Əgər, erməni silahlı birləşmələri çıxarılmasa... - ŞƏRH ÖZƏL

Əgər, erməni silahlı birləşmələri çıxarılmasa... - ŞƏRH ÖZƏL

“Azərbaycanın Qarabağ bölgəsində Rusiyanın sülhməramlı qüvvələrinin məsuliyyət zonasında erməni silahlı birləşmələri ilə bağlı ciddi fikir ayrılıqları var. 10 noyabr atəşkəs Bəyannaməsinin 4-cü bəndinə əsasən, tərəflər tutuqları yerdə dayanır və silahlı erməni qüvvələri çıxaraq yerinə sülhməramlılar yerləşdirilir. Ermənistan tərəfi qeyd edir ki, silahlı qüvvələrini ərazilərdən çıxarıb və tutuqları mövqelərdə "Artsaxın" silahlı erməni birləşmələridir və onlar qalmalıdır. Qeyd edim ki, ermeni tərəfinin irəli sürdüyü bənd yanlış təqdim edilir. Bəyannamənin 4-cü bəndi o deməkdir ki, ermeniler dayandıqları əraziyə Azərbaycan keçmir və həmin ərazi ermənilərin nəzarətində qalır. Yəni, burada silahlı erməni birləşmələri dayandıqları mövqelərdə qalması kimi qeyd edilməməlidir. Həmin mövqelərdən silhahlı erməni birləşmələri çıxır və Rusiya sülhməramlı qüvvələri yerləşir. Ermənistan isə, bu bəndi yanlış təqdim edir”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, bəyannamənin 4-cü bəndinə əsasən tərəflərin dayandıqları mövqe, heç də erməni silahlı qüvvələrinin orada qalması anlamı vermir: “Ona görə də Azərbaycan qəti şəkildə erməni silahlı birləşmələrinin çıxarılmasını tələb etməlidir. Orada silahlıların qalması Azərbaycanın milli təhlükəsizliyinə və suverenliyinə ziddir. Hazırda 10 noyabr Bəyannaməsinin bir neçə bəndini ermenilər pozur və buna Rusiya sülhməramlı qüvvələri şərait yaradır. 10 noyabr Bəyannaməsində Dağlıq Qarabağ və status məsələsi yoxdur, burada silahlı erməni birləşmələrin çıxarılması bəndi var. Azərbaycan haqlı olaraq bu bəndi irəli sürürək erməni silahlı birləşmələrinin çıxarılmasını tələb etməlidir”.

M.Əsədullazadə vurğulayıb ki, əgər, erməni silahlı birləşmələri 10 noyabr razılaşmasına uyğun çıxarılmasa, Azərbaycanın əlində əsas olacaq ki, Rusiya sülhməramlı qüvvələri missiyalarını həyata keçirmir və Qarabağı tərk etməlidir: “Azərbaycan Türkiyə ilə bu məsələnin üzərinə getməli və silahlı erməni birləşmələrinin ləğvinə nail olmalıdır. Prezident İlham Əliyevin də silhahlı erməni birləşmələrinin Dağlıq Qarabağın kiçik bir hissəsində qalmasından məmnun deyil. Məhz onların Qarabağda ləğv edilməsi istiqamətində işlərin aparılmasını istisna etmirəm. Türkiyə-Azərbaycan tandemi Dağlıq Qarabağda kiçik bir ərazidə ermənilərə heç vaxt müstəqillik verməyəcək. Silhahlı erməni birləşmələri ləğv ediləcək”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə