Macarıstanın nəşrində Xocalı soyqırımı və Vətən müharibəsinə həsr olunmuş məqalə dərc olunub

Macarıstanın "Madyar nemzet" nəşrində Xocalı soyqırımının ildönümü və Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsində Azərbaycanın qazandığı qələbəyə həsr olunmuş məqalə dərc olunub.

SİA xəbər verir ki, məqalədə Qarabağda müharibənin bitməsindən üç aydan çox vaxt keçdiyi və bölgənin yenidən Azərbaycana qaytarılması ilə nəticələndiyi xatırladılır. Qeyd edilir ki, hazırda r və türk müşahidəçiləri atəşkəsi təmin edirlər. Məqalədə deyilir ki, bəzən bir neçə dəfə atəş açılır, unudulmuş bomba partlayır, lakin bütövlükdə sakitlik müşahidə edilir.

“Hazırda burada minalardan təmizlənmə işləri aparılır və hər şey vaxtında keçsə, bölgədə xarici şirkətlərin iştirak edə biləcəyi misilsiz yenidənqurma işləri aparılacaq. Yenidənqurma işləri sürətli olmayacaq, çünki Azərbaycan hesabatlarında deyilir ki, burada bir dənə də olsun bütöv bina qalmayıb və hətta qələbə bayrağını asmaq üçün bir yararlı tikili belə tapmaq çətin idi. İndi Bakının böyük planları var. Burada beynəlxalq aeroportların, tamamilə bərpa olunan enerji mənbələrində işləyən "ağıllı" şəhər və kəndlərin inşası planlaşdırılır. Onilliklərlə davam edən işğalın yetirdiyi yaralar bir qələbə ilə sağalmayıb. Ən şiddətli ağrılardan biri isə bu günlərdə 29-cu ildönümü qeyd olunan Xocalı qətliamıdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qoşunları strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Xocalı məntəqəsinə hücum ediblər. Kütləvi qırğınlar bir neçə min əhalisi olan şəhərdə başladı. Dinc əhali arasından, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca olmaqla, 613 qaçqın öldürüldü, yüzlərlə insan yaralandı, onlardan bir çoxunun taleyi hələ də məlum deyil”, - deyə məqalədə bildirilir.

Qeyd edilir ki, Azərbaycanda Xocalı faciəsi soyqırımı hesab olunur. Burada dünyanın diqqətini yaşanan dəhşətlərə cəlb etmək və başqalarını Xocalı faciəsini soyqırımı adlandırmağa çağırmaq məqsədilə "Xocalıya ədalət!" beynəlxalq kampaniyasına start verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə