"Ermənistanın pozucu yanaşması Yerevanın mənfur niyyətini nümayiş etdirir" Leyla Abdullayeva

"Azərbaycan Respublikasının Prezidentinin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı zamanı söylədikləri, o cümlədən münaqişə sonrası mərhələdə bölgədə təhlükəsizlik və əmin-amanlığa nail olunması üçün quruculuq və əməkdaşlıq perspektivlərindən danışdığı halda, Ermənistan tərəfinin bunun əksinə yönələn pozucu yanaşması və aqressiv ritorikası rəsmi Yerevanın mənfur niyyətini açıq şəkildə nümayiş etdirir". SİA xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in nümayəndəsinin Azərbaycan Respublikasının Prezidentinin mətbuat brifinqində söylədiklərinə dair şərhi barədə KİV-in sualını cavablandırarkən deyib.

"Əgər Ermənistan öz XİN nümayəndəsinin söylədiyi kimi ordusunun müasirləşdirilməsi ilə revanşizm mövqeyindən çıxış edirsə, bu ölkə on illiklərlə davam edən təcavüz və işğalın düşmənçilik və nifaqdan başqa nəticə vermədiyini hələ də anlamırsa və yaxın keçmişdə baş vermiş hadisələrdən nəticə çıxarmırsa, xalqının təhlükəsiz və tərəqqi dolu gələcəyinin üzərindən öz əli ilə xətt çəkir.

Vətən müharibəsinin sübut etdiyi kimi, Azərbaycan hər zaman beynəlxalq sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü təmin etməyə hazırdır və bu xüsusda meydana gələ biləcək hər hansı təhdidlərin qətiyyətlə qarşısını almağa qadirdir", - deyə Leyla Abdullayeva əlavə edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə