“Fəxr edirik ki, Azərbaycanın İlham Əliyev kimi Lideri var” RƏY-ÖZƏL

“44 günlük Vətən müharibəsində cənab Prezidentin dünyanın aparıcı KİV-nə verdiyi müsahibələri döyüş meydanında qazanılan qələbəmiz qədər çox əhəmiyyətə malik oldu. Prezident Azərbaycanın haqlı mövqeyini bütün dünyaya bəyan edərək erməni faşizminin mahiyyətini yüksək diplomatik peşəkarlıqla beynəlxalq aləmə çatdırdı. Qərəzli mövqeləri və anti Azərbaycan düşüncələri layiqli siyasi lider kimi məhv etdi”. Bunu “Səs” qəzetinə açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, 26 fevral tarixində də Cənab Prezident yerli və nüfuzlu xarici media orqanları qarşısında keçirdiyi mətbuat konfransında da eyni peşəkarlıqla bütün suallara əsl siyasi lider kimi cavab verərək Azərbaycanın ədalətli maraqlarını bir daha beynəlxalq aləm qarşısında bəyan etdi. Bütün sahələr üzrə verilən sualları cənab Prezident ətraflı, səmimi, təmkinlə və yorulmadan cavablandırdı. Təsadüfi deyil ki, 4 saata yaxın davam edən mətbuat konfransından sonra xarici mətbuat nümayəndələri prezidentin bu qədər müddət ərzində yorulmadan bütün suallara ətraflı cavablandırılmasını heyrətlə müzakirə edirdilər: “Cənab Prezident xüsusilə Ermənistanın faşist ideologiyasına xidmət edən siyasi hakimiyyətinin əsl üzünü çox məharətlə izah etdi. Xocalı faciəsinin baş vermə səbəbləri və erməni cəlladlarının cinayətlərini bir daha dünyaya elan etdi. Zəfər qələbəmizdən sonra bu gün Azərbaycanın tutduğu siyasi mövqeyi bildirdi. Mövqeyimizin sülh və əmin-amanlığın qorunmasından ibarət olduğunu bildirən Prezident bunun üçün erməni siyasi dairələrinin bundan sonra tutacağı rolun da vacibliyini nəzərə çatdırdı. Bu gün Ermənistanda baş verən tragikomik siyasi böhrana da toxunan prezident ümid etdiyini bildirdi ki, tezliklə erməni xalqı demokratik dəyərlərə hörmət edən işğalçılıq siyasətindən uzaq olan hakimiyyət formalaşdıracaq. Rusiya sülhməramlı qüvvələrinin rolundan da söhbət açan Prezident bütün məqamlara aydınlıq gətirdi. Bir daha bəyan etdi ki, Qarabağın statusundan söhbət gedə bilməz və Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub. Qarabağda yaşayan erməni əhalisi Azərbaycan vətəndaşlarıdır və onların təhlükəsizliyinə tam zəmanət verilir. Xüsusilə mən cənab Prezidentin İran jurnalistinin təxribat xarakterli sualına yüksək səviyyədə cavabını alqışlayıram. Qarabağın dirçəlişindən, məcburi köçkünlərin tezliklə öz yurdlarına dönəcəyindən də cənab Prezident əminliklə danışdı. Bu mətbuat konfransı Azərbaycanın maraqlarının dünyada tanıdılması istiqamətində çox mühüm bir addım oldu. Cənab Prezident xalqının layiqli lideri olaraq Azərbaycanın haqlı mövqeyini bir daha yüksək siyasi peşəkarlıqla dünyaya çatdırdı. Biz xalq olaraq fəxr edirik ki, Azərbaycanın İlham Əliyev kimi Lideri var”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə