Erməniləri düşündürən sual: böhrandan çıxış, yoxsa qaranlıq keçmişə qayıdış? ANALİTİK

Armenianreport: “Ermənistan qardaş qırğınının və vətəndaş müharibəsinin astanasında dayanıb”

Ermənistanın vətəndaş qarşıdurması, hətta müharibəsi astanasında dayanması faktı artıq reallığa çevrilən mənzərəni açıq şəkildə ortaya qoymaqdadır. O cümlədən, bu gün məğlub ölkənin siyasi çevrələri arasında cərəyan edən hadisələr, xüsusilə iqtidar və müxallifət daxilindəki fikir ayrılıqları daxili savaşın miqyasını daha da artırmaq üzrədir. SİA xəbər verir ki, belə bir nəticəyə elə erməni KİV-lərində gedən yazı və informasiyalardan da nəticə çıxarmaq mümkündür. Misal üçün, Armenianreport-un analitik bölməsində baş verən proseslərlə bağlı şərh-yazıda bildirilir.

Müəllif Tevos Arşakyan: “Bəli, mübahisə etmirəm, Nikol Paşinyan heç də ideal siyasətçi deyil...”

SİTAT: “Böyük təəssüflə bir-birinə güzəştə getmək fikrində olmayan qarşı tərəflər ölkəni sürətlə arxasında vətəndaş müharibəsi görünən uçuruma doğru itələyirlər. Bəli-bəli, bu gün tam aşkar şəkildə təsdiq etmək olar ki, Ermənistan yeni tarixində qardaş qırğınına səbəb olacaq vətəndaş müharibəsinin astanasında dayanıb. Elə bir müharibənin ki, köhnə və yeni Ermənistanın tərəfdarları toqquşacaqlar”.

Müəllif Tevos Arşakyan yazır ki, Nikol Paşinyanın istefasını tələb edənlərə şəxsən onda sual yaranır. “Yox, elə sanmayın ki, biz Paşinyandan və onunla birlikdə addımlayanlardan yanayıq. Yox, biz sadəcə anlamaq istəyirik ki, müxalifətin mitinqinə kimlər qoşulmaq istəyir: nəyə və kimə görə mübarizə aparırsınız?

Bəli, mübahisə etmirəm, Nikol Paşinyan heç də ideal siyasətçi deyil. O, ermənilərin Li Kuan Yunu ola bilmədi və Ermənistanı güclü iqtisadiyyatı və sistemli demokratik dəyərlərə söykənməli olan çiçəklənən dövlətə çevirmədi. Ancaq o son 20 ildə xalqda olmayan azadlığı verdi. Düşüncə, azad söz, şəxsi azadlıq və toplaşma azadlığını. Bunu müxalifətin keçirdiyi mitinqlərindən də görmək olar”, deyə erməni müəllif yazıb.

Jurnalist: “Məgər Robiki və Serji dəstəkləyərək müxalifət tərəfindən çıxış edənlər Nikol Paşinyan dövründən fərqli olaraq belə bir şeyləri təsəvvürlərinə gətirə bilərdilər?”

Təbii ki, Armenianrepor-un analitik yazarı burada Paşinyan iqtidarı ilə keçmiş siyasi hakimiyyətləri – Koçaryan və Sarqsyan cütlüklərini müqayisə edir və bəlkə də onlarla müqayisədə Paşinyan az-çox müsbət yöndə qiymətləndirilə bilər...

Məsələn, o yazır ki, son 20 ildə ilk dəfə hakimiyyət sistemli korrupsiya ilə, məmur özbaşınalıqları ilə mübarizə aparmağa başladı. Həmçinin, sadə erməni vətəndaşı sosial şəbəkə üzərindən şəxsən imkan tapdı ki, birbaşa dövlət başçısı ilə rabitədə olsun, öz tələb və təkliflərini irəli sürsün.

“Məgər bu azmıdır? Məgər Robiki və Serji dəstəkləyərək müxalifət tərəfindən çıxış edənlər Nikol Paşinyan dövründən fərqli olaraq belə bir şeyləri təsəvvürlərinə gətirə bilərdilər?”, deyə sual edilir.

Lakin bununla yanaşı, ikinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas günah və suçlarının Nikol Paşinyanın üzərində olduğunu yazan Tevos Arşakyan əlavə edib ki, bu mübahisəsiz belədir, amma...

Daha bir sual: “Bu ordu generaliteti qisa və texnika təchizatlarını talan edirdi, hərbi təlimlərlə məşğul olmurdu, indi də birdən-birə süddən çıxmış ağ qaşığa döndülər?”

SİTAT: “Ancaq qiyamçı generalitet, Onik Qasparyan (Baş qərargahın rəhbəri) da hərbi əməliyyatlara rəhbərlik etmirdimi? Məgər Paşinyan kimi onlar da məğlubiyyətə görə məsuliyyət daşımırlarmı? Bu ordu generaliteti qisa və texnika təchizatlarını talan edirdi, hərbi təlimlərlə məşğul olmurdu, indi də birdən-birə süddən çıxmış ağ qaşığa döndülər? Axı nəyə görə ölkəmizdə bir çoxları birdən-birə Onik Qasparyana qarşı sevgilərini izhar etməyə başladılar?”.

Müəllif digər bir amilə də toxunur və sual edir ki, Vazgen Manukyan və Onik Qasparyan və onların simasındakı müxalifət bizə nə təklif edə bilərlər? Onun sözlərinə görə, bu adamların ölkəni böhrandan çıxarmaları üçün dəqiq mövqeləri yoxdur. Jurnalist həmçinin yazır ki, onların Ermənistanın gələcəyinə və dünyadakı yerinə yönəlik dəqiq təsəvvürləri mövcud deyil. Onlar sadəcə hakimiyyət hərisliyi ilə alışıb-yanırlar. Lakin hakimiyyətə yiyələnmək asan olsa da, onu saxlamaq hər kəsə müyəssər olmur.

Robert Koçaryan haqqında: “Putinin dostu, Ermənistanı Rusiyanın marionetinə çevirən adam, yüz minlərlə erməni miqrant və ölkənin iki milyon yarımdan çox ümidsiz qulları”

SİTAT: “Əgər iqtidarı qazansalar onlar hakimiyyətlərini qoruyub-saxlaya biləcəklərmi? İnanmıram. Açıq-aydın bəllidir ki, Robert Koçaryan hakimiyyəti onların əllərindən alacaq. Həmin Koçaryan ki, bir sıra KİV-lər və teleqram-kanallar onun barəsində ağızdolusu yazırlar. Putinin dostu. Ermənistanı Rusiyanın marionetinə çevirən adam, yüz minlərlə erməni miqrant və ölkənin iki milyon yarımdan çox ümidsiz qulları. O anlayır ki, ədalətli seçkilər vasitəsi ilə ölkə rəhbərliyini əldə edə bilməyəcək, ona görə də hadisələrdə ilişib-qalmış xalq üzərində manipulyasiya edir”.

Tevos Arşakyan müraciət edərək yazısında bildirir ki, onlar heç də Paşinyanın tərəfdarları deyillər, onlar Koçaryan rejiminin bərpasına qarşıdırlar. “Sizlərdən hər biriniz bu gün ürəyiniz və vicdanınız necə hökm edirsə, elə də davranmalısınız”, yazan müəllif bildirir ki, xüsusilə müxalifət tərəfdarları mitinqlərə gedərkən bir dəfə geriyə dönərək öz övladlarına baxsınlar və onların gələcəklərini kimlərə (Koçaryana işarə edərək-R.R.) təhvil verəcəklərini düşünsünlər.

“Sizlər az da olsa sabitlik, demokratiya istəyirsiniz, yoxsa xaos və qaranlıq keçmişə doğru yuvarlanmaq?” deyə sual edilir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə