"Prezidentimiz Ermənistana yeni reallıqlarla barışmaq mesajını ünvanladı" Əliabbas Salahzadə

"Azərbaycanın siyasi qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr Bəyanatının bütün müddəaları icra edilməkdədir". SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə deyib.

Onun sözlərinə görə, işğalçı Ermənistan və digər başqa dövlətlər tarixi qələbəmizin yaratdığı yeni reallıqlarla barışmaq məcburiyyətindədirlər: "Möhtərəm Prezidentimizin qətiyyəti, siyasi iradəsi sayəsində bu gün diktə edən tərəf Azərbaycandır. Dünyanın çoxsaylı media nümayəndələrinin İkinci Qarabağ müharibəsi ilə bağlı həqiqətləri olduğu kimi qəbul etmələri, regionun aparıcı qüvvəsi kimi Azərbaycanın yeni əməkdaşlıq formatlarının coğrafiyasının genişləndirilməsində mövqeyinin öyrənilməsinə göstərdikləri maraq ölkəmizə artan beynəlxalq diqqətin bariz nümunəsidir. Reallıqlarımız artıq kənardan deyil, Azərbaycana səfərlər edilməklə izlənilir. Çoxsaylı xarici jurnalistlər işğaldan azad edilmiş ərazilərimizdə olaraq ermənilərin törətdikləri vəhşilikləri gözləri ilə görür, düzgün dəyərləndirmə aparırlar. Mətbuat konfransı hazırda xarici ölkələrin kütləvi informasiya vasitələri tərəfindən də geniş işıqlandırılır. Xarici KİV-lər dörd saatdan çox davam edən mətbuat konfransında dövlətimizin başçısının jurnalistlərin suallarını ətraflı şəkildə cavablandırdığını, vacib məsələlərə diqqət yönəldildiyini, Ermənistana bir sıra mesajlar verildiyini ətraflı şəkildə şərh edirlər. Bu, Azərbaycanın informasiya çəbhəsində növbəti uğurudur".

“Möhtərəm Prezidentimiz İlham Əliyev bölgədə uzunmüddətli sülhün təmin edilməsinin istiqamətlərini də açıqlayıb” söyləyən millət vəkili vurğulayıb ki, ümumilikdə regionun gələcək inkişafı üçün bütün imkanlar mövcuddur: “Müharibə artıq başa çatıb, kitabın bu səhifəsini bağlayıb gələcəyə baxmalıyıq. Qonşu dövlətlər də Azərbaycanla fikirlərini bölüşürlər. Postmüharibə dövrü əməkdaşlıq, kommunikasiyaların açılması, nəqliyyat dəhlizlərinin yaradılması üçün nadir imkanlar yaradır. Ölkə Prezidenti bu inamı ifadə edir ki, əgər müsbət meyillər üstünlük təşkil edərsə, icra edilən hər bir layihə özündən sonra digər layihəni şərtləndirəcək. Azərbaycanın enerji sektorunda qazandığı uğurlara, bir layihənin uğurlu sonluqla başa çatmasının digər layihə üçün stimul olduğuna diqqət yetirmək kifayətdir. Hazirda Azərbaycan enerji sekorunda əməkdaşlığın coğrafiyasını genişləndirərək regional çərçivədən beynəlxalq müstəviyə doğru inkişaf etdirib. Azərbaycan eyni mənzərəni yeni reallıqlar fonunda yaradılan əməkdaşlıq formatlarının coğrafiyasının genişləndirilməsində də görmək istəyir. Azərbaycan Türkiyə, Rusiya və İran arasıında aparılan fikir mübadiləsi eyni mövqedə olduğumuzu təsdiqləyir. Dövlətimizin başçısı xarici media orqanları vasitəsilə bir daha Ermənistana bu mesajı çatdırdı ki, Ermənistanda da əgər bu məsələ ilə bağlı eyni yanaşma olarsa, gedən proseslərin tərkib hissəsi ola bilər. Yox, olmasa, biz planlaşdırdığımız məsələləri həll edəcəyik. Heç kim bizi dayandıra bilməz. Çünki yaxın tarix də göstərib, nəyi hədəfləmişiksə, ona da çatmışıq. Sadəcə olaraq, Ermənistan növbəti dəfə bu tarixi şansı itirə bilər, necə ki, 90-cı illərdə itirib".

Ə.Salahzadə qeyd edib ki, mətbuat konfransında diqqəti çəkən məqamlardan biri də regiondakı sülhməramlılarla bağlı oldu: “Möhtərəm Prezidentimiz sülhməramlıların fəaliyyəti, onların mandatı, görəcəkləri iş və gələcəkləri ilə bağlı məqamları konkret fikirlərlə ifadə etdi. Həmçinin Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyəti fonunda istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də Zəfərimizdən sonrakı dövrdə qardaş Türkiyənin Azərbaycanın yanında olduğunu və bu birlikdən böyük güc aldığımızı diqqətə çatdırdı".

“Ümumilikdə 4 saatdan çox davam edən mətbuat konfransında dünyanın 35-dən çox media orqanının 50-yə yaxın sualına dövlətimizin başçısının cavabları həqiqətlərimizlə yanaşı, postmüharibə dövrü ilə bağlı reallıqlardan irəli gələn bir çox məsələləri özündə ehtiva edir. Hər bir sualda ölkəmizin haqlı mövqeyinin dəstəkləndiyi öz aydın ifadəsini tapıb. Vacib məqamlarla zəngin olan mətbuat konfransı Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımdan çox əhəmiyyətlidir. Ölkə Prezidenti İlham Əliyev dünyanın diqqətini növbəti dəfə Azərbaycana yönəltdi. Mətbuat konfransında beynəlxalq mediaya da bu mesaj ünvanlandı ki, hər zaman həqiqətləri söyləyin, siyasi sifarişlərdən uzaq olun”, - deyə Ə.Salahzadə bildirib. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə