Etirazçı aktivistlər saxlanıldı Gürcüstanda

Etirazçı aktivistlər saxlanıldı Gürcüstanda

Gürcüstanda müxalifət partiyalarının bir neçə fəalı ölkə parlamentinin binası yaxınlığında keçirilən piket zamanı saxlanılıb. SİA xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.

"Parlament yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşları daha bir neçə nəfəri saxlayıb. Etirazçılar və asayiş keşikçiləri arasında vaxtaşırı toqquşmalar baş verib. Etirazçılar patrul polisi tərəfindən icazə verilməyən yolu bağlamağa çalışırlar", deyə məlumatda qeyd olunur.

Qeyd olunur ki, müxalifətçilər və tərəfdarları parlament binasının qarşısına toplaşıblar. Piket səhər saatlarında başlayıb, etirazçılar qışqırıq və şiddətli reaksiyalarla millət vəkillərinin maşınlarını qarşılayıblar. Hüquq mühafizəçiləri millət vəkillərinin maşınlarının keçməsinə şərait üçün xüsusi bir dəhliz yaradıblar. Müxalifət bunu dinc aksiya adlandırır, parlamentə girişlərin bağlanmayacağı deyilir.

Xatırladaq ki, müxalifətdə olan “Vahid Milli Hərəkat Partiyası”nın sədri Nika Meliyanın sərbəst buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi tələbi ilə müxalifət etirazları Tbilisidə mütəmadi olaraq keçirilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə