Culfa-Naxçıvan dəmiryolu ilə Qara dəniz və Avropa ölkələri ilə əlaqə qura biləcəyik - İranın Şərqi Azərbaycan vilayətinin başçısı

“Culfa-Naxçıvan dəmiryolu xəttini bərpa etməklə Qara dəniz və Avropa ölkələri ilə Gürcüstan üzərindən əlaqə qura biləcəyik”.

SİA xəbər verir ki, bunu İranın Şərqi Azərbaycan vilayətinin başçısı Məhəmməd Rza Purməhəmmədi İrəvan və Tbilisiyə qədər uzanan Culfa-Naxçıvan dəmir yolu marşrutundan bəhs edərkən bildirib.

Məhəmməd Rza Purməhəmmədi İranın Gürcüstandakı səfiri ilə videokonfrans formatında keçirilən görüşdə Şərqi Azərbaycan vilayətinin İranın Sənaye Nazirliyi tərəfindən qonşu ölkələrlə ticarətin inkişafına cavabdeh bölgə seçildiyini deyib.

O əlavə edib: “Gürcüstanla yaxşı iqtisadi və mədəni əlaqələrimiz var və bu ölkə ilə əlaqələrimizi genişləndirməyə və inkişaf etdirməyə çalışırıq”.

İrəvan və Tbilisiyə qədər uzanan Culfa-Naxçıvan dəmir yolu marşrutundan bəhs edən Purməhəmmədi qeyd edib: “Həmin dəmir yolu marşrutunu yenidən qurmaqla Gürcüstan vasitəsilə Qara dəniz və Avropa ölkələri ilə əlaqə qura biləcəyik”.

Bu gün nəqliyyat vasitələri ilə kommunikasiyaların olduqca həlledici olduğunu vurğulayan Şərqi Azərbaycan valisi qeyd edib: “Azərbaycan və Naxçıvan Muxtar Respublikası vasitəsilə sözügedən dəmir yolu marşrutunun bərpasına üstünlük verdik və onlar da buna müsbət yanaşıblar”.

Bütün xəbərlər Facebook səhifəmizdə