Paşinyan yenə də Putinə yalvarmağa başladı Ermənistan Rusiyadan kömək umur

Paşinyan yenə də Putinə yalvarmağa başladı Ermənistan Rusiyadan kömək umur

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə zəng edib və öz ölkəsindəki ağır vəziyyət barədə danışıb. SİA xəbər verir ki, Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı barədə, cümə axşamı Rusiya liderinin mətbuat katibi Dmitri Peskov tərəfindən bildirilib.

TASS Agentliyi də xəbər verir ki, "Ermənistandakı vəziyyət müzakirə edilib". “Putin Ermənistanda asayişin və sakitliyin qorunması, vəziyyətin qanun çərçivəsində həll edilməsi lehinə danışıb. Rusiya dövlətinin başçısı da bütün tərəfləri təmkinli olmağa çağırıb”, deyə mətbuat katibi Peskov bildirib.
Məsələ burasındadır ki, Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasındakı iki ölkə liderlərinin internet saytlarında yerləşdirilmiş telefon danışıqları ilə bağlı mətbuatda açıq bir uyğunsuzluq olduğu diqqət çəkir. Belə ki, mətbuat katibi Peskovun dedikləri, eləcə də Rusiyaya məxsus mətbuat səhifələrinin yazdıqları ilə Ermənistan mətbuatında iki ölkə rəhbərinin danışıqları barədə yayımlanan informasiyalar tamamilə fərqlidir. Məsələn, Ermənistan Respublikası Nazirlər Kabineti rəhbərinin saytında yerləşdirilən məlumatda “Prezident Putin Ermənistanın qanuni hakimiyyətlərini dəstəklədiyini və vəziyyətin ən qısa müddətdə normallaşacağına ümid etdiyi” qeyd edilir. Halbuki, reallıqda Putinin dediyi bu deyildi və Rusiya tərəfinin yaydığı açıqlamada tamamilə başqa şəkildə məlumatlandırılır. Bəlli olur ki, Rusiya prezidenti belə bir fikir söyləmədiyi halda, bu şəkildə yaymaqla Ermənistan Respublikasının həqiqi hakimiyyət orqanlarının bir başqa reklam, təşviqat, yaxud daxili auditoriyaya hesablanmış bir siyasət niyyəti var.
Göründüyü kimi, Ermənistanda vəziyyət çox qarışıq, hətta acınacaqlıdır və adəti üzrə baş nazir Paşinyan yenə də Rusiya liderinə yalvarmaq, kömək istəmək, yardım almaq niyyətindədir. Yəni, vəziyyət o qədər kritikdir ki, Nikol Paşinyan eynilə müharibədəki məğlubiyyətləri zamanı olduğu kimi yenə də Rusiyaya, öz ağalarına üz tutub xilas olması üçün yalvarışlar edir. Amma Rusiya liderinin, Ermənistanda asayişin və sakitliyin qorunması, vəziyyətin qanun çərçivəsində həll edilməsi lehinə danışması təsdiq edir ki, ruslar, şəxsən Vladimir Putin bu məsələyə nə qarışmaq, nə də Paşinyanı müdafiə etmək niyyətindədir. Rusiya prezidenti sadəcə olaraq, qəbul olunmuş standart cavabla diplomatik tərzdə davranış nümayiş etdirib. Bütün bunlar isə onu deməyə əsas verir ki, Ermənistanda bu xəmir hələ çox su aparacaq və ola bilsin elə bu su bütövlükdə Ermənistanı apara bilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə