İtaliya BMT-nin Azərbaycanla bağlı mövqeyini daim dəstəkləyib - ŞƏRH ÖZƏL

İtaliya BMT-nin Azərbaycanla bağlı mövqeyini daim dəstəkləyib - ŞƏRH ÖZƏL

"İtaliya Azərbaycanın sadiq dostu və tərəfdaşıdır. İtaliya və Azərbaycan arasında ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını qeyd etmək olar. Xüsusilə vurğulamaq lazımdır, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Molokanskaya küçəsi 35 ünvanında İtaliyanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul Enriko Ensom rəhbərlik edib. İtaliya Azərbaycanın müstəqilliyini 1 yanvar 1992-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin may ayının 8-də qurulub. 1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi təsis edilib. İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir. Avropa İttifaqının əsas üzvlərindən olan İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. Bildiyiniz kimi artıq Cənub Qaz Dəhlizi istifadəyə verilib. TAP-la nəql olunan qazın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük əhəmiyyəti var". Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Ekspertin sözlərinə görə, Azərbaycan-İtaliya əməkdaşlığının nümunəvi xarakter daşıyır: "İkitərəfli müstəvidə strateji tərəfdaşlığı özündə əks etdirən bir sıra nümunələrə müraciət edə bilərik. Vətən müharibəsi dövründə İtaliyanın Azərbaycanla həmrəyliyini göstərən faktlarla nümayiş olunub. İtaliya mediasının məsələyə obyektiv yanaşmasını nümayiş etdirən bir sıra materiallar dərc olunub. İyul hadisələri zamanı də italiyalı parlamentarilərin oxşar mövqeyinin şahidi olmuşduq. İtaliyanın “Agenzia Nova” xəbər agentliyinə açıqlamasında İtaliya Senatının “Yaşasın İtaliya” partiyasından olan üzvü, senator Mauro Maria Marino bildirmişdi ki, hazırda Ermənistan-Azərbaycan sərhədində baş verən şiddətli silahlı qarşıdurmalar 1990-cı illərdən davam edən və minlərlə insanın ölümünə səbəb olan yeni, qəbuledilməz münaqişənin alovlanması riskini artırır: “Biz hazırkı gərginliyə səbəb olan və ölkələrin suverenliyinin, sərhədlərin toxunulmazlığının və beynəlxalq hüquq prinsiplərinin əhəmiyyətini şübhə altına alan Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması və təxribatlara əl atmalarını pisləyirik. Beynəlxalq ictimaiyyətin dağıdıcı müharibənin dərhal dayandırılması və sülh danışıqlarının bərpa edilməsi məqsədilə müdaxilə etməsi vacibdir”. Bununla yanaşı, İtaliya Deputatlar Palatasının Xarici əlaqələr komissiyasının üzvü, “İrəli İtaliya” partiyasından olan deputat Osvaldo Napoli isə İtaliyanın “Askanews” xəbər agentliyinə açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında son üç gün ərzində baş verən silahlı qarşıdurma Azərbaycan tərəfdən 1 mülki şəxs və 1 general da daxil olmaqla, ümumilikdə hər iki tərəfdən ən azı 16 nəfərin ölümünə səbəb olub. Deputat əlavə edib ki, iki ölkə arasındakı qarşıdurma hazırda Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ regionu ilə əlaqədar 1994-cü ildə başlayıb və münaqişə müəyyən nisbi fasilələrlə dörddə bir əsrdir ki davam edir. Deputat qeyd edib ki, Avropa öz səsini eşitdirməli və Azərbaycan xalqının qanuni haqlarını və hər iki ölkənin ərazi bütövlüyünün qorumasını təmin edən diplomatik həll tapılmalıdır".

Politoloq bildirilib ki, yuxarıda adları sadalanan 2 deputatdan öncə Senatın Xarici əlaqələr daimi komissiyasının sədri, 5 Ulduz Hərəkatı partiyasından olan senator Vito Petroçelli, İtaliya Respublikasının Nazirlər Şurasının Parlamentlə Əlaqələr üzrə dövlət katibi, 5 Ulduz Hərəkatı partiyasından olan senator Canluka Kastaldi, İtaliyanın ATƏT Parlament Assambleyası yanında nümayəndə heyətinin sədri və Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasının sədr müavini, Liqa partiyasından deputat Paolo Qrimoldi, İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Qrupunun sədri, Liqa partiyasından senator Stefano Luçidi, İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, Liqa partiyasından deputat Rossana Boldi və İtaliya Senatının “İrəli İtaliya” partiyasından olan üzvü, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədr müavini, senator Maria Rizzotti də oxşar bəyanatlarla İtaliya mətbuatına açıqlamlar veriblər. Vətən müharibəsində və ondan sonrakı dövrdə İtaliyalı rəsmi şəxslərin beynəlxalq hüququn fundamental prinsiplərinə sadiqliyini müşahidə etmişik. İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano “Agenzia Nova” xəbər agentliyinə müsahibəsində söyləyib ki, İtaliya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər zaman Birləşmiş Millətlər Təşkilatının mövqeyini, yəni, işğal altındakı ərazilərin Azərbaycana qaytarılmalı olduğunu dəstəkləyib. İtaliya həmişə ən müdrik, ən məntiqli və ən geniş yayılmış mövqeyi, yəni, BMT-nin mövqeyini dəstəkləyib. Həmin ərazilərin 1990-cı illərdə Ermənistan tərəfindən işğal edildiyini və Azərbaycana qaytarılmalı olduğunu bildirən bir çox qətnamələr var".

İ.Hüseynov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci ilin fevralın 3-də İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərəkən ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib: "Bununla yanaşı, rəsmi Bakı Vətən müharibəsindən sonra azad edilmiş ərazilərin bərpasına dost ölkələrin yaxından cəlb edilməsinin və onlara geniş imkanlar yaradılmasının tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Ümid etmək olar ki, italyan şirkətləri bizim ərazilərimizin bərpası ilə bağlı layihələrdə çox fəal olacaqlar. Artıq bərpa işləri və tikinti işləri ilə bağlı bir neçə italyan şirkəti dəvət olunub. Azərbaycan və İtaliya arasında humanitar sahədə bir sıra layihələrin planlaşdırıldığını da qeyd edə bilərik. Bakıda İtaliya-Azərbaycan Universitetinin təsis edilməsi buna bir nümunədir. Artıq universitetin tikilməsi üçün yer də ayrılmışdır. Bu məsələ, həmçinin hökumət səviyyəsində razılaşdırılmışdır. İtaliya ilə Azərbaycan arasında dostluğun yaxşı göstəricisi olacaq universitet sənaye sahələrini idarə edə bilən, iqtisadiyyatın gələcək üçün tələb etdiyi ixtisaslar üzrə gənc azərbaycanlıların hazırlanması və təlim keçməsi məsələsində də çox önəmli rol oynayacaq. Bu, həmçinin ölkələrimiz arasında sıx dostluq əlaqələrinin güclənməsinə də kömək edəcək. Azərbaycan İtaliya ilə “yaşıl kimya”, “yaşıl enerji”, “yaşıl enerji zonası”, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları əsasında sıx əməkdaşlığın perspektivləri də çox genişdir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə