"Prezidentimizin bütün addımları təqdirəlayiqdir" ŞƏRH-ÖZƏL

"Prezidentimizin bütün addımları təqdirəlayiqdir" ŞƏRH-ÖZƏL

“Cənab Prezidentin işğaldan azad edilmiş torpaqlarımızın mümkün qədər sürətli bir şəkildə dirçəldilməsi, orada normal həyatın təmin edilməsi üçün atdığı bütün addımlar təqdirəlayiqdir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi vurğulayıb ki, Cənab Prezident hər birimizdən daha çox istəyir ki, nə qədər tez mümkün olsa, bir o qədər tez də məcburi köçkünlərimizi o torpaqlara qaytarıb normal həyatlarını təmin etsin.

“Məcburi köçkünlərimizin öz doğma torpaqlarına qayıtması, orada da normal həyatın bərpası, işğaldan azad olunmuş ərazilərimizin də abadlaşdırılması üçün müxtəlif istiqamətlərdə, müxtəlif təşəbbüslər irəli sürülür və gerçəkləşdirilir. Qarabağ Dirçəliş Fondu da o təşəbbüslərdən biridir. Bu, Cənab Prezidentin məhz yenidən yerləşməni sürətləndirmək, Qarabağı dünyaya bir Azərbaycan torpağı kimi yenidən təqdim etmək üçün atdığı çox təqdirəlayiq bir addımdır.

Belə bir deyim var, deyirlər ki, kadrlar hər şeyi həll edir. Burada, bu fonda seçilmiş şəxs haqqında da mən qeyd eləmək istəyirəm ki, bu da çox düzgün bir seçimdir. Ona görə ki, hazırda bu fonda rəhbərlik edən Rəhman Hacı istər Qərb dünyasında, istərsə də bizə yaxın olan qonşu dövlətlərdə, özəlliklə də Rusiyada bu işlərlə yüksək səviyyədə məşğul ola biləcək bir kadrdır. Belə bir kadrın cəlb edilməsi də Cənab Prezidentin hər şeyi düzgün həyata keçirməsinin daha bir nümunəsidir, örnəyidir. Yəni, kadr düzgün seçiləndə, işi işbilənə tapşıranda əlbəttə ki, nəticə olur və ciddi nəticələr haqqında danışmaq, hətta öncədən proqnozlaşdırmaq da mümkündür.
O baxımdan, mən düşünürəm ki, həm kadr seçimi düzgün edilib, həm də ki, Cənab Prezidentin iradəsi şübhəsizdir. Şübhəsizdir o mənada ki, əlbəttə, Cənab Prezident bizim hər birimizdən daha çox çalışır ki, Qarabağ torpaqları yenidən canlansın, yenidən Azərbaycan xalqı, köçkünlər öz yurd-yuvalarına qayıtsınlar, yenidən Qarabağı Azərbaycan torpağı olaraq dünyaya açaq və dünyanın hər tərəfindən olan istənilən şəxs gəlib görsün ki, bu torpaqlar doğrudan da kimin olub, indi də kimindir. O baxımdan, mən düşünürəm ki, Qarabağ Dirçəliş Fondu çox ciddi işlər görə biləcək və vətəndaş olaraq, eləcə də dövlətimizin inkişafında maraqlı şəxslər olaraq biz də öz tövhəmizi verməyə çalışacağıq”, deyə Azər Həsrət bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə