Aksiyaçılar prezident iqamətgahına istiqamət götürüb İrəvanda

Müxalifət hərəkatının koordinatoru Baş Qərargah rəhbərinin istefası ilə bağlı prezidentdən hansı mövqe gözlədiklərini bəyan edib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, İrəvandakı müxalifət mitinqinin iştirakçıları Armen Sarkisyandan Baş Nazir Nikol Paşinyanın Baş Qərargah rəisi Onik Qasparyanın istefası ilə bağlı vəsatəti imzalamamağa çağırmaq niyyəti ilə prezident iqamətgahına yön alıblar.

"Biz prezidentdən Paşinyanın şantajına boyun əyməməsini, etirazlarımızı açıq şəkildə formalaşdırmasını və baş nazirin vəsatətinin konstitusiyaya uyğunluğunu müzakirə etmək üçün Konstitusiya Məhkəməsinə müraciət etməsini tələb etməliyik", deyə hərəkatın koordinatoru İşxan Saqatelyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Paşinyan Qasparyanı uzaqlaşdırmaq üçün orduya təzyiq göstərməkdə davam edir, lakin ordu qətiyyətlidir və xalqın yanındadır.

Saqatelyan bu vəziyyətdə prezidentin mövqeyini vacib sayır, çünki Baş Qərargah rəhbərinin vəzifəsindən kənarlaşdırılması təklifi onun stolundadır.

“Prezident imzalamayacağını bildirib, ancaq bu kifayət deyil. Dövlət başçısının münasibətini qanun çərçivəsində ifadə etməsi lazımdır”, deyə siyasətçi əlavə edib.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı 25 fevralda siyasi rəhbərliyin dövləti təhlükəli bir dalana aparacağını söyləyərək baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Bu, hökumət başçısının, bir qədər əvvəl baş nazirin "partlamamış İskəndər" lə bağlı açıqlamalarını tənqid edən Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini general-leytenant Tiran Xaçatryanın istefası tələbindən sonra baş verib.
Onu da qeyd edək ki, buna cavab olaraq baş nazir Nikol Paşinyan olanları çevriliş cəhdi kimi qiymətləndirdi və vətəndaşları "inqilabı müdafiə etmək" üçün Respublika Meydanında toplanmağa çağırıb. O, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın tutduğu vəzifədən azad edilməsi barədə qərarı imzaladığını da söyləyib. Sonra tərəfdarlarının mitinqində Qasparyanı könüllü şəkildə istefa verməyə çağırıb.

Məlumat üçün qeyd edək ki, Baş Qərargah rəisinin vəzifəsindən kənarlaşdırılmasına dair sənəd hələ prezident Armen Sarkisyan tərəfindən imzalanmayıb. Müxalifət də, öz növbəsində, parlament binası yaxınlığında çadırlar quraraq, müddətsiz etiraz aksiyalarının başladığını elan edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə