Rusiya hər təcavüzə görə cavab verəcək

Rusiya hər təcavüzə görə cavab verəcək

Qeyd edildiyi kimi, ABŞ-ın 46-cı prezidenti Cozef Bayden bir müdət bundan əvvəl amerikalılara müraciət edib.

SİA həmin müraciətdəki bəzi nüansları diqqətinizə catdırır.

Xatırladaq ki, “Amerika geri döndü”-deyən Bayden, ilk olaraq, Rusiya ilə bağlı sərt açıqlamalar səsləndirib. Kremldən “Navalnının dərhal sərbəst buraxılmasını” tələb edən yeni Amerika prezidentinin sözlərinə görə, artıq “ABŞ-ın Rusiyanın təcavüzkar hərəkətləri qarşısında geri çəkildiyi günlər arxada qaldı”.

“... Biz dünənki çətinliklərə cavab vermək üçün deyil, bu günün və sabahın çağırışlarına cavab vermək üçün dünya ilə qarşılıqlı əlaqə quracağıq. Amerika rəhbərliyi bu yeni avtoritar irəliləmə dövrünü, o cümlədən, Çinin ABŞ-la rəqabət etmək üçün artan ambisiyaları və Rusiyanın demokratiyamızı gözdən salmaq və məhv etmək əzmini dəf etməlidir”.

Maraqlıdır ki, bunları bəyan edən Bayden dünyada sürətlə böyüyən qlobal problemlərin təkcə ABŞ tərəfindən həllini də münasib görməyib. O, etiraf edib ki, Amerika bunu təkbaşına həll etmək iqtidarında deyil.

Onun sözlərinə görə, bu gün Amerika üçün lazım olan şey ABŞ-ın ən çox dəyər verdiyi demokratik dəyərlərə əsaslanan diplomatiyadır. Bizim əsas amalımız dünyada azadlığı qorumaq, ümumdünya hüquqlarına hörmət, qanunun aliliyinə hörmət və hər kəsə hörmət etmək olacaq. Amerikalı prezidentə görə, ölkəsinin əsas mübarizəsi dünya demokratiyasını qorumaq üçün mübarizə olacaq.

Son iki həftə ərzində Kanada, Meksika, Böyük Britaniya, Almaniya, Fransa, NATO, Yaponiya, Cənubi Koreya, Avstraliya və bir çox ölkənin rəhbərləri danışıqlar apardığını bildirən Bayden ABŞ-ın tərəfdarlarını ölkəsinin ən böyük sərvəti kimi dəyərləndirib.

ABŞ və Rusiya arasında nüvə sabitliyinə zəmanət verən müqavilənin daha beş il uzadıldığını bildirən Bayden, bununla yanaşı, Moskvanın təcavüzkar hərəkətlərini – Amerikadakı seçkilərə müdaxiləsini, kiber hücumlarını, vətəndaşlarının zəhərlənməsi qarşısında ABŞ-ın geri çəkildiyi günlərin artıq geridə qaldığını bildirib: “Rusiya ilə münasibətlərimiz koalisiyada və digər həmfikir tərəfdaşlarla koordinasiyada işləyəndə daha təsirli olacaq. Bu gün Aleksey Navalnının siyasi səbəblərə görə, həbs olunması, Rusiyada ifadə azadlığının, dinc toplaşmaq azadlığının boğulması bizi və beynəlxalq ictimaiyyəti dərindən narahat edir”.

Qeyd edilməlidir ki, Bayden ən böyük rəqib kimi dəyərləndirdiyi Çindən ölkəsinə qarşı ehtimal olunan təhlükə və təhdidlərə qarşı mübarizə aparacağını gizlətməyib. Çinin iqtisadi istismarına müqavimət göstərəcəyini istisna etməyən Amerika prezidenti, Pekinin ABŞ-ın maraqlarına cavab verəcəyi təqdirdə bu ölkə ilə əməkdaşlıq edəcəklərini də gizlətməyib.

Prezidentliyinin ilk günündən ölkəsinin Paris İqlim Sazişində iştirakını bərpa etdiyini bildirən Bayden Amerika mövcud təhlükələr qarşısında əməkdaşlıq fəaliyyətinin bundan sonra da genişləndirəcəyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə