Xocalı soyqırımı qan yaddaşımızdır

Xocalı soyqırımı qan yaddaşımızdır

Düz 29 il bundan əvvəl, 26 fevral 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dünya misli görünməyən dəhşətli bir vəhşiliyin şahidi oldu. Erməni quldurları Rusiyanın Xankəndidəki 366-cı mexanikləşdirilmiş atıcı alayı ilə əlbir olaraq Xocalıya hücum etdilər. Bununla erməni quldurları XX əsrin Xatun, Sonqmi faciələrini arxada qoyan Xocalı faciəsini-soyqırımını törətdilər.

Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır. Xaricdəki imperiyapərəst qüvvələrin dəstəyi ilə törədilən bu soyqırımı erməni qəsbkarların müstəqil Azərbaycan dövlətinə qarşı yeritdiyi məqsədyönlü təcavüz planın ən amansız həlqəsi, misli görünməmiş vəhşilik aktı, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədilmiş cinayət kimi XX əsrin tarixinə daxil olmuşdur. Odur ki, bu soyqırım bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Günahsız dinc əhaliyə tutulmuş amansız divan, ağlasığmaz qəddarlıq erməni irticasının və onun xaricdəki havadarlarının iç üzünü beynəlxalq ictimaiyyət qarşısında bütün çılpaqlığı ilə açıqladı. Milli varlığımıza və istiqlaliyyət uğrunda dönmə mübarizəmizə qarşı yönəldilmiş belə məqsədyönlü cinayətlər nə qədər amansız olsa da, xalqımızın mübarizə əzmini qıra bilməmiş, onun mətin iradəsini sarsıtmamışdır.

29 il bundan əvvəl xocalılara, dinc əhaliyə, qadına, uşağa, qocaya, xəstəyə qarşı erməni qəsbkarları tərəfindən vəhşicəsinə aparılmış hərbi əməliyyat, soyqırımı müharibənin ən dəhşətli mərhələsi və ən ağır, qara səhifəsidir. Xocalı hadisələri bir də onu göstərdi ki, ermənilər Azərbaycanın təkcə torpaqlarına göz tikmək, ərazimizi qəsb etmək yox, xalqımıza qarşı soyqırıı törətmək kimi vəhşi bir yola düşmüşlər.

Ulu Öndərimiz Heydər Əliyev demişdir: "Xocalıda baş vermiş o dəhşətli gecədə Azərbaycan xalqının ürəyinə bir süngü taxıldı, o süngü indiyədək bizi sızladır. Bu yara hələ sağalmayıb, bu yara qəlbimizdə həmişə olacaqdır. Qeyd etdiyim kimi, gecə vaxtı dinc əhaliyə hücüm etmək, öldürmək və onlara görünməmiş qəddarlıqla əzab-əziyyət vermək düşmənlərimizin nə qədər vəhşi olduğunu bir daha sübut edir".

O gecə xocalıların faciəli surətdə həlak olması, şəhid olması bütövlükdə, Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir.

Xocalının işğalı zamanı 11500 nəfərdən çox əhalinin bir gecədə 613 nəfəri, o cümlədən, 83 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər qoca xüsusi amansızlıqla, insanlığa yaraşmayan vəhşiliklə və işgəncələrlə öldürülmüş, boğazlarına məftil salıb avtomaşınlara qoşaraq çöllər boyu sürükləmiş, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmiş, döşləri kəsilmiş, bədənlərinə qızdırılmış dəmir basılmış, asılmış, diri-diri üstünə benzin tökülüb yandırılmışdır. Öldürülənlər içərisində 2-15 yaşlı uşaqlar əksəriyyət təşkil etmişlər.

Xocalı faciəsinin canlı şahidi olan fransız jurnalisti Jan-İv Ginet yazırdı: "Mən müharibələr barədə, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm, lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qırmaqla ermənilər onları arxada qoydular".

Xocalıda 9 ailə tamamilə məhv edilmiş, 30 uşaq 2 valideynini, 150 uşaq bir valideynini itirmiş, 500-ə yaxın adam yaralanmışdır ki, onların 76 nəfəri uşaqlardır. 1275 nəfər girov götürülmüş, 150 nəfər itkin düşmüşdür. Dövlətə və şəxsi mülkə dəymiş ziyan 5 milyon manat dəyərləndirilmişdir.

Xocalı faciəsi təsadüfü hadisə deyildi. Bu, iki yüzs ildən artıq müddətdə davakar erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətiin tərkib hissəsi idi. Zaman-zaman davam etdirilən və məkirli siyasət nəticəsində azərbaycanlılar əzəli torpaqlarından, dədə-baba yurdlarından qovuldular, didərgin salındılar. Yüz minlərlə insan qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Xocalı faciəsini törətməklə ermənilər bununla xalqımızı qorxutmaq, onun mübarizə əzmini qırmaq, onu tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədlərinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi. Bu ağır faciənin baş verməsinə o dövrdə respublika daxilində gedən hakimiyyət davaları da əlverişli zəmin yaratmışdı. O, zamankı iqtidarın siyasi səbatsızlığı, ümummilli zidd mövqeyi Xocalı faciəsinin törədilməsində az rol oynamamışdır. Faciənin miqyasına və ağırlığına baxmayaraq hakimiyyətə olan qüvvələr o zaman bu qanlı cinayət barədə beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə vaxtındaq lazımi məlumat verməmiş, əksinə, xalqın qəzəbindən və hakimiyyəti itirəcəklərindən qorxaraq əsil həqiqəti xalqdan gizlətmişdir.

Müxalifət qüvvələri isə həmin dövrdə ümumxalq müsibətindən hakimiyyətə gəlmək üçün əlverişli vasitə kimi istifadə etdilər.

Yalnız Ümummilli Liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilməsinə nail olundu. Faciənin dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanınması üçün tədbirlər göründü.

Ümummilli Liderimiz Heydər Əliyev Xocalı faciəsinin xalqımızın qəhrəmanlıq tarixində xüsusi yeri olduğunu nəzərə çatdıraraq baş vermiş fəlakəti belə dəyərləndirmişdir: "Bir tərəfdən bu, hər bir Xocalı sakinin öz torpağına , millətinə, vətəninə sədaqətinin nümunəsidir, ikinci tərəfindən Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır. Vəhşiliyin görünməmiş bir təzahürüdür. Əgər Xocalı faciəsi, bir tərəfdən erməni işğalçılarının vəhşiliyinin nəticəsi olubsa, ikinci tərəfdən də bizim dövlət orqanlarının, o vaxtı respublikaya rəhbərlik edən səlahiyyətli şəxslərin cinayətkarlığı, etdiyi cinayətlər nəticəsində və hətta belə deyə bilərəm ki, xəyanətləri nəticəsində olubdur. Ona görə də biz bu soyqırımı pisləməliyik, ermənilərin bu vəhşiliyini dünyaya göstərməliyik, onları bir vəhşi kimi ifşa etməklə yanaşı, eyni zamanda, özümüzə etdiyimiz cinayəti, xəyanəti də aşkar etməliyik. Bu cinayətlər də, bu xəyanətlər də göz qabağındadır".

Məhz Ümummilli Liderimiz, unudulmaz rəhbərimiz Heydər Əliyevin təklifi ilə 1994-cu il fevral ayının 26-sı ərəfəsində Milli Məclisin qərarı ilə hər il 26 fevral günü ümumxalq hüzn günü kimi elan olunmuşdur.

Bu gün biz Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad edərək, onların qarşısında hər birimiz vicdan və vətəndaşlıq borcu haqqında düşünürük. Bu borcu ödəməyin ən yaxşı yolu Xocalı qəhrəmanlarının uğrunda öz həyatlarını qurban verdikləri ideyaları yaşatmaq, müstəqil Azərbaycan dövlətini qorumaq, onun sərhədlərinin toxunulmazlığını, bütövlüyünü təmin etməkdir.

Ulu Öndərimiz Heydər Əliyevin ideyaları bu gün ölkəmizin başçısı möhtərəm İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir.

Möhtərəm Prezidentimiz, zati-aliləri İlham Əliyev cənablarının apardığı ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir ki, artıq beynəlxalq təşkilatlar, aparıcı dövlətlər münaqişənin kökləri, səbəbləri və nəticələri barədə getdikcə daha geniş məlumatlandırılır. Bu gün Xocalı faciəsi dünyanın ən böyük dövlətlərinin parlamentlərində müzakirəyə çıxarılır, onun təfərrüatları ictimaiyyətə açıqlanır. Bir sıra beynəlxalq təşkilatlar, nüfuzlu dövlətlərin rəhbərləri, parlamentləri tərəfindən Ermənistanın işğalçı, təcavüzkar dövlət olduğu təsdiq edilir, ondan işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmaq tələb olunsa da, təəssüflər olsun ki, nəticəsiz qalırdı.

Uzun onilliklər boyu özünü dünya "Yazıq və məzlum" bir millət kimi təqdim edən ermənilərin Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın 7 rayonunu işğala məruz qoyması faktı artıq Avropa Şurası Parlament Assambleyasında təsdiqlənmişdir. Bu gün azərbaycanlıların məskunlaşdığı 100-dən çox ölkələrdə Xocalı soyqırımı ilə əlaqədar kütləvi tədbirlər keçirilir, Xocalı qurbanlarının unudulmaz xatirəsi hörmət və ehtiramla yad edilir. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, indiyədək yalnız qrant qoparmaq üçün tez-tez əcnəbi ölkələrə səfər edən müxalifət partiyalarının rəhbərlikləri Xocalı faciəsinə toxunmur, əsl həqiqəti dünya birliyinə çatdırmırlar. O yerdə ki, söhbət ümummilli məsələlərdən, ölkənin və xalqın taleyüklü problemlərindən gedir, orada iqtidar-müxalifət söhbəti olmamalıdır.

Prezident İlham Əliyev cənablarının qeyd etdiyi kimi, məqsəd Xocalı faciəsinə beynəlxalq hüquqi-siyasi qiymət verilməsinə, onun təşkilatçılarının, ideoloqlarının və icraçılarının dünya ictimaiyyətinin gözündə ifşasına və cəzalandırılmasına nail olmaqdır.

Xocalı soyqırımı adi cinayət olmadığına görə gələcək nəsillər tərəfindən unudulmamalı, ermənilərin millətimizə qarşı dəhşətli vəhşilik etdiyi heç vaxt yaddan çıxmamalıdır. Biz bir yumruq kimi birləşərək yağı düşməndən qisasımızı almalıyıq və aldıq da! Mübariz Ali Baş Komandanımızın rəhbərliyi, rəşadətli Ordumuzun qəhrəmanlığı və millətimizin milli birliyi ilə 30 ilə yaxın düşmən tapdağında inləyən torpaqlarımız dəmir yumruqla torpaqlarımız azad olundu, ölkəmizin ərazi bütövlüyü təmin edildi. Bu gün günahsız, qanına qəltan edilmiş, hər cür vəhşicəsinə öldürülmüş xocalıların da ruhu şaddır. Ona görə ki, 44 günlük Vətən müharibəsində xalqımız özünün yeni bir şanlı tarixini yazdı, faşizmə xidmət edən erməni mifini dağıtdı, bütün qonşularına qarşı torpaq iddiaları irəli sürən ermənilərin mənfur niyyətlərinə son qoyuldu, bölgədə sabitliyin qorunması təmin edildi. 2020-ci il Qələbə ili, Zəfər ili oldu.

"Bu zəfər Tarixi Zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq",- söyləyən Prezident İlham Əliyevin mətin iradəsi, Azərbaycan Ordusunun qırılmaz əzmi, ordu-xalq-iqtidar birliyi Ermənistana heç vaxt unuda bilməyəcəyi tarixi dərs oldu.

Və bu il Xocalı qurbanlarının xatirəsi həmişəkindən fərqli olaraq qələbə əhval-ruhiyyəsi ilə qeyd edilir. Qaçqın, köçkün sözləri Böyük Qayıdış ifadəsi ilə əvəz olunur. İşğaldan azad olunmuş torpaqlarımıza əsl sahiblərinin köçü başlanır. 30 ilə yaxın doğmalarının taleyindən narahat olan Xocalı qurbanlarının ruhları rahatlıq tapır. Şəhidlərimizin xatirəsi tarixi qələbə sevinci ilə ları ilə yad edilir. Bu, Prezident İlham Əliyev cənablarının qüdrətinin, düşmənin başı üstündə olan dəmir yumruğ siyasətini gücü, Qələbəsidir.

RAMİZ ŞABANOV,

YAP Tərtər rayon təşkilatının sədr

Bütün xəbərlər Facebook səhifəmizdə