Elman Nəsirli: “Seyran Ohanyanın bəyanatları özünə təsəlli verməkdir” - MÖVQE

Elman Nəsirli: “Seyran Ohanyanın bəyanatları özünə təsəlli verməkdir” - MÖVQE

Seyran Ohanyanın hərbi ritorika ilə zəngin olan son bəyanatı onların keçirdiyi daxili vahimə və gərginliyin ifadəsi kimi dəyərləndirilə bilər. Politoloq Elman Nəsirli SİA-ya açıqlamasında bildirib ki, artıq rəsmi İrəvan fərqindədir ki, proseslərin bundan sonra mövcud olan ssenari üzrə davam etmə imkanları getdikcə tükənməkdədir. Belə ki, əvvəlki ssenari müddətsiz danışıqların formalaşmasına köklənmişdi: "Yəni vaxt uzatmaq taktikası idi. Bununla da beynəlxalq ictimaiyyəti aldadaraq guya ki, rəsmi İrəvan danışıqlardan imtina etmir və sülhpərvər dövlətdir. Bir yandan isə Ermənistan "bir yazır, iki də yaddaşındadır" formuluna sadiqdir. Burada ermənilərin əsas məqsədi münaqişənin həllində heç bir halda nəticə əldə olunmamasıdır. Fikir verin Ermənistan bir addım atıb \"münaqişənin həllində irəliləyiş əldə olunur\" görüntüsü formalaşan kimi dərhal bunun ardınca bu görüntünü sıfıra endirən addımlar atır. Bu da onların taktiki gedişlərinin əsas elementlərindən biridir".

Eyni zamanda rəsmi İrəvan artıq anlayır ki, bu kimi addımların növbəti raundu tükənmək üzrədir. Politoloqun fikrincə, Ermənistanı daha çox narahat edən digər amil rəsmi Bakının dəfələrlə "Müharibə istisna deyil" bəyanatlarıdır: "Çünki, bu bəyanatlar tək Ermənistan üçün səslənmir. Azərbaycan tərəfindən səsləndirilən bəyanatlar "Qizim sənə deyirəm, gəlinim sən eşit" deyiminə bənzəyir. Burada Ermənistanla yanaşı BMT-yə çatdırılası sözlər çoxdur. Çünki BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində, BMT-nin nizamnəmsinin 51, 25-ci maddəsində göstərilən kimi Azərbaycan öz torpaqlarını azad etməyə tam hüquqi əsası var. Ona görə də, belə bir vəziyyətdə daxili gərginliyin ifadəsi olan Seyran Ohanyan sanki qabaqlayıcı addım atmış kimi Kollektiv Təhlükəsizlik üzvü olduğundan Azərbaycana özünü göstərmək üçün belə ifadələr istifadə edib".

Azərbaycan işğal altında olan Dağlıq Qarabağa qarşı hərbi əməliyyatları bərpa edəcəyi təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrinin Azərbaycana qarşı olmalarına gəlincə politoloq bildirib ki, bu cür fikirlər yanlışdır və heç bir fakta söykənmir: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsində yazılıb ki, üzv dövlətlərdən hər hansı birinə qarşı hərbi təcavüz həyata keçirilərsə onun ərazisinə qarşı hərbi müdaxilə baş tutarsa belə olan təqdirdə artıq təşkilatın üzvləri belə bir hücuma məruz qalan müttəfiqinin müdafiəsinə qalxmalıdır. Məsələ onadadır ki, biz Ermənistan ərazisinə hücum edib onların ərazisinə müdaxilə etmək niyyətimiz yoxdur. Bizim problemimiz öz torpaqlarımızı işğaldan azad etməkdir. Azərbaycan həyata keçirəcəyi əməliyyatları heç bir halda Ermənistan dövləti ərazisində deyil, öz ərzisində suveren hüquqlarını həyata keçirmək üçün həyata keçirəcək. Ona görə hesab edirəm ki, işğalçı dövlət olan Ermənistanın müdafiə naziri Seyran Ohanyanın bəyanatları özünə təsəlli verməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə