Türkmənistanla Azərbaycan arasında əldə edilmiş razılıq yüksək qiymətləndirilməlidir - ŞƏRH ÖZƏL

"Xəzərin hüquqi statusu ilə bağlı Azərbaycanla Türkmənistanın fərqli fikir və mövqeləri olub. Azərbaycan ona aid ola biləcək Kəpəz yatağından neft və qazın çıxarılması ilə bağlı öz mövqeyini ortaya qoyurdu. Türkmənistan isə əksinə, bəyan edirdi ki, bu ərazilər onun ərazi sularına yaxın olduğu üçün bu yataqdan istifadə etmək də onun haqqıdır. Ümumiyyətlə, Xəzəryanı dövlətlər onun statusu ilə bağlı məsələyə fərqli aspektdən yanaşırdılar. Xəzərə beynəlxalq dəniz hüququ baxımından yanaşanlar da vardı, Kandaminum prinsipini tətbiq edib, su ərazilərinin Xəzəryanı dövlətlər arasında 20 faiz nisbəti ilə bölünməsinə razı olanlar da vardı. Məsələn, İranın mövqeyi təqribən belə idi. Bu da əslində, İranın, müəyyən mənada da Türkmənistanın maraqlarına cavab verirdi. Çünki Sovet İttifaqı dönəmində Xəzərin bölünməsi ilə bağlı 1921-1940-cı illərin müqavilələri vardı ki, həmin müqavilələrin şərtlərindən çıxış etdikdə, Xəzər su hövzəsinin ərazi göstəricilərinin 82 faizi SSRİ-nin, 18 faizi isə İranın payına düşürdü". Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Ekspertin sözlərinə görə, SSRİ dağıldıqdan sonra, Xəzəryanı dövlətlər arasında bu məsələyə aydınlıq gətirilməsinə ciddi ehtiyac yaranmışdı: "Hətta Türkmənistanın sabiq prezidenti Saparmurad Niyazov Aşqabad sammitində demişdi ki, Xəzərdən qan iyi gəlir. Bu bəyanat da o zaman Türkmənistanla Azərbaycan arasında müəyyən gərginliyə səbəb olmuşdu. İndi bu mübahisəli predmet arxada qalıb və tərəflər arasında razılıq əldə edilib. Güman edirəm ki, resursların 70-in 30-a nisbətində bölünməsi yatağın daha çox Türkmənistanın ərazi sularına bağlı olması ilə əlaqədardır. Bundan başqa, həm də yatağın işlənməsində hansı tərəfin daha çox investisiya qoyacağı da mühüm rol oynayır. Ola bilər ki, Türkmənistanın yatağın işlənməsinə sərf etdiyi xərclər Azərbaycanın çəkdiyi xərcdən daha çoxdur. Çıxarılan payın 70-in 30-a nisbətində bölünməsi də dediyimiz reallıqlardan irəli gəlir".

Politoloq yatağın işlənməsindən Azərbaycanın əldə edəcək qazanclarından da bəhs edib: "Digər məsələ isə ondan ibarətdir ki, Türkmənistanın öz qazını Xəzərin dibi ilə Azərbaycan ərazisindən keçməklə Avropaya çıxarılmasına bir qayda olaraq, həmişə Rusiya mane olub. Rusiya Türkmənistanın bu kəmərlərinə ekoloji kontekstdə ciddi problemlər yaradacağını bəyan edirdi. Amma Rusiyanın mövqeyi təkcə ekoloji amillərə istinad etməyəcəkdi. "Qazprom" bu gün türkmən neftini öz ərazisindən Avropaya çıxarılmasını təmin edir. Təbii ki, tranzit ölkə kimi bundan qazanır və nəticə etibarı ilə Avropa alternativ enerji xətlərinin açılmasının qarşısını alır. Elə Rusiyanın da istədiyi bu idi. İndi Türkmənistanla Azərbaycan arasında əldə edilmiş bu razılığa bütün hallarda yüksək qiymət vermək lazımdır".

E.Manafov vurğulayıb ki, bütün hallarda bu, Avropaya daha bir alternativ enerji kəmərinin çəkilməsi deməkdir ki, bu da istər Azərbaycanın, istərsə də Türkmənistanın Avropa ilə ticarət əlaqələrinin genişlənməsində, qərb ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında bu dövlətlərin rolunu artıracaq: "Digər tərəfdən, bu iki dövlət vasitəsi ilə Avropanın Çinlə olan ticarət əlaqələri daha da genişlənəcək. Nəzərə almaq lazımdır ki, 2020-ci ildə Çin Avropa ölkələri ilə ticarət münasibətlərində ABŞ-ı geridə qoyub, birinci yerə çıxıb. Güman edirəm ki, yeni bir alternativ enerji xəritəsinin istifadəyə verilməsi, geosiyasi anlamda Çinin də maraqlarına cavab verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə