Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti quruculuğuna xidmət edən Milli Prioritetlər
Bəli, bugünkü şəraitdə ölkəmizin bütün sahələrində həyata keçirilən tədbirlər və əldə olunan real nəticələr ölkə Prezidentinin həyata keçirdiyi uğurlu sosial siyasətin sübutudur. Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaq, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Azərbaycanda da dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Əslində, dövlət başçımız bu siyasətini 17 ildir ki, davam etdirir, ancaq hazırkı məqamda həmin siyasət daha aşkar görünməkdədir.
Xüsusilə də, bu gün dünyanı çalxalayan koronavirus pandemiyası bütün inkişaf etmiş dövlətləri iflic vəziyyətinə saldığı bir məqamda, Azərbaycan ilk gündən unikal tədbirlər keçirilməsi nəticəsində bütün sahələrdə olduğu kimi, koronavirusla mübarizə tədbirlərində də ölkəmiz dünyada özünəməxsus imic formalaşdırıb - Azərbaycan modeli. Bu, reallıqdır. Azərbaycan artıq beynəlxalq aləmdə inkişaf, tərəqqi, yüksəliş simvoluna çevrilir. Bütün dünyanın etiraf etdiyi bu reallıq Prezident İlham Əliyevin fəaliyyətinə verilən haqlı və real qiymətdir. Bu, dövlət başçımızın dövlətləri və millətləri birləşdirən siyasətidir və bu siyasət Azərbaycan tərəfindən təqdim olunur, öyrənilir.
Bu baxımdan Prezident İlham Əliyev fevralın 2-də Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafının başlıca prioritetlərini müəyyən edən proqram Sərəncamı- "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" növbəti 10 ildə sosial-iqtisadi sahədə geniş islahatların həyata keçirilməsini, əhalinin maddi rifah halının daha da yüksəldilməsini, milli iqtisadiyyatın inkişafının genişləndirilməsi və dayanıqlı iqtisadi inkişafın qorunub saxlanılmasını təmin edəcək.
Həmçinin, Sərəncamda azad olunan ərazilərin sosial iqtisadi inkişafı da nəzərdə tutulub ki, bu da öz növbəsində həmin yerlərin inkişafına əvəzsiz töhfələr verəcək. Beləliklə, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər növbəti on il ərzində Azərbaycanda müşahidə olunan sosial-iqtisadi inkişafı tamamilə yeni, keyfiyyətcə daha yüksək mərhələyə çıxaracaq. Ən əsası isə, dövlət başçımızın son 17 il prezidentlik fəaliyyəti dövründə xalqımız daima öz liderinə inanıb və ölkənin Lider idə qarşıya qoyulan hədəflərə inamla çatıb. Nəticədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazanaraq, 44 gün ərzində 30 illik həsrətə son qoymaq və torpaqlarımızın işğaldan azad edilməsi ədalətin təntənəsi, eyni zamanda hər bir azərbaycanlı üçün qürur mənbəyi oldu. Azərbaycan gücün və qüdrətin, xalq-iqtidar birliyinin, həmrəyliyin, milli iradə və əzmkarlığın sayəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, şəhidlərimizin qisasını aldı. Prezident İlham Əliyev rəşadətli Ordumuzun Ermənistana qarşı apardığı «Dəmir yumruq» əks-həmlə hərbi əməliyyatında - Vətən müharibəsində Qələbəmizi belə qiymətləndirib: «Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik».
Və bu gün respublikamızın qarşısında duran ən ümdə məsələ də qələbənin əbədiləşdirilməsi üçün doğma torpaqlarından köçkün düşən insanların öz yerlərinə qayıdışını təmin etməkdir. Bu mənada Prezident İlham Əliyev cənablarının «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də işğaldan azad olunmuş ərazilərə qayıdışla bağlı xüsusi bəndin yer almasının mühüm siyasi və iqtisadi əhəmiyyəti var. "Böyük Qayıdış" proqramı vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və həmin ərazilərin ölkənin iqtisadi sisteminə inteqrasiyasında körpü rolunu oynayacaq.
İlk növbədə qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Bu baxımdan Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasında, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsində aparıcı rolu bundan sonra özünü daha qabarıq formada göstərəcək. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş yüksək sosial-iqtisadi göstəricilər və möhtəşəm siyasi nailiyyətlər, formalaşmış milli və multikultural dəyərlər qarşıdakı illərdə dövlətimizin qüdrətinin daha da artacağına əminlik yaradır.
Bütövlükdə prioritetlər dərinləşmiş islahatların növbəti on ildə də davam etdiriləcəyindən xəbər verir
Milli Prioritetlərdən olan sosial təminatla bağlı islahatların, o cümlədən pensiya islahatlarının da davam etdirilməsi, minimum və orta pensiya məbləğinin artırılması da nəzərdə tutulub. Belə ki, müavinətlər daxil olmaqla sosial ödənişlərə ayrılan vəsaitlərin həcmində də artımların olması, pensiya islahatlarının aparılması həm də pensiya məbləği ilə sığorta haqqı arasındakı mütənasibliyin artırılmasını nəzərdə tutacaq ki, bu da pensiyaçıların hüquqlarının daha yaxından qorunması və onların daha çox pensiya almasına imkan yaradacaq.
Bir sözlə, növbəti 10 illik Milli Prioritetlər ölkənin sosial-iqtisadi inkişafını yeni, keyfiyyətcə daha yüksək mərhələyə çıxaracaq. Bu baxımdan Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasında, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsində aparıcı rolu bundan sonra özünü daha qabarıq formada göstərəcək. Dövlət başçımızın dediyi kimi: "Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir".
Sonda onu da vurğulamaq istərdim ki, Prezident İlham Əliyevin həyata keçirdiyi bütün möhtəşəm layihə və proqramlar kimi, sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər də Azərbaycan xalqının rifah səviyyəsinin yüksəldilməsinə və dövlətimizin iqtisadi-siyasi qüdrətinin artmasına dəqiq hesablanmışdır. Beləliklə də, müharibə və pandemiya dövrünün ağır sınaqlarından çıxmış milli birliyimiz növbəti illərdə də özünün bariz təzahürlərini tapacaqdır.
ZƏRİFƏ QULİYEVA,
YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB