Aydın Mirzəzadə: “Ermənistan prezidenti Serj Sarkisyanın, müdafiə naziri Seyran Ohanyanın bəynatları tamamilə cəfəngiyatdır”

Aydın Mirzəzadə: “Ermənistan prezidenti Serj Sarkisyanın, müdafiə naziri Seyran Ohanyanın bəynatları tamamilə cəfəngiyatdır”

Ermənistan prezidenti Serj Sarkisyanın, müdafiə naziri Seyran Ohanyanın məntiqsiz ifadələri heç bir önəm kəsb etmir". Bu sözləri SİA-ya millət vəkili Aydın Mirzəzadə açıqlamasında deyib.

O bildirib ki, əgər Ermənistan prezidenti beynəlxalq hüquq norma və prinsiplərini bilmirsə, heç şübhəsiz ki, bu ölkənin müdafiə naziri də məsələdən tamamilə xəbərsiz olacaq.

Millət vəkilinin fikrincə, Ermənistanın imzaladığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yalnız həmin ölkələrin təhlükəsizliyinin müdafiəsi üçündür: "Təbii ki, Sarkisyanın səsləndirdiyi hər bir sərsəm bəyanatdan sonra Ermənistanın müdafiə naziri də bu cür fikirlər yürütməyə məcburdur".

S.Ohanyanın verdiyi ifadələri tamamilə cəfəngiyyat adlandıran A.Mirzəzadə Azərbaycanın beynəlxalq aləmdə qəbul edilmiş Azərbaycan-Ermənistan sərhəddini keçmək fikrində olmadığını vurğulayıb.

O qeyd edib ki, Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan tərəfindən işğala məruz qalıb və dövlətimiz də bu torpaqların azad olunması üçün bütün variantlardan, o cümlədən, hərb yolundan istifadə etmək fikrindədir.

Millət vəkili həmçinin vurğulayıb ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisində hərbi əməliyyatları bərpa edəcəyi təqdirdə, KTMT-nin bu münaqişəyə qarışmağa qətiyyən heç bir hüquqi əsası yoxdur: "Çünki baş verəcək bütün proseslər Azərbaycan ərazisi olan Dağlıq Qarabağda gedəcək. Ohanyan öz bəyanatı ilə Azərbaycanı guya qorxutmaq istəyir. Düşmən ölkə bu günə qədər çox belə cəfəng, cəmiyyəti guya "şok"a salacaq ifadələrlə çıxış edib. Lakin onların apardığı siyasət və söylədiyi arqumentlərin heç bir reallığa söykənən əsası yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə