Azərbaycanda yeni \"Yeni İslahatçılar Hərəkatı\" adlı siyasi birlik təsis olunub
Azərbaycanın bir neçə siyasi partiyası \"Yeni İslahatçılar Hərəkatı\" (YİH) adlı qurum yaradıb. SİA-nın məlumatına görə, birliyi təsis edən Azad Respublikaçılar (AAP), Demokratik Azərbaycan Dünyası (DADP), Azərbaycan Mübarizlər (AMP), Azərbaycan Milli Dövlətçilik (AMDP) və Azərbaycan Respublikaçılar (ARP) partiyalarıdır. Siyasi birliyin təsis olunması ilə bağlı keçirilən mətbuat konfransında çıxış edən DADP sədri Məmməd Əlizadə qeyd edib ki, qurumun yaradılmasında əsas məqsəd Azərbaycan Prezidenti İlham Əliyevin islahatlar siyasətinə dəstək olmaqdır: "Yeni siyasi birliyin yaradılmasında məqsədlərinin Azərbaycanda sivil, demokratik vətəndaş cəmiyyəti quruculuğuna töhfə verməkdir. Bu məqsədlə YİH-in Bakı, Göyçay və Şamaxıda komitələri yaradılıb. Respublika üzrə 7 komitənin yaradılması nəzərdə tutulur. Çalışacağıq ki, Azərbaycanın ən ucqar dağ kəndində də fəaliyyət göstərə bilək"
Ölkədə aparılan antikorrupsiya kampaniyasına ciddi dəstək verəcəklərini deyən M.Əlizadə "iqtidaryönlü partiyalar" adlandırılmaları ilə razılaşmayıb: "Biz sadəcə, siyasi partiyayıq. Biz iqtidar və müxalifət partiyaları ilə qarşı-qarşıya oturaraq istənilən məsələni müzakirə etməyə hazırıq. Əlbəttə ki, danışıqları ilk növbədə dövlətçilik mənafelərini müdafiə etmək şərtilə apara bilərik".
Mətbuat konfransında çıxış edən AMDP sədri Sabir Tarıverdiyev qeyd edib ki, siyasi partiyaların yeni birliyi ölkədə sadə vətəndaşların gündəlik problemlərinin həll olunması istiqamətində dövlətə kömək göstərəcək. Tədbirdə yeni siyasi birliyə daxil olan digər partiyaların sədrləri - Kamil Seyidov, Ağadur Müslümov və Sübut Əsədov da çıxış ediblər. Bildirilib ki, YİH-in regional komitələri araşdırmalar aparacaq və həmin araşdırmaların nəticələri cəmiyyətə və dövlətə təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB