Azərbaycan Prezidenti:"Faktiki olaraq biz bu gün Dağlıq Qarabağ ifadəsini işlətməməliyik" VİDEO

"Faktiki olaraq biz bu gün Dağlıq Qarabağ ifadəsini işlətməməliyik"

SİA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Prezidenti İlham Əliyev bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır: "Faktiki olaraq, biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir. Onun bir hissəsində erməni xalqı yaşayır. Biz buna etiraz etmirik. Baxmayaraq ki, erməni əhalisi ora XIX əsrin əvvəllərində köçürülmüşdür. Biz etiraz etmirik. Bizim başqa yerlərimizdə də erməni əhalisi yaşayır və heç bir problem yaşanmır. Ona görə statusla bağlı hesab edirəm ki, əgər kimsə bu gün bu məsələni qaldırırsa, sülhə yox, qarşıdurmaya daha çox xidmət göstərir. Bundan sonra Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı da bizdə aydın təsəvvür var. Mən bunu müharibə dövründə də demişəm, dəfələrlə. Əfsuslar olsun ki, müharibə dövründə biz Ermənistan rəhbərliyindən buna oxşar bəyanatlar eşitməmişik. Əksinə, ədavətlə, nifrətlə dolu açıqlamalar verilirdi. Mən isə deyirdim ki, bizim erməni xalqı ilə işimiz yoxdur. Ermənilər bizim vətəndaşlarımızdır. Azərbaycanda minlərlə erməni yaşayır. Müharibə dövründə erməni əsirlərlə bizim davranmağımız bunu bir daha göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə