“İsgəndər” açıqlamasının Paşinyanın mövqeyinə təsir göstərəcəyi inandırıcı deyil - AÇIQLAMA

"Paşinyan Baş Qərargah rəisi və onun müavinini vəzifədən azad etməklə orduda Rusiyanın təsirini azaltmağa çalışdığı üçün, Kreml onu yüngül şəkildə cəzalandırmaq qərarına gəlib. Paşinyanın "İsgəndər" raketi ilə bağlı açıqlamasının Ermənistan ordusuna belə təsir edəcəyini izah etmək olar. Amma güman etmirəm ki, məhz "İsgəndər"lə bağlı açıqlama Paşinyanın mövqeyinə bu cür təsir göstərmiş olsun". SİA xəbər verir ki, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.

Politoloqun sözlərinə görə, "İsgəndər" raketləri Rusiyanın Ermənistandakı Gümrü bazasında olduğu məlumdur: "Rusiya onu Ermənistana vermişdisə belə, həmin raketlərin havada partlaması diqqəti cəlb etməyə bilməz. Xüsusən, hərbi ekspertlərin fikirləri bundan ibarətdir ki, həmin raketlərin lazımi məqamda özünü məhvetmə imkanı var və vahid mərkəzdən idarə olunur. İndi bu mərkəzin Ermənistanda, yoxsa Rusiyada yerləşdiyinə aydınlıq gətirmək lazımdır. Bu mənada, düşünürəm ki, Paşinyanın "İsgəndər"lə bağlı açıqlaması, onunla ordu arasında narazılıqlar yarada bilərdi. Amma nəzərə almaq lazımdır ki, ordunun hamısı Paşinyana qarşı çıxmayıb". E.Manafov vurğulayıb ki, müdafiə naziri də daxil olmaqla, ordunun əksəriyyəti Paşinyanı dəstəkləyir: "Paşinyana qarşı sürülən ittiham ondan ibarətdir ki, ordunun Baş qərargah rəisi ilə onun müavinini vəzifədən uzaqlaşdırıb. Görünür, Baş qərargah rəisi orduda Rusiya ilə bağlı gizli qruplaşmanın rəhbəri olduğu üçün, Paşinyanın məhz bu addımı Rusiyanı qəzəbləndirib. Paşinyanın istefasını tələb edən şəxslər, Baş qərargah rəisi, onun müavini və şöbə rəisləridir. Paşinyan xalqa müraciətində də deyib ki, ordu hələ də mənə tabedir. Ona görə də hesab edirəm ki, ordu və güc strukturları nə qədər ki, Paşinyanın tərəfindədir, onu devirmək mümkün deyil".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə