Təxribatçı rus “batyuşkası” Xankəndidən Ryazana rədd olur TƏRS BAXIŞ + FOTOLAR

Əgər Xankəndidəki erməni vətəndaşlarımız həqiqətən də istəyirlərsə ki, orada qanun-qaydanı Azərbaycanın daxili qoşunları, xüsusi təyinatlıları, eləcə də digər güc strukturları yaratsınlar, onda belə də davam etsinlər, biz zatən buna “hə” deyirik...

Xankəndidə Rusiya sülhməramlılarının nəzarəti altındakı separatçıların qondarma “dqr”lərinin “33 illiyini” qeyd etmələri zamanı quldur və terrorçuların yanında rus kontingentinin hərbi keşişinin də dayanması diqqətlərdən yayınmadı. Onun torpaqlarımızın işğalının davam etdirilməsi prosesində öldürülmüş erməni terrorçularının məzarları qarşısına gül-çiçək dəstələri düzməsi, terrorçu Vitali Balasanyanla yan-yana durması, dua etməsi də söz yox ki, diqqət mərkəzinə çevrildi.

Rus sülhməramlılarının keşişi dünən həyasızcasına Xudavəng monastırını da ziyarət etmək istəyib, lakin azərbaycanlı hərbçilər onun ziyarətinə qəti şəkildə icazə verməyərək, hətta gözlərinə görünməməyi tapşırıblar

Saytımıza daxil olan məlumata görə, məhz Azərbaycan tərəfinin tələbi əsasında separatçılara və terrorçulara simpatiya bəslədiyini açıq-aşkar nümayiş etdirən sözügedən personaj fevralın 24-nə qədər Dağlıq Qarabağdan vətəni Rusiyaya, Ryazan şəhərinə rədd ediləcək.

O da məlum olub ki, sən demə, rus sülhməramlılarının keşişi dünən həyasızcasına Xudavəng monastırını da ziyarət etmək istəyib, lakin azərbaycanlı hərbçilər onun ziyarətinə qəti şəkildə icazə verməyərək, hətta gözlərinə görünməməyi tapşırıblar. Bildiriblər ki, törətdiyi təxribatçı əməlinə görə bir daha həmin tərəflərdə gözə dəyməsin, əks halda qanunamüvafiq qaydada cəzalandırılacaq. Deyilənə görə, kontingentin rəhbərliyi də məsələdən agah olan kimi, onun “şişməməsi” üçün dərhal əl-ayağa düşüblər və hərbi keşişə çemodanlarını dərhal yığışdırmaq əmrini veriblər.

Xankəndidə rus sülhməramlılarının hərbi formaları və şevronları satılırmış

Ancaq digər maraqlı iddiaya görə, rus sülhməramlıları təsdiq edirlər ki, “batyuşkanın” onlara heç bir aidiyyatı yoxdur və o, əynindəki formanı, eləcə də qoluna vurduğu “МС” (rus dilində “Mirotvorçeskiye Silı” abbreviaturası) şevronunu Xankəndidəki mağazaların birindən alıb. Yəni bu məntiqlə belə çıxır ki, istənilən separatçı rahat qaydada, heç bir problem olmadan rus sülhməramlılarına aid hərbi geyimləri və şevronları alaraq Azərbaycana qarşı təxribat əməlləri törədə bilərlər.

Buna nə qədər inanıb-inanmamağa gəlincə isə yerdə qalan məsələləri oxucularımızın hökmünə buraxıram. Yalnız bir amili qeyd etmək olar ki, qarabağlı ermənilərin sülhməramlılarla təmasları sayəsində “legitimləşmək” cəhdləri məhz sülhməramlıların birinci beşillik müddətində qalmaları mümkünlüyünü get-gedə daha da azaldır. Əgər Xankəndidəki erməni vətəndaşlarımız həqiqətən də istəyirlərsə ki, orada qanun-qaydanı Azərbaycanın daxili qoşunları, xüsusi təyinatlıları, eləcə də digər güc strukturları yaratsınlar, onda belə də davam etsinlər, biz zatən buna “hə” deyirik...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...