi

“Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək”, “Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq”, “Azərbaycan münaqişəni istənilən yolla həll edəcək”, “Tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev son 17 il prezidentliyi fəaliyyəti müddətində dəfələrlə deyib. Sonda “Qarabağ Azərbaycandır və nida” söyləyən Prezidentimizin Ali Baş Komandanlığı altında və “dəmir yumruq” siyasəti ilə 44 gün davam edən İkinci Qarabağ Müharibəsi Qələbə zəfəri ilə başa çatdı. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, dünyada kifayət qədər güclü erməni lobbisi olmasına, bir çox aparıcı dövlətlərin Ermənistanı dəstəkləməsinə baxmayaraq Azərbaycan dövləti öz vədini yerinə yetirdi. Azərbaycan Prezidenti ölkənin ərazi bütövlüyünün bərpa olunacağı və bunun istənilən yolla təmin ediləcəyinə dair vədinin 44 günlük Vətən müharibəsində yerinə yetirilməsi bir daha bu sözləri təsdiqlədi.

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Qarabağın heç bir statusunun olmadığını, “Dağlıq Qarabağ” ifadəsinin istifadəsinin yanlış olduğunu bildirdi: “Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Faktiki olaraq bu gün ümumiyyətlə, “Dağlıq Qarabağ" ifadəsini də işlətməməliyik. Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir. Onun bir hissəsində erməni xalqı yaşayır, biz buna etiraz etmirik. Başqa ərazilərimizdə də erməni əhalisi yaşayır və heç bir problem yaşanmır”.

Göründüyü kimi, dünya mediasını heyran qoyan Liderimiz 4 saatdan çox davam edən mətbuat konfransında 35-dən çox media nümayəndəsinin 50-yə yaxın sualına 4 dildə ətraflı cavab verməklə dünya mediasının heyrətinə səbəb oldu. Bu bizim Prezidentimizin bütün sahələrdə uğurları olduğu kimi, informasiya sahəsində də növbəti Qələbəsidir. 4 saat davam edər bu tarixi mətbuat konfransında dövlət başçımız hər suala cavablarında Azərbaycan həqiqətləri ilə yanaşı, dünya ictimaiyyətinə olduqca mühüm mesajlar da çatdırdı. Azərbaycanın birmənalı mövqeyi yenidən ortaya qoyuldu, dövlətimizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətlər göstərildi. Ən əsası isə, mətbuat konfransında dünyanın çoxsaylı nüfuzlu media qurumlarının təmsil olunması, Prezidentə ünvanlanan suallar 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana artan maraqdan xəbər verirdi. Bu da onunla əlaqədardır ki, artıq regionda yeni reallıq yaranıb. Bu reallığı Azərbaycan yaradıb. Və bu gün dünyanın aparıcı media qurumları regionda baş verən hadisələrin şərhini məhz Azərbaycan Prezidentindən almağa çalışır. Çünki Vətən müharibəsi dövründə informasiya siyasətinə birbaşa rəhbərlik edən Prezident İlham Əliyev dünyanın 30-dan çox nüfuzlu media qurumuna müsahibələr verdi. Beləliklə, döyüş meydanı ilə yanaşı, informasiya cəbhəsində də düşmənin bütün təxribatlarının qarşısı alındı, onun yalanları ifşa olundu. Məhz Prezident İlham Əliyevin qətiyyətli, əsaslı arqumentlərə söykənən çıxışları sayəsində bütün dünya Azərbaycan xalqının ədalət uğurunda mübarizə apardığının şahidi oldu. Bu gün müharibənin bitməsindən dörd aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ də ağır məğlubiyyətin acısını yaşayan Ermənistanda bəzi siyasətçilər hakimiyyətə gəlmək üçün müəyyən revanşist fikirlər səsləndirir, xaricdəki havadarlarının köməyi ilə hakimiyyəti ələ keçirib, ordunu gücləndirib yenidən müharibəyə başlamaq barədə düşünürlər. Mətbuat konfransında bu məsələyə də toxunan dövlətimizin başçısı bu cür düşünənlərə açıq şəkildə xəbərdarlıq etdi: “Ermənistan siyasi dairələri anlamalıdırlar, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır. Biz hər hansı bir təhlükə görsək, bunu özümüzə ciddi təhlükə hesab etsək, buna dərhal cavab verəcəyik. Ona görə də mən xəbərdarlıq edirəm ki, burada hər hansı bir revanşizm və qisas cəhdləri olmamalıdır”.

Bir sözlə, dövlətimizin başçısının bu xəbərdarlığı erməni siyasətçilərini düşündürməlidir və Ermənistan davamlı inkişaf, dayanıqlı sülh istəyirsə, Azərbaycan Prezidentinin təşəbbüslərinə uyğun olaraq, iddialarından əl çəkməli və yeni reallıqlardan, əməkdaşlıq imkanlarından faydalanmalıdır. Dövlət başçımızın dediyi kimi: “Biz hələ bundan sonra da güclənəcəyik, hərbi və iqtisadi potensialımız artacaq, beləliklə Azərbaycanla revanşist mövqedən çıxış edən tərəflər bilməlidirlər ki, ölkəmizin “dəmir yumruğ”u hər zaman hazır vəziyyətdədir, onların başını bundan sonra da əzəcək. Sadəcə, izləyib nəticə çıxarmaq lazımdır”.

Həmid Pənahov,

YAP Qazax rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...