Region gəncləri Xocalı soyqırımı qurbanlarının xatirəsini andılar - FOTOLAR

Xocalı soyqırımının 29-cu ildönümündə Azərbaycan gəncləri həm hüzn, həm də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsindəki qalibiyyətdən doğan fəxarət hissi ilə Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini yad ediblər. SİA xəbər verir ki, gənclərin İnkişaf və Karyera Mərkəzinin regionlarda fəaliyyət göstərən 34 nümayəndəliyi müxtəlif fəaliyyətlərlə anım tədbirləri həyata keçirib.

Tədbirlər gənclərin rayon ərazisindəki Xocalı abidəsini və Şəhidlər Xiyabanını ziyarət etməsi ilə başlayıb. Gənclər Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin məzarları üzərinə gül qoyaraq onların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra anım mərasimi gənclər arasında Xocalı həqiqətlərini əks etdirən foto və rəsm müsabiqəsi, sərgilər, film nümayişi, Xocalı soyqırımı haqqında məlumatlandırıcı videoçarxın təqdimatı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış “Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyasının təqdimatı, Xocalı qurbanlarına həsr edilmiş və soyqırımın ağrısını özündə əks etdirən müxtəlif səhnələşdirilmiş “flashmob”lar, videokonfranslar, kiçik səhnəciklərin təşkil olunması ilə davam etdirilib. Tədbirlər bəzi regionlarda Xocalı abidəsi qarşısında Xocalı qurbanlarının xatirəsinə havaya dilək şarlarının uçurulması ilə sona çatıb.

Tədbirlərdə erməni canilərinin əsrlər boyu Azərbaycana qarşı apardığı işğalçı, etnik təmizləmə siyasəti və xalqımıza qarşı həyata keçirdikləri vəhşiliklər barədə geniş məlumat verilib, Xocalı faciəsinin Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olduğu vurğulanıb, 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən törədilən Xocalı soyqırımının miqyasına və amansızlığına görə əsrin ən dəhşətli soyqırımlarından biri olduğu qeyd edilib. Müzakirələr zamanı erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələri barədə danışılıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi və əsir götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qalmasının bütün səssiz qalan dünya ictimaiyyəti üçün utancverici olduğu bildirilib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qalib gələn Milli Ordumuzun Xocalı qurbanlarının və bütün şəhidlərimizin qisasını hərb meydanında aldığını bildirən gənclər Xocalı soyqırımını törədənlərin də tezliklə hüquqi məsuliyyətə cəlb olunacağına əminliklərini vurğulayıblar.

Gənclər, həmçinin “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində məlumatlandırma işinə verə biləcəkləri töhfə barədə müzakirələr aparıb, Xocalı qurbanlarının xatirəsini daim qəlblərində yaşatmağı bir mənəvi borc bildiklərini, Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağı özlərinin müqəddəs vəzifələri kimi qəbul etdiklərini vurğulayıblar.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə