"Bir çox azərbaycanlı qadın elmə böyük töhfələr verib və onlar elm sahəsi ilə məşğul olan qızlar və gənc xanımlar üçün əsl ilham mənbəyidir. Lakin bu gün ən vacib məsələ qızlar və gənc xanımların iştirak səviyyəsinin yaxşılaşdırılması üçün münbit şəraitin yaradılmasının davam etdirilməsi və elm sahəsində gender boşluğunun doldurulmasıdır". Bu fikirləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ICESCO-nun "Qadınlar və qızlar elmdə" Beynəlxalq Günü münasibətilə keçirdiyi tədbirdə videoformatda çıxışı zamanı bildirib.
Mehriban xanım Əliyeva ICESCO-nu 2021-ci ili "Qadınlar ili" elan etməsi ilə bağlı təşəbbüsünü yüksək qiymətləndirərək, bunun yalnız təşkilat tərəfindən qadınların cəmiyyətimizdəki roluna verilən əhəmiyyətin təzahürü deyil, həmçinin onların daha firavan və təhlükəsiz dünya naminə misilsiz töhfəsinin təsdiqi olduğunu bildirib. Bu gün Azərbaycanda təhsildə, elmdə, ölkənin ictimai-siyasi həyatında gender bərabərliyinin təmin edilməsi istiqamətində də mühüm nəticələr əldə olunub. Bu ölkəmizdə qadınlar bütün sahələrdə fəal iştirak edirlər. Texniki, innovativ, neft sənayesi və digər sahələrdə qadınların sayı yetərincədir. Ölkəmizdə qadınlar üçün uyğun şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi məqsədi ilə mühüm addımlar atılır, qadın hüquqlarının qorunmasına xüsusi diqqət yetirilir.
Vurğulamaq yerinə düşər ki, müsəlman Şərqində və Türk dünyasında ilk demokratik respublikanı yaratmaqla xalqımız sahib olduğu dövlətçilik ənənələrini bir daha təsdiq etdi. Azərbaycan qadınına seçmək və seçilmək hüququnu verdi. "Mən yalnız onunla fəxr etmirəm ki, dünyada ilk dəfə, - bir əsrdən öncə, - sənaye üsulu ilə neft quyusunun qazıldığı, Şərqdə ilk operanın açıldığı və ən vacib olan, müsəlman dünyasında ilk demokratik respublikanın yaranmasına görə tanınan ölkədənəm", deyən Mehriban Əliyeva bildirib ki, Azərbaycan həm də 1918-ci ildə qadınlara seçmək və seçilmək hüququnu verən ilk ölkələrdən biri olaraq tarixə düşmüşdür: "Qızların təhsilinə gəldikdə isə, müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi azərbaycanlı xeyriyyəçi Zeynalabdin Tağıyev tərəfindən 1901-ci ildə mənim doğulduğum Bakı şəhərində yaradılmışdır".
Azərbaycan qadınının cəmiyyətdə öz layiqli yerini tutmasının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində bu gün ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisi kimi demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir.
Azərbaycan qadınları müxtəlif beynəlxalq təşkilatlarda, xüsusi komitələrdə yüksək səviyyədə təmsil olunur, ölkəmizin maraqlarını müdafiə edirlər. Mehriban Əliyeva bu gün Azərbaycanda savadlılıq səviyyəsinin 100 faizə yaxın oduğunu qeyd edərək diqqətə çatdırıb ki, qadınların ölkəmizdə ali təhsil ocaqlarında magistrlərin 54 faizini, fəlsəfə doktorlarının 51 faizini, elmlər doktoru dərəcəsinə malik olanların 46 faizini və elmi tədqiqatçıların 56 faizini təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyasının ümumi kollektivinin 59 faizi isə qadınlardan ibarətdir. Bu faktlar ölkəmizdə qadın rolunun göstəricisi, qadın əməyinə verilən qiymətdir.
"BİZ BU GÜN COVID-19 İLƏ MÜBARİZƏNİN ÖN CƏBHƏSİNDƏ DAYANAN QADIN ALİM, HƏKİM VƏ SƏHİYYƏ İŞÇİLƏRİNƏ EHTİRAMIMIZI İFADƏ ETMƏLİYİK"
Mehriban Əliyeva bu gün ən vacib məsələnin qızlar və gənc xanımların iştirak səviyyəsinin yaxşılaşdırılması üçün münbit şəraitin yaradılmasının davam etdirilməsi və elm sahəsində gender boşluğunun doldurulmalı olmasını bildirib: "Bir nümunə olaraq bu yaxınlarda BMT-nin İnkişaf Proqramı ilə bərabər başladığımız "Qadınlar elm, texnologiya, mühəndislik və riyaziyyatda" adlı mentorluq proqramını qeyd edə bilərəm ki, burada məqsəd tələbə və gənc xanımların həmin sahədə uğur qazanmış nümunəvi şəxslərlə təmas yaratması və onlara təhsil və karyera sahəsində çağırışların öhdəsindən gəlmək üçün məsləhətlərin verilməsidir".
Yüksək intellektual potensiala malik olan qadın alimlərimizin hər biri öz sahəsində yenilikçiliyi, dəyərli araşdırmaları ilə təkcə Azərbaycan deyil, dünya elmində öz layiqli yerlərini tutublar. Belə ki, humanitar, texniki və dəqiq elmlər üzrə ölkəmizdə və ölkədən kənarda araşdırmaları və kəşfləri ilə tanınan qadın alimlərimiz kifayət qədər var. Birinci vitse-prezident Mehriban Əliyeva çıxışında "Biz bu gün COVID-19 ilə mübarizənin ön cəbhəsində dayanan qadın alim, həkim və səhiyyə işçilərinə ehtiramımızı ifadə etməliyik" deyərək biz test üsullarının təkmilləşdirilməsindən tutmuş vaksinlərin hazırlanmasına qədər COVID-19 ilə mübarizənin müxtəlif mərhələlərində həlledici rol oynayan tədqiqatçı qadınlarımızla fərəhlənə bilərik".
"BİZ YALNIZ MÜSƏLMANLARA DEYİL, BÜTÜN DİNLƏRƏ MƏXSUS MƏDƏNİ İRSİ BƏRPA EDƏCƏYİK"
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı zamanı rəşadətli ordumuz bir-birinin ardınca düşmənə ağır zərbələr vuraraq təcavüzkar ölkənin siyasi-hərbi rəhbərliyini çıxılmaz vəziyyətə saldı. 44 gün davam edən müharibədə vətən torpağının erməni işğalçılarının təcavüzkar siyasəti nəticəsində işğal altında olan əraziləri işğalçılardan azad olundu. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. 30 ildən sonra tarixi ədalət bərpa olundu.
ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri çərçivəsində Füzuli rayonunda, daha sonra Ağdamda olmuşdurlar. Nümayəndə heyətinin üzvləri Ağdam şəhərində Ermənistanın müharibə cinayətlərinin izlərinə baxıb, ermənilərin 27 il ərzində törətdikləri vandalizmin şahidinə çevriliblər. Ağdam məscidində olan nümayəndə heyəti digər tarixi abidələrimiz kimi, XIX əsrin yadigarı olan Ağdam məscidinin də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra talan edilərək dağıdıldığının şahidinə çevriliblər. Ağdam Dram Teatrının və Çörək muzeyinin binalarının qalıqlarına baxan nümayəndə heyəti, rayonun işğaldan əvvəlki görüntüləri və tarixi abidələrinin fotoları olan stendlərlə də tanış olmuşdurlar.
Mehriban xanım Əliyeva hazırda dövlət qarşısında azad olunmuş ərazilərin canlandırılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi kimi nəhəng vəzifənin dayandığını bildirib: "Biz bunun öhdəsindən gələcəyik. Biz dağıdılmış şəhərləri və kəndləri bərpa edəcəyik. Biz orada məktəblər tikəcəyik. Biz yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik. Biz işğal zamanı zərər görmüş mədəni irs abidələrinin vəziyyətinin qiymətləndirilməsində ICESCO-nun Azərbaycan hökuməti ilə birgə çalışmağa hazır olduğunu yüksək qiymətləndiririk".
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB