Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir - ŞƏRH

Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir - ŞƏRH

"Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək".

O gün gəldi. Verdiyi bütün söz və vədlərin sahibi olan, onu həyata keçirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin vaxtilə səsləndirdiyi bu bəyanat gerçəkləşdi. Vətən müharibəsində böyük Qələbəmizə həsr olunmuş Zəfər paradında "mənim Ali Baş Komandanım, mənim əsgərim, mənim zabitim,"- deyə hər bir soydaşımız Müzəffər Azərbaycan Ordusu ilə qurur duydu.

Müstəqilliyin, ərazi bütövlüyünün təminatı məhz güclü ordu ilə reallaşır. Azərbaycanın tarixi Zəfər Qələbəsinə həsr olunmuş parad ordu quruculuğunun Azərbaycan dövlətinin prioritetlərindən biri olduğunu göstərdi. Təbii ki, güclü ordu həm də güclü iqtisadiyyat tələb edir. Azərbaycanın hər il genişlənən beynəlxalq enerji layihələri, iqtisadi imkanları hərbi potensialının inkişafına zəmin yaratdı. Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirdi. Son illər ərzində 20-dən çox hərbi zavodun yaradılması, 1200 addan çox hərbi təyinatlı müxtəlif məhsulların istehsalı və ixracı, ordumuzun müxtəlif ölkələrdən alınan müasir silah və texnikalarla təmin edilməsi Azərbaycan dövlətinin uğurlu hərbi strategiyasının bariz nümunəsidir.

Güc amili dünyanın müxtəlif bölgələrində əsas amil kimi çıxış edir. Güclü olan haqlıdır. Belə olan halda Azərbaycan siyasətində güclü ordu quruculuğunun dövlət prioritetinə çevrilməsini labüd etdi. Vətən müharibəsi Azərbaycan siyasətində hərbi strategiyanın düzgün qurulduğunu bir daha təsdiq etdi. Azərbaycan Ordusu "Dəmir yumruq" əməliyyatı ilə torpaqlarını erməni işğalından təmizlədi.

Otuz ilə yaxın Ermənistanın işğalı atlında qalan Azərbaycanın tarixi Qarabağ bölgəsi düşmən əsarətindən xilas edildi. Zəfər paradı Azərbaycanın tarixində qəhrəmanlıq, mərdlik qalibiyyət təqvimi, Ermənistanın tarixinə məğlubiyyət günü kimi həkk olundu. 30 ildə beynəlxalq təşkilatların edə bilmədiklərini Azərbaycan Ordusu 44 gündə həyata keçirdi. Bu, həmçinin bütün dünyada işğala, hərbi təxribatlara cəhd etmək istəyən qüvvələrə, dövlətlərə ibrət dərsi idi. Beynəlxalq ictimaiyyətin, BMT-nin Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun da Zəfər Paradından götürəcəyi Azərbaycan reallığı, təcrübəsi oldu.

Zəfər paradı bir daha göstərdi ki, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücü onun öz xalqına və dövlətinə sədaqətində, vətən sevgisindədir. Bu müharibədə yalnız haqlı və haqsız tərəflər qaldı. Ölkə Prezidenti 44 gün ərzində Azərbaycanın haqq səsini çatdırmaq üçün bütün beynəlxalq aləmə səsləndi 30 dan artıq müxtəlif ölkələrin jurnalist və ekspertlərinə verdiyi tutarlı cavablarla onların məkrli baxışlarını alt-üst etdi, informasiya blokadasını yardı və bu müddət ərzində dünya ictimaiyyətinin diqqəti bizə fokuslandı. Bütün dünya heyranlıqla lider-xalq vəhdətinin yüksək nümunəsini, eyni zamanda cəsarətlə mərhəmətin uğurlu sonluğunu izlədi.

Qələbə təkcə müəyyən ərazini ələ keçirtmək deyil. O, ruhun, ağılın, səbrin qalib olmasıdır Qələbə üçün ruh bütün qüdrəti ilə ayağa qalxmalı, nəinki düşməni, ölümün özünü belə diz çökdürən iradə səfərbər olmalıdır. Belə olan halda yalnız silahlar deyil, yuxarı qalxan yumruq belə ağır zindan kimi düşmənin başına düşüb onu əzə bilir.

Azərbaycan xalqı heç vaxt qılıncını ağıl və inam olmadan qaldırmayıb, çünki nəticənin özü üçün xəcalət, bəşəriyyət üçün fəlakət olacağından əmindir. Bu gün qələmlə qılınc, ağılla güc ayrılmaz bir vəhdət təşkil etdiyinə görə millət də ikiqat qürur yaşayır. Bu birliyin, bütövlüyün möhtəşəmliyi, böyüklüyü idi ki, bir oğulun yerini min oğul tuta bildi, Ali Baş Komandanın diplomatiya cəbhəsində verdiyi döyüşü, qələmlə yazdığını əsgər öz silahı ilə tamamlaya bildi, hər ikisi bir-birinə sarsılmaz arxa durdu. Bu, elə bir oyanış, milli kimliyə elə bir qayıdış oldu ki, sanki bütün tarixdə olan qəhrəmanlarımızın, şəhidlərimizin, qeyrətli oğullarımızın ruhu da bu böyük orduya qatılıb, düşmənə savaş açdı.

Böyük Qələbənin əhəmiyyətindən danışarkən xüsusi olaraq onu qeyd etməliyik ki, Kürəkçay müqaviləsindən keçən son 200 illik tariximizdə Prezident İlham Əliyev yeganə şəxsiyyət, ilk liderdir ki, itirilmiş, düşmən tərəfindən işğal olunmuş ərazilərin azad edilməsinə və xalqa qaytarılmasına nail oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz qətiyyəti, dəmir iradəsi, yeritdiyi güclü daxili və xarici siyasət, Prezident kimi 17 illik fəaliyyəti dövründə qəbul etdiyi qərarlar, atdığı addımlar, sərgilədiyi diplomatik gedişlər qazandığımız qələbənin baş tutmasında ən önəmli amil olub. Qələbəmizi istəməyən, uğurlarımıza qısqanclıqla yanaşan, düşmən mövqedə olan və düşmənə, işğalçıya açıq-aşkar dəstək verən bu qədər qüvvə qarşısında cənab İlham Əliyev mətin iradə, yenilməz qətiyyət, dönməzlik nümayiş etdirdi. Bu Şanlı Qələbənin daha bir xüsusiyyəti odur ki, xalq öz ordusunun Komandanını, Prezidentini daha da yaxından tanıdı, Müzəffər Ali Baş Komandan isə xalqın böyüklüyünün, müdrikliyinin və gözəl xüsusiyyətlərinin bir daha şahidi oldu. Xalq dövlətimizin başçısının necə iradəli, qətiyyətli, əzmkar, verdiyi sözü tutan şəxsiyyət olduğuna bir daha əmin olmaqla yanaşı, onun ən yüksək keyfiyyətlərə məxsus vətəndaş, vətənpərvər Ali Baş Komandan, xalqımızın, ordumuzun hər qələbəsinə bütün səmimiyyəti ilə ürəkdən sevinən, bu qələbələri böyük coşqu ilə alqışlayan necə sadə bir insan olduğunun da şahidi oldu. Bu gün həyata keçirilən siyasətin qanunauyğun nəticəsi olaraq, Azərbaycan sabitlik adası və inkişaf məkanı kimi tanınır. Azərbaycan qarşıdurma, rəqabət məkanı yox, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi çıxış edən Azərbaycan, həmçinin sivilizasiyalararası dialoqa əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm beynəlxalq tədbirlərə də uğurla ev sahibliyi edir. Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, eləcə də 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi isə ölkəmizin yüksək beynəlxalq nüfuzunun göstəricisidir. Bununla yanaşı, Bakıda 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Zirvə Görüşünün keçirilməsi, ölkəmizin bu təşkilata uğurla sədrlik etməsi də beynəlxalq müstəvidə Azərbaycana olan yüksək inam və etimadın əyani ifadəsidir. Bu sıraya, həmçinin Türk Şurası, Müstəqil Dövlətlər Birliyi, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və bu kimi digər qurumlarla səmərəli əməkdaşlıq əlaqələri daxildir.

Bunlarla yanaşı, Azərbaycan uğurlu enerji strategiyası həyata keçirməklə regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir. Digər tərəfdən, Azərbaycanda yaradılan müasir infrastruktur ölkəmizi Avrasiyada strateji nəqliyyat qovşağına çevirib.

Bütün cəbhələrdə möhtəşəm qələbənin memarı şübhəsiz, ölkə Prezidenti cənab İlham Əliyevdir.

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan dünyanın iqtisadi, siyasi və humanitar mərkəzinə çevrilib. Bütün sahələrdə ilklərə imza atan ölkəmiz müxtəlif beynəlxalq səviyyəli tədbirlər üçün ideal məkan seçilməklə malik olduğu imkanlarını dünyaya təqdim edir. Multikulturalizmin, tolerantlığın vətəni kimi tanınan Azərbaycan müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirməklə dünyaya sülh, əmin-amanlıq, əməkdaşlıq, birlik və həmrəylik mesajını ünvanlayır. XXI əsrin siyasətçisi cənab İlham Əliyev Azərbaycanın imzası qədər sözünün də əhəmiyyətli olduğunu bir daha təsdiqləmişdir. Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. On yeddi il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək, Ulu Öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə səs verdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir. Yeni əsrin yeni lideri İlham Əliyev bu 17 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu gün Azərbaycan həm də dünyada sayı məhdud olan kosmik ölkələr sırasındadır. 2013-cü ildə ilk telekommunikasiya peykimiz "Azerspace-1", 2014-cü ildə Yer səthini müşahidə edən "Azersky" peyki, 2018-ci ildə isə daha bir telekommunikasiya peyki - "Azerspace-2" orbitə çıxarıldı. Bu illər ərzində beynəlxalq təsisatlarla da səmərəli əməkdaşlıq əlaqələri qurması ölkəmizin beynəlxalq imicinin formalaşmasında müstəsna əhəmiyyət kəsb etdi. Hazırda bütün dünyanı bürüyən COVID-19 infeksiyasına qarşı mübarizədə də Azərbaycan Prezidenti liderlik təşəbbüslərini öz üzərinə götürərək adını dünya tarixinə yazdırmağı bacardı. Belə ki, məhz dövlətimizin başçısının təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının koronaovirusla mübarizəyə həsr olunan Zirvə görüşləri keçirildi. Türk Şurası bu Zirvə görüşü ilə həm də COVID-19 pandemiyasına həsr olunmuş Sammit keçirən ilk beynəlxalq təşkilat kimi tarixə düşdü. Qoşulmama Hərəkatının Zirvə görüşündə isə dövlətimizin başçısı BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürdü. Bu təşəbbüs də beynəlxalq birlik tərəfindən dəstəkləndi. Bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır. Dövlət başçısı İlham Əliyevin cəmiyyətə, dünyaya mesajları dolğun, hərtərəfli və əsaslandırılmışdır. Prezident xalqına gələcəyə nikbinliklə baxmağı tövsiyə edir, Azərbaycanın daha güclü dövlət olacağını bildirir. Xalqın etimadı ona yeni təşəbbüslər irəli sürməyə stimul verdiyini vurğulayır. Şübhəsiz, qarşıdakı növbəti illər ərzində bu missiyanın da uğurla həyata keçəcəyinə şahid olacağıq.

Abil Ağasəfov,

YAP Qəbələ rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə