Azərbaycanın mədəniyyət ocağı - Şuşa

Azərbaycanın mədəniyyət ocağı - Şuşa

Prezident İlham Əliyevin fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının, Abşeron rayonunda “Xırdalan” yarımstansiyasının, həmçinin bu rayonda bir sıra sosial obyektlərin, Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirakı bir daha bu reallığın təsdiqidir ki, insan amili, vətəndaş məmnunluğu hər zaman dövlətimizin həyata keçirdiyi siyasətin əsasında dayanır. Ölkəmizdə vətəndaş məmnunluğunun təmin edilməsi, müraciətlərin müsbət həlli, habelə vətəndaşların pozulmuş hüquq və azadlıqlarının bərpası istiqamətində daim kompleks tədbirlər görülür.

Cənab Prezidentimiz İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışı zamanı Azərbaycan Televiziyasına müsahibəsində ölkəmizin pandemiyaya qarşı mübarizə, həmçinin postmüharibə dövründə görüləcək işlərə bir daha diqqəti yönəldərək bu əsas hədəfi açıqlamışdır ki, dünyaya müasir Azərbaycanın gücünü göstərməliyik. Azərbaycanın COVID-19-la mübarizə tədbirlərinə başlandığı gündən həyata keçirdiyi tədbirlər planlı xarakter daşıyıb. Peşəkar təşkilatlanma və görülmüş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda pandemiyanın daha böyük fəsadlarının qarşısı alındı. Pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər görür. Azərbaycan vəziyyəti bütün dövrlərdə, yəni, bir il ərzində nəzarətdə saxlamağa bacardı. Burada əlbəttə ki, yeni laboratoriyaların ölkəyə gətirilməsi xüsusi rol oynamışdır. Çünki pandemiyaya qədər bizdə cəmi 8 laboratoriya var idi və gündə cəmi min test keçirilə bilərdi. Hazırda laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə bilər. Bütövlükdə 2 milyon 400 min test keçirilib. Eyni zamanda, pandemiya dövründə ilk günlərdən modul tipli xəstəxanaların ölkəyə gətirilməsi prosesi başlandı. Modul tipli xəstəxanaların sayı 13-ə qədər çatdırıldı. Görülmüş işlər sayəsində pandemiya ilə mübarizədə “Azərbaycan modeli” ifadəsi beynəlxalq münasibətlərinin siyasi gündəminə daxil oldu. Beynəlxalq təşkilatlar Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirirlər. İlk günlərdən etibarən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə təmaslar quraraq bu sahədə maksimum səmərəli iş aparmaq üçün çalışıb. Ümumdünya Səhiyyə Təşkilatı “Azərbaycan modeli” haqqında danışır, görülən işlərə yüksək qiymət verir, bir neçə dəfə Azərbaycanı nümunəvi ölkə kimi təqdim etmişdir. Dünyanın aparıcı rəy sorğusu şirkəti olan “Gallup” da Azərbaycan vətəndaşları arasında təhlil-rəy sorğusu aparıb. Vətəndaşların 86 faizi dövlətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir və bu göstəriciyə görə Azərbaycan dünyada 4-cü yerdədir.

Azərbaycan pandemiya dövründə öz “məsuliyyətli ölkə” statusunun qorunmasına müvəffəq oldu. Azərbaycan bütün lazımi tədbirləri reallaşdırdı. Bir çox ölkələrin maddi vəziyyəti, xüsusilə indiki dövrdə çox aşağıdır. Bir çox ölkələr vətəndaşların gündəlik tələbatlarını ödəyə bilmirlər. Bu dövr ərzində Azərbaycan 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərib, eyni zamanda, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verib. Bütün bunlar Azərbaycanın digər ölkələrin problemlərinə laqeyd yanaşmadığını, ən çətin anlarda onları tək qoymaq istəmədiyini təsdiqləyir.

Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərimizdə, xüsusilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşada bütün işlərin planlı şəkildə həyata keçiriləcəyini bildirdi. Əsas diqqət göstərilən məsələlərdən biri də tarixi abidələrimizin bərpa olunmasıdır. Şuşa şəhəri ölkəmizin mədəniyyət paytaxtı elan edilib. Bunu hər kəs bilir və bu qərar yüksək qiymətləndirilib. Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir. Şuşada çox zəngin mədəni həyat olmalıdır. Şuşada yaşayacaq soydaşlarımız da, bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar. Şuşa demək olar ki, dağılıb, bütün binalar dağılıb. Şuşanın hər bir məhəlləsi, hər bir daşı tarixdir. Qarşıya qoyulan hədəflərə nail olmaq, davamlı inkişafı təmin etmək üçün vətəndaş məmnunluğunun artırılması əsasdır. Bu isə öz növbəsində dövlət məmurlarının üzərlərinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirmələrini bir tələbə çevirir.

Möhtərəm Prezidentimizin məmurlardan tələbi daim bu olub: "Dövlət maraqları hər şeydən üstün olmalı, məmurlar xalq üçün yaşamalı, onların qayğıları ilə maraqlanmalı, məsuliyyət hissini unutmamalıdırlar. “Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm!” söyləyən dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri işğaldan azad edilmiş ərazilərimizdə başlanan quruculuq və bərpa işlərində də öz şəxsi və qrup maraqlarını güdən bəzi məmurlara ciddi mesajdır. Möhtərəm Prezidentimiz hər zaman çıxışlarında bildirir ki, Azərbaycan hüquqi dövlətdir. Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur".

Namiq Əhmədov,

YAP Siyasi Şurasının üzvü, partiyanın Xəzər rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə