"Azərbaycanın 30 il ərzində dünya güclərinin həll edə bilmədikləri, daha dəqiq desək, həll etmək istəmədikləri Qarabağ problemini cəmi 44 günə həll edə bilməsi dünyada bir şok effekti yaratdı". Bunu "Azadlıq Hərəkatçıları" Birliyinin sədri Təhmasib Novruzov "Səs" qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, cəmi 29 il müstəqillik tarixi olan Azərbaycanın həm hərbi, həm diplomatiya, həm də informasiya savaşında belə bir tarixi uğur qazanacağını heç kim gözləmirdi: "Lakin bu, baş verdi və hələ də ədalətdən dəm vuran bu güclər nələr baş verdiyini anlamaqda zorlanırlar. Erməni lobbisinin təsiri altında gah bu qələbəni Türkiyə hərbi qüvvələrinin zəfəri kimi qələmə verməyə çalışırlar, gah xristian abidələrinin dağıdılması, ermənilərə qarşı etnik təmizləmə həyata keçirilməsi kimi absurd fikirlər səsləndirirlər. Bunlardan istədikləri nəticəni əldə edə bilmədiklərini görüb, içimizdəki bəzi südü haram qüvvələri ələ alıb, daxilimizdə inamsızlıq toxumu səpməyə can atırlar. Təbii ki, bütün xalqlarda olduğu kimi, bizim xalqın da içində zatı-kökü naməlum ünsürlər var və belə ünsürlər bu situasiyadan pul qazanmaq üçün yararlanmağa həvəslidirlər".
T.Novruzov onu da bildirdi ki, xaricdəki Azərbaycan əleyhinə olan qüvvələrin əlində oyuncağa çevrilən belə zatıqırıqlar hər vasitə ilə qələbənin əhəmiyyətini kiçiltməyə, hətta bəzi hallarda həyasızcasına bu zəfəri növbəti diplomatik məğlubiyyət kimi təqdim etməyə can atırlar: "Sonda özlərini rüsvay edəcək bu addımları atanlar özləri də gözəl bilirlər ki, bu fəaliyyətin sonu onların ifşası deməkdir. Ancaq, pul, var, dövlət hərisliyi onları bu reallığı qəbul etməyə imkan vermir. Tam əminliklə deyə bilərəm ki, xalq bu qələbənin son 270 ilin ən böyük qələbəsi, erməni mifinin darmadağın edilməsi kimi dəyərləndirir və düşmənlərin əli ilə yaradılan "beşinci kalon"un məğlubiyyəti də qaçılmaz olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB