Yüzlərlə insan hələ də küçə və prospektlərdədir İrəvanda

Yüzlərlə insan hələ də küçə və prospektlərdədir İrəvanda

Nikol Paşinyanın Ermənistanın baş naziri vəzifəsindən istefa etməsini tələb edən müxalifət mitinqinin yüzlərlə iştirakçısı Baqramyan prospektində hələ də qalır. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, yolun Ermənistan parlamentinin binası ilə üzbəüz hissəsində nəqliyyat tıxanıb, çadırlar qurulub, tonqallar yanır və nümayişçilər şuarlar səsləndirirlər.

Aktivistlər Paşinyanın istefasını alana qədər bütün gecəni və daha sonra da qalmağa, keşik çəkməyə qərarlıdırlar. Hazırda Baqramyan küçəsində başqa müxalif siyasətçilər, millət vəkilləri, hüquq müdafiəçiləri, ictimai xadimlər də var. “Vətənin Xilası Hərəkatı”nın lideri, müvəqqəti baş nazir postuna vahid namizəd Vazgen Manukyan və Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan etirazçılarla bir yerdədirlər, onlarla danışır və soyuq hava şəraitində tonqallarda isinirlər.

Çiçəklənən Ermənistan müxalifət fraksiyasının üzvü İveta Tonoyanın jurnalistlərə verdiyi məlumata görə, böhranın aradan qaldırılması üçün Ermənistan Respublikası Parlamenti Şurasının qanunverici orqanın iclasını çağırması, yəni ləğv edilməsi üçün tədbirlər görülür. Onun sözlərinə görə, Ermənistanda hərbi vəziyyətdir və bu addım Paşinyanın impiçmenti ilə izlənilə də bilər.

"Bundan sonra Nikol Paşinyan heç bir mənada Ermənistanın təhlükəsizliyinin qarantı ola bilməz", deyə millət vəkili bildirib. O, ümid edir ki, hökumətyönlü "Mənim addımım" fraksiyasından olan millət vəkilləri arasında vəziyyəti adekvat qiymətləndirən və müxalifət həmkarlarına qoşulan insanlar var.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə