Prezidentin keçirdiyi tarixi mətbuat konfransından Ermənistana növbəti xəbərdarlıq - ŞƏRH

Prezident İlham Əliyev: “...Əks təqdirdə Ermənistan daha da ağır duruma düşəcək”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən fevralın 26-da yerli və xarici media nümayəndələri üçün 4 saatdan çox davam edən konfransda dünyanın 35-dən çox media orqanının 50-yə qədər suallarına dövlət başçımızın tam əsaslandırılmış hər bir cavabı bir tezis olaraq bütün dünyaya göstərdi ki, Azərbaycanın Ermənistan üzərində qələbəsi ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir. “Bu gün Ermənistan elə bir ağır durumdadır ki, orada gedən proseslər ölkənin dövlətçilik əsaslarını böyük dərəcədə sarsıdır. Bunun günahkarları Ermənistanın əvvəlki və indiki rəhbərləridir». Bu fikirləri Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında son günlər Ermənistanda baş verən hadisələrə münasibət bildirərkən səsləndirib.

Dövlətimizin başçısı deyib: "İyirmi il ərzində Koçaryan-Sarkisyan xuntası Ermənistanı faktiki olaraq uçuruma aparırdı və böhranlı vəziyyətə gətirib çıxardı. Ölkə demək olar ki, bütövlükdə müstəqillik əlamətlərini itirmişdi, daha çox müstəmləkəyə bənzəyirdi. Bunun əsas səbəbi işğalçılıq siyasətidir. Çünki onlar torpaqlarımızı nə qədər çox işğal altında saxlamaq istəyirdilərsə, o qədər də asılı vəziyyətə düşürdülər. Biz Ermənistanı ardıcıl olaraq bütün beynəlxalq, regional layihələrdən təcrid etmişdik. Ermənistanı iqtisadi cəhətdən sarsıtmaq, çökdürmək, təcrid etmək bizim siyasətimiz idi. Mən bunu heç vaxt gizlətmirdim və açıq şəkildə dəfələrlə deyirdim ki, biz bu siyasəti o vaxta qədər aparacağıq ki, Ermənistan öz silahlı qüvvələrini bizim torpaqlarımızdan çıxarsın. Ondan sonra bölgədə iş birliyi də, əməkdaşlıq da olar bilər və bizim siyasətimizdə dəyişiklik ola bilər. Əfsuslar olsun ki, nə əvvəlki xunta rejimi, nə də 2018-ci ildə hakimiyyətə gəlmiş hökumət bizim bu çağırışlara qulaq asmadı. Əgər vaxtında qulaq assaydılar, bu gün belə rəzil duruma düşməzdilər”.

“Bu reallıqla Ermənistan və eyni zamanda, bütün başqa ölkələr barışmalıdırlar, hesablaşmalıdırlar”

Prezident İlham Əliyev, həmçinin qeyd edib ki, Ermənistanda indi tam böhran vəziyyəti hökm sürür: “Mən onların daxili vəziyyəti ilə bağlı hər hansı bir şərh vermək istəməzdim. Prinsip etibari ilə biz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmırıq, xüsusilə indiki bir həssas məqamda. Ancaq müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq. Noyabrın 10-da imzalanmış Bəyanat icra edilir və tam icra edilməlidir. O bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilibdir. Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış Bəyanat icra ediləcəkdir. Əks təqdirdə Ermənistan daha da ağır duruma düşəcək. Yəni, Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalıdırlar, hesablaşmalıdırlar”.

Azərbaycanın yeni reallıqlar yaratdığını bildirən Prezident İlham Əliyev vurğulayıb ki, bu reallıqla Ermənistan və eyni zamanda, bütün başqa ölkələr barışmalıdırlar, hesablaşmalıdırlar: “Ermənistanın qarşısında indi bir neçə seçim var və onların arasında Ermənistan üçün ən məqbul seçim 10 noyabr Bəyanatının müddəalarını icra etməkdir. Əks təqdirdə onlar üçün daha da böyük problemlər yarana bilər”.

Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Ermənistandakı böhranın atəşkəsə və regional əməkdaşlığa təsirindən danışarkən bildirib ki, bu bizim planlarımıza təsir edə bilməz: “Ermənistandakı böhran və onun sülhə təsiri, yenə də bu böhranın hansı istiqamətdə cərəyan edəcəyindən asılı olacaqdır. Bu böhranın tezliklə bir sonu olmalıdır. Dediyim kimi, bu tragikomediyaya son qoyulmalıdır»,-deyən Prezident İlham Əliyev bildirib ki, atəşkəs və üçtərəfli bəyanatın icrası ilə bağlı diqqətinizi Prezident Putinin cavabına yönəltmək istərdim: «Ona sual verildi ki, Ermənistan bu bəyanatın icrasından boyun qaçırmaq istəsə nə olacaq? O da dedi ki, bu, Ermənistan üçün sui-qəsd olacaqdır. Mən də bu məsələdə Prezident Putinlə tamamilə razıyam”.

“Status haradadır, onu hər kəs bilir”

Prezidenti İlham Əliyev yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında statusla bağlı verilən suala cavab olaraq deyib: ”Öz çıxışlarımda statusun ünvanını göstərmişəm. Bir daha ora qayıtmaq istəmirəm. Status haradadır, onu hər kəs bilir".

Prezident status məsələsinin ümumiyyətlə gündəlikdən çıxarılmamasını dedi: «Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Çünki Ermənistan və erməni xalqına yanlış vədlər vermək lazım deyil. Onları bax bu günə salan səbəblərdən biri də məhz bu idi: xülya, iddia, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynayıblar. Ona görə də status məsələsi ümumiyyətlə gündəlikdən çıxarılmalıdır”.

Prezident İlham Əliyev Ermənistan tərəfinin minalanmış sahələrin xəritələrini verməməklə cinayət əməllərini nümayiş etdirdiyini söyləyib: "Biz işğaldan azad olunmuş ərazilərin təhlükəsizliyini bu gün kifayət qədər təmin edirik, müntəzəm reydlər keçiririk, pilotsuz uçuş aparatları vasitəsilə və vizual şəkildə monitorinq aparırıq. Buna görə vəziyyət tam nəzarət altındadır. Bundan əlavə, əlbəttə, ərazilərin minalanması əsas çətinlikdir. Ona görə ki, erməni tərəfi minalanmış sahələrin xəritələrini bizə təqdim etməyib. Yeri gəlmişkən, bu da cinayət hesab edilə bilər. Ona görə ki, hərbi əməliyyatlar başa çatandan sonra bizdə həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında bir neçə hadisə olub, bu insanlar yalnız ona görə həlak olub ki, minalanmış sahələrin xəritələri bizə təqdim edilməyib”.

Dövlət başçısı bildirib ki, mövcud olan resurslarla ərazilərin minalardan tezliklə təmizlənməsi mümkün deyil: "Yəni, əlbəttə, burada erməni tərəfin qeyri-səmimi davranmasını bir daha yəqin edirik. Onlar sözdə bir cür danışır, əməldə isə başqa cür hərəkət edirlər. Biz onların hərbi əsirlərini, həlak olanların cəsədlərini verdik. Müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə erməni tərəfin nümayəndələri, sülhməramlı missiya və bizim nümayəndələr birlikdə mindən çox həlak olmuş erməni hərbi qulluqçusunun cəsədlərini tapdılar və erməni tərəfə verdilər”.

Prezident qeyd edib ki, biz özümüzü əxlaq normalarına və ümumbəşəri davranış normalarına müvafiq şəkildə aparırıq: “Lakin minalanmış sahələrin xəritələrini bizə verməmək dinc vətəndaşları və hərbi qulluqçuları bilərəkdən ölümə və şikəstliyə məhkum etmək deməkdir. Hansı əməkdaşlıqdan söhbət gedə bilər? Belə olan təqdirdə birtərəfli əməkdaşlıq ola bilməz”.

“Hər hansı revanşizm cəhdləri Azərbaycan tərəfindən cəzalandırılacaq”

Prezident İlham Əliyev erməni əhalisinə qarşı heç bir zərərli addımlar atılmadığın deyərək bildirdi ki, hər hansı revanşizm cəhdləri olarsa mütləq Azərbaycan tərəfindən cəzalandırılacaq: “Hər hansı revanşizm cəhdləri Azərbaycan tərəfindən cəzalandırılacaq. Ona görə də xəbərdarlıq edirəm ki, revanşizm və qisas cəhdləri olmamalıdır”.

Dövlət başçısı qeyd edib ki, 10 noyabr bəyanatı tamamilə icra olunmalıdır: “Hazırda Şərqi Zəngəzur istiqamətində Azərbaycanın Ordusu yoxdur. Orada Dövlət Sərhəd Xidməti var. Erməni mülki əhalisi ilə sərhədçilər arasında gərginlik yoxdur. Dinc həyat hökm sürür. Bəzi kəndlər bizim ərazimizə düşür. Orada Ermənistan silahlı qüvvələri yoxdur. Biz öz sərhədimizdə dayanmışıq, erməni əhalisinə qarşı heç bir zərərli addımlar atmırıq. Erməni şəhərlərini birləşdirən 20 km yol Azərbaycan ərazisindən keçir. Orada böyük plakat da asmışıq. Yazılıb ki, “Azərbaycana xoş gəlmisiniz”. Bu, Ermənistanda qıcıq doğurur. Bunu tam anlaya bilmirəm. Ona görə də dayanıqlı sülh üçün bundan daha artıq nailiyyətə əl atmalı deyilik”.

“Bizdə olan hərbi əsirlərin hamısını qaytarmışıq”

“Müharibədən 20 gün sonra hərbi əsir ola bilməz. Bizdə olan bütün əsirləri qaytarmışıq”,-deyən dövlət başçısı bildirib ki, vəziyyət tamamilə nəzarətimiz altındadır: “Özü də biz əsirləri onların bizə qaytardığından qabaq vermişik. Bu adamlar isə bu kateqoriyaya daxil deyillər, onlar diversant və terrorçudurlar. Beləliklə, Ermənistan və digər ölkələr tərəfindən edilən istənilən spekulyasiyalar yersizdir".

Dövlət başçısı digər diversiya qruplarının bölgəyə sızmayacağının təminatı olmadığını bildirib: “Ancaq biz işğaldan azad edilmiş ərazilərin təhlükəsizliyini yetərincə təmin edirik, müntəzəm reydlər, PUA-lar vasitəsilə, həmçinin vizual monitorinq keçiririk. Yəni vəziyyət tamamilə nəzarətimiz altındadır”.

“Baxın, bu əxlaqsızlığın dərəcəsi varmı ya yox?!”

“Ermənilər yaşlı qadını qəbul edib yaşlı kişini xəstə olduğu üçün qəbul etmədilər. Dedilər ki, bu artıq xəstədir və bizim ona baxmağa imkanımız yoxdur. Hətta dedilər ki, onun heç bir qohumu yoxdur. Əgər biz onu qəbul etsək ona kim baxacaq?! Baxın, bu əxlaqsızlığın dərəcəsi varmı ya yox?!”,-deyən Prezident İlham Əliyev onların nə qədər əxlaqsız olduğunun göstərdiyini söyləyib: “Nə qədər səy göstərsək də, Beynəlxalq Qırmızı Xaç Komitəsi də bunun şahididir. Onların iştirakı ilə bunu edirdik. Onlar yaşlı kişidən imtina etdilər və bizdə qaldı. Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməyi ilə onu xəstəxanaya yerləşdirdik və bütün səylərə baxmayaraq bir müddətdən sonra o kişi rəhmətə getdi. Biz bunu da edirdik, amma onların cavabı nə oldu”.

“O vaxtkı Azərbaycan indiki Ermənistanı xatırladır”

Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında qeyd edib ki, Xocalı soyqırımı törədiləndə dünya susmuşdu: "Bunun səbəbi o idi ki, o vaxt məlumat qıtlığı var idi. Ermənistan öz propaqandasını işə salmışdı, Azərbaycan tərəfi isə tamamilə aciz durumda idi. Çünki o vaxt bizim dövlətçilik əsaslarımız yox idi, o vaxt Azərbaycan idarəolunmaz vəziyyətdə idi. O vaxtkı Azərbaycan indiki Ermənistanı xatırladır. Bacarıqsız yönətim, böhranlı vəziyyət, orduda nizam-intizamın olmaması... Ordu faktiki olaraq hakimiyyətin tabeliyindən çıxmışdı. Eyni mənzərəni biz bu gün Ermənistanda görürük. Bizim o vaxt imkanlarımız məhdud idi.

Digər səbəb, dünya bunu görmək istəmirdi. Çünki Birinci Qarabağ Müharibəsi başlayanda əksər ölkələrdə belə bir təsəvvür vardı ki, Ermənistan haqlıdır, Azərbaycan haqsızdır. Uzun illər ərzində bizə qarşı ədalətsizlik davam edirdi. Bizə uzun illər lazım oldu ki, dünyanın fikrini dəyişdirə bilək, həqiqətləri təqdim edə bilək!".

“Sadəcə olaraq, o vaxt hakimiyyətdə olanlar buna qarşı heç bir addım ata bilmədilər”

Dövlət başçısı o vaxt Azərbaycan torpağında ikinci Ermənistan dövlətin yaradılması ilə bağlı məsələyə o vaxt cavab verilmədi: “Nə üçün tarixi Azərbaycan torpağında ikinci Ermənistan dövləti yaradılmalıdır. Heç kim buna cavab verə bilmədi. Ona görə bu stereotiplər uzun illər davam etdi. Uzun illər ərzində bizə qarşı ədalətsizlik tətbiq olunurdu. Baxın, Sovetlər Birliyi dağılandan sonra Amerika Konqresi azadlığa dəstək aktı qəbul etmişdi. Bu qanun bütün keçmiş müttəfiq respublikalara yardım məqsədilə qəbul edilmişdi. Azərbaycanı oradan çıxardılar. Kim çıxardı? Erməni lobbisinin nümayəndələri. Onların bir çoxu indi də yüksək vəzifələrdədir. Səbəb o idi ki, guya Azərbaycan Ermənistanı blokadaya alıb. Necə almışıq ki, bizim torpaqlarımız işğal altına düşüb?! Ancaq bizə qarşı sanksiyalar tətbiq olundu. Bu günə qədər o sanksiya hələ də qüvvədədir. Onun nömrəsi də var - 907-ci düzəliş. Azadlığa dəstək aktının 907-ci düzəlişi bizə sanksiyalar tətbiq edir. Bu qədər ədalətsizlik ola bilərmi? Sadəcə olaraq, o vaxt hakimiyyətdə olanlar buna qarşı heç bir addım ata bilmədilər”.

“Biz isə haqlı olduğumuzu döyüşərək sübut etməyə çalışırdıq və buna nail olduq”

“Uzun illər lazım oldu ki, biz dünyanın fikrini dəyişdirə bilək, həqiqətləri təqdim edə bilək. Açıq-aydın olan həqiqətləri təsdiq etmək üçün, onları sübut etmək üçün görün biz nə qədər səy göstərdik”,-deyən dövlət başçısı bildirdi ki, stereotip isə belə idi ki, Ermənistan daim haqlıdır: “Nə etsə də yenə də onlara haqq qazandırırdılar. Baxın, son bir-iki il ərzində Ermənistanda nə qədər müxalifət lideri həbs edildi. Nə qədər insan öz hüquqlarından məhrum edildi. Hətta siyasi qətllər də baş verdi. Hansısa bir beynəlxalq təşkilat onları qınadımı? Yox. Onlara hər şey etmək mümkündür. Biz isə haqlı olduğumuzu döyüşərək sübut etməyə çalışırdıq və buna nail olduq. Sizin bu gün Azərbaycanda olmağınız, bizim sözümüzü dünyaya çatdırmağınız, əlbəttə ki, haqq-ədalətin bərqərar olmasına böyük töhfə verir”.

“Rusiya və Azərbaycan dost ölkələrdir”

“İşğaldan azad edilən ərazilərin bərpa işində Rusiya şirkətlərinin iştirakı barədə mən artıq bəyanat vermişəm”,-deyən dövlət başçısı bildirib ki, biz dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik: “Rusiya və Azərbaycan dost ölkələrdir. Buna görə təbii ki, Rusiya şirkətləri cəlb ediləcək. Fikrimcə, artıq onlar özləri maraq göstərə bilərlər. Ona görə ki, biz müəyyən iş növləri barədə müxtəlif ölkələrdən sifarişlər alırıq. Bu, şəhərlərin planlaşdırılmasına, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlıdır. Yəni, işin həcmi çox böyükdür. 10 min kvadratkilometrdən çox ərazi azad edilib. Buna görə düşünürəm ki, Azərbaycanın bütün dostları üçün kifayət qədər iş var”. “O ki qaldı Ermənistan baş nazirinin «İsgəndər» raket kompleksi ilə bağlı bəyanatlarına, o, bizdə də suallar doğurub. Mən bunu ironiyalaşdırmaq istəməzdim. Bu məsələyə istər Rusiyanın rəsmi şəxsləri, istər parlament üzvləri, istərsə də ekspertlər tərəfindən kifayət qədər şərh verilib ki, raketin 10% partlaması üçün gərək xeyli çalışasan». Bunu Azərbaycan Prezidenti İlham Əliyev yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

“Biz “İsgəndər” raketinin atılmasını görməmişik. Ona görə bu bəyanat səsləndiriləndə ötən gün biz yenə də maraqlandıq, ancaq yox, biz bunu görməmişik. Bu sadəcə publik şəkildə deyilmiş boş söz idi”,-Prezident qeyd edib.

“Sarqsyan bizə Rusiyadakı görüşdə vəd vermişdi ki...”

“Sarqsyan bizə Rusiyadakı görüşdə vəd vermişdi ki, işğalda olan əraziləri bizə qaytaracaq. O, bunun üçün iki həftə istəmişdi. Sonra vəziyyətin pisləşməsini əsas gətirərək məsələni uzatdı”,-deyən Prezident İlham Əliyev bildirib ki, bizim gələcəklə bağlı dəqiq mövqeyimiz var: “Bu gün biz istənilən inteqrasiya hadisəsinə hazırıq. Müharibədən qabaq nəzarət edilən ərazilərdə, təxminən, 60 min adam yaşayırdı. Biz bu rəqəmləri havadan götürməmişdik. Peyk nəzarəti ilə əldə etdiyimiz rəqəmlər idi. Biz müharibədən əvvəl də bilirdik ki, orada nələr baş verir. Rus tərəfi ilə razılığa gəlmişik ki, xaricilər bizim razılığımızla ora keçə bilərlər. Lakin bəzən pozulma halları baş verir. Hər şey nəzarət altındadır və belə də davam edəcək”.

Bəli, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının dediyi kimi: “Faktiki olaraq biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik...Hər hansı revanşizm cəhdləri Azərbaycan tərəfindən cəzalandırılacaq. Ona görə də xəbərdarlıq edirəm ki, revanşizm və qisas cəhdləri olmamalıdır”.

Göründüyü kimi, artıq bütün dünya Azərbaycanın güclü Liderinin apardığı uğurlu və diplomatik siyasətini, Güclü Ordusunun gücünü 30 il işğal altında olan torpaqlarımızın 44 gündə Qələbə qazandığının şahidi oldu. Və bir daha şahid oldu ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tarixi mətbuat konfransındakı mesajları ilə informasiya sahəsində də Qalib oduğunu aydın şəkildə göstərməklə Ermənistana növbəti dərs verdi – "DÜZ YOLA GƏL!”.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə