İrəvana qarşı tələb irəli sürüldü: mina xəritələri verilməlidir! ANALİTİK

İrəvana qarşı tələb irəli sürüldü: mina xəritələri verilməlidir! ANALİTİK

Rusiyalı politoloqlar və nüfuzlu siyasətçilər beynəlxalq aləmi Ermənistana təzyiq göstərməyə çağırdılar

İşğaldan azad olunmuş ərazilərimizdə mütəmadi olaraq baş verən mina partlamaları nəticəsində mülki şəxslərin, hərbçilərin həlak olma faktları artmaqda davam edir. Əgər nəzərə alsaq ki, ərazilərimizdə minaların təmizlənməsi funksiyasını yerli mütəxəssislərimizlə yanaşı Rusiya, Türkiyə, eləcə də digər ölkələrin minaaxtaranları da həyata keçirirlər və onların da həyatları ciddi təhlükələrlə qarşı-qarşıya qalır, bu zaman həmin tələb özünü daha açıq şəkildə göstərməyə başlayır. Bu reallıq isə bir daha sübut edir ki, Ermənistan tərəfi heç bir konvensiya və beynəlxalq sənədlərə məhəl qoymadan, bütün tələblərin üzərindən xətlər çəkməklə hərbi cinayətlərini davam etdirir – minalanmış sahələrin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina etməklə, müxtəlif bəhanələr gətirməklə və s. Artıq beynəlxalq ictimai rəy, nüfuzlu siyasətçilər, analitik və konfliktoloqlar da bu mövzu ətrafında həyəcan təbili vurur, İrəvanı konvensiyalara riayət etməyə çağırırlar.

Azərbaycanın rus icmasının rəhbəri, millət vəkili Mixail Zabelin: "Həm Azərbaycan SQ-nin, həm də rusiyalı sülhməramlıların işlərində çətinliklər yaranır"

"Ermənistan hələ də Azərbaycana Qarabağda basdırdıqları mina sahələrinin dəqiq xəritələrini təqdim etməyib". SİA xəbər verir ki, bu barədə İnterfax Milli Məclisin deputatı, Azərbaycanın rus icmasının rəhbəri Mixail Zabelinin fikirlərini yazıb.

"Hazırda Qarabağda vəziyyət ərazilərin minalardan təmizlənməsi prosesinin getdiyinə görə çətindir. Minalardan təmizlənmə zamanı insanların ölüm halları baş verib. Təəssüf ki, erməni tərəfi hələ də bizə kəndlərin, qəsəbə və şəhərlərin minalardan təmizlənməsi üçün xəritələri təqdim etməyib. Burada isə həm Azərbaycan SQ-nin, həm də rusiyalı sülhməramlıların işlərində çətinliklər yaranır", deyə Zabelin Moskva-Bakı teleköpüsü zamanı bildirib.

Rusiyanın Siyasi araşdırmalar institunun baş direktoru, politoloq Sergey Markov: "Əgər minalar xəritələr tərtib olunmadan haraya gəldi basdırılıbsa, artıq bu, hərbi cinayətdir"

"İndiyə qədər erməni tərəfinin dəqiq xəritələri yoxdur və nəticədə mülki vətəndaşlar, azərbaycanlı əsgərlər ölürlər, rusiyalı sülhməramlıların da ölüm təhlükələri var, əlbəttə bu məsələ bizim hamımızı narahat edir. Bu, erməni tərəfinə yönələn əsas tələbdir. Əgər minalar xəritələr tərtib olunmadan haraya gəldi basdırılıbsa, artıq bu, hərbi cinayətdir və belə insanlar Ermənistanda mühakimə olunmalıdırlar. Əgər kimsə mühakimə olunmayıbsa, demək həmin xəritələr var", Rusiyanın Siyasi araşdırmalar institunun baş direktoru, politoloq Sergey Markov bildirib.

Onun sözlərinə görə, dünya ictimaiyyəti müvafiq xəritələrin Azərbaycana verilməsi üçün Ermənistana təzyiq göstərməlidir.

"Milli müdafiə" jurnalının baş redaktoru, politoloq İqor Korotçenko: "Rusiya və Avropa ölkələri İrəvanla münasibətlərdə öz nüfuz və avtoritetliklərini istifadə etməlidirlər"

Rusiyalı hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko isə öz növbəsində bildirib ki, Ermənistanın minalanmış əraziləri təyin edən xəritələri təqdim etməsi regionda sülhün və təhlükəsizliyin sabitləşdirilməsi baxımından çox mühümdür.

"Həmçinin, müvafiq beynəlxalq təşkilatların bu məsələdə iştirakları vacibdir. Biz keçmiş Yuqoslaviyada münaqişə başa çatdıqdan sonra göstərilən köməkləri xatırlayırıq. Hesab edirəm ki, Azərbaycana da beynəlxalq təşkilatların xətti ilə müvafiq köməklik göstərilməlidir. Əlbəttə ki, Rusiya və Avropa ölkələri İrəvanla münasibətlərdə öz nüfuz və avtoritetliklərini istifadə etməlidirlər ki, o da Azərbaycana minalı sahələrin xəritələrini versin", deyə Korotçenko bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə