Vaqram Porosyan: “Artsax”ın “müdafiə ordusu” buraxılmayıb, əksinə, yenidən formalaşdırılıb”
Qarabağda erməni separatçılarının təxribatçı əməlləri tam sürəti ilə davam etməkdədir. SİA xəbər verir ki, @rusyerevantoday teleqram kanalının yazdığına görə, hələ də azadlıqda gəzən quldur və terrorçu “dqr” rejiminin “prezideti” Araik Arutunyanın “mətbuat katibi” Vaqram Poqosyan “Haykakan Jamanak” qəzetinə verdiyi müsahibəsində bildirib ki, “artsax”ın “müdafiə ordusu” buraxılmayıb, əksinə, yenidən formalaşdırılıb (?!-R.R.).
Poqosyan bu da azmış kimi qeyd edib ki, hədəf peşəkar orduya keçid etməkdən ibarətdir və hazırda xidmətə çağırılan hərbçilərin xidmət müddətlərinin azaldılması ətrafında müzakirələr aparılır.
Xatırladaq ki, ötən gün "dqr"in saxta "təhlükəsizlik şurasının sədri" Vitali Balasanyan Xankəndidəki dövlət strukturlarına məxsus binalarda Azərbaycanın dövlət bayrağının qaldırılacağı ilə bağlı səslənən fikirlərə münasibətini açıqlayarkən"Azərbaycan bayrağı "stepanakertin" (Xankəndinin-R.R.) mərkəzində olmayacaq” fikrini səsləndirib.
Sülhməramlıların nəzarət etdikləri ərazilərimizdə bənzər fikirlərin səslənməsi və bunun ardıcıllıqla, mütəmadi olaraq bildirilməsi qəbul edilən üçtərəfli bəyanatdakı müddəaları pozur
Balasanyan mətbuatda və sosial şəbəkələrdə Qarabağın "özünümüdafiə ordusunun" buraxılacağı ilə bağlı yayılan məlumatlar barədə də danışarkən deyib ki, "artsaxın" qondarma "dövlət strukturları" müqavilə əsasında hərbi birliklər yaradır. "Bu, sərhədlərin toxunulmazlığının müdafiəsi məqsədi ilə edilir", deyə o söyləyib.
Balasanyan Xankəndinə və Əsgərana yaxın məntəqələrə azərbaycanlı qaçqın və məcburi köçkünlərin qaytarılacağı ilə bağlı məlumatları, həmçinin azərbaycanlı hərbçilərin "stepanakert" mağazalarında alış-veriş etmələri barədə informasiyaları da "təkzib" edib.
Qeyd edək ki, Rusiya sülhməramlılarının atəşkəsə nəzarət etdikləri ərazilərdə bənzər fikirlərin səslənməsi və bunun ardıcıllıqla, mütəmadi olaraq bildirilməsi qəbul edilən üçtərəfli bəyanatdakı müddəalarla uyğun gəlmir və hələ ki, ölkəmizin müvafiq güc strukturları, həmçinin, diplomatik mənbələri tərəfindən separatçı və terrorçuların bənzər siyasi həyasızlıqlarına qarşı lazımi cavablar verilmir, suverenliyimizə təhdid kimi qiymətləndirilən bu kimi oyunbazlıqlara son qoyulması yönündə qəti tələblər irəli sürülmür. Daha dəqiq desək, belə bir ardıcıllığın sübutu göstərir ki, düşmən sülhə hazır deyil və erməni tərəfi əlinə düşən istənilən məqamda təxribatçı əməllərə gedərək, terrorçuluq məqsədlərini reallaşdırmaq marağını qoruyub-saxlamaqdadır.
Onu da xatırlatmaq yerinə düşərdi ki, Ermənistanın hakim və digər hərbi-siyasi dairələrində bu ölkənin hələ də "artsaxın" qarantı olması barədə bəyanatlar səslənməkdədir...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB