ABŞ bu gündən Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək “Reuters” yazır

ABŞ bu gündən Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək “Reuters” yazır

ABŞ müxalifət lideri Aleksey Navalnının zəhərlənməsinə görə Rusiyaya qarşı 2 martdan sanksiya tətbiq etmək niyyətindədir. SİA xəbər verir ki, bu barədə “Reuters”-ə iki mənbə məlumat verib.

Agentliyə görə, Vaşinqton 2014-cü il tarixli 13661 saylı fərman (Krımın ilhaqından sonra tətbiq olunub), 2005-ci il tarixli 13382 saylı fərman (kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə) və 1991 qanunu (kimyəvi və bioloji silahlara nəzarət etmək üçün) olmaqla iki fərman və bir qanuna əsasən sanksiya tətbiq edəcək.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Vaşinqtonun Rusiyada insan haqlarına riayət olunması məsələsində və xüsusən də Aleksey Navalnı ilə bağlı məsələdə Brüssel və digər müttəfiqləri ilə sıx əməkdaşlıq etdiyini bildirmişdi. Onun sözlərinə görə, ABŞ bu problemlərə "təcili prioritet" statusu verir.

Göründüyü kimi, ABŞ Rusiyaya qarşı sanksiya tətbiqində israrlıdır. Ümumiyyətlə, Qərbin Rusiyaya qarşı mövqeyi göz qabağındadır. Xüsusilə, ABŞ sanki Rusiyaya qarşı tamamilə qəti mövqe sərgiləməyə fokuslanıb. Bütün bunlar isə, əlbəttə ki, ABŞ-Rusiya münasibətlərində, yumşaq desək, soyuqluqdan xəbər verir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə