Prezident İlham Əliyev: "Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam"
Bu gün Azərbaycan xalqı, bəlkə də bu son 30 ildə bu qədər qürurlu olmamışdı - 44 gün ərzində tariximizin Zəfər salnaməsi yazıldı, bütövləşən Azərbaycanımıza – Qarabağlı Azərbaycanımıza qovuşduq!.
Bəli, dünyada görünməyən məhz bu Böyük Qələbə Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imicini qazanması bütün sahələrdə təsdiqlənməsinin reallığıdır. Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq yerinə düşər: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevıriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Ümummilli Lider Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".
Ata vəsiyyətini reallaşdıran xalqın Prezidenti
17 il öncə deyilənlər, bu gün öz müsbət nəticəsini verib. Ulu Öndər Heydər Əliyev: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm",-vəsiyyətini reallaşdıran Prezident İlham Əliyev: "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm",-deyərək son 17 illik Prezidentlik fəaliyyətinin nəticəsidir ki, son 30 il ərzində həsrətində olduğumuz Qarabağ Azərbaycandır!ımıza, haqq və şərəf işimiz olan, Azərbaycan Respublikamızın suverenliyi və ərazi bütövlüyümüzə və nəhayət Qələbə Zəfərimizə nail olduq!.
"Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur" deyən Ulu Öndər Heydər Əliyevin bu arzusunu da bu gün Prezident İlham Əliyev "Şuşasız işimiz yarımçıq qalar" deyərək reallaşdırdı: "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".
Bu gün Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Bu məğlubiyyət nəticəsində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı, təslim olub və biz 3 rayonumuzu bir güllə atmadan, bir şəhid vermədən siyasi yollarla geri qaytardıq. Beləliklə, Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu!.
Prezident İlham Əliyev çıxışlarında, müsahibələrində, xalqa müraciətlərində dönə-dönə bildirdi ki, Şanlı Qələbəmiz Azərbaycan xalqının, Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirdi. Bu Qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan dövlətinin sözü ilə əməli arasında heç bir fərq yoxdur. Deyilmişdi ki, tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq, heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq, Azərbaycan münaqişəni istənilən yolla həll edəcək. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, dünyada kifayət qədər güclü erməni lobbisi olmasına, bir çox aparıcı dövlətlərin Ermənistanı dəstəkləməsinə baxmayaraq Azərbaycan dövləti öz vədini yerinə yetirdi. Azərbaycan müharibə aparılmasını tənzimləyən konvensiyalara, beynəlxalq humanitar hüquqa əməl edərək dünyaya ədalətli, əxlaqlı orduya malik olduğunu göstərdi. Bax, budur uğurlu siyasət! Budur sözü ilə əməli bir olan Lider!
"Tezliklə bütün Qarabağda abadlıq, quruculuq, inkişaf başlayacaq"
Dövlət başçısı ilk gündən, müharibə gedə-gedə erməni işğalçılarının işğaldan azad edilmiş torpaqlarda hər tərəfin infrastrukturun dağıdıldığını, binaların söküldüyünü, hər yeri viran qoyduqlarını deyərək bildirmişdi ki, həmin bölgələrdə, rayonlarda normal həyat üçün bütün addımlar atılacaq: "Ancaq biz o bölgələri, bütün rayonları bərpa edəcəyik, vətəndaşlarımızın normal həyatı üçün bütün addımları atacağıq. Bildiyiniz kimi, ilk layihələr artıq icra edilməyə başlanmışdır. Prezidentin ehtiyat fondundan müvafiq vəsait ayrılmışdır. Füzuli-Şuşa avtomobil yolunun, Bərdə-Ağdam dəmir yolunun tikintisi artıq başlanmışdır. Bu, onu göstərir ki, biz bu işləri maksimum səmərə ilə və eyni zamanda, qısa müddət çərçivəsində planlaşdırırıq ki, vaxt itirmədən bütün işləri təşkil edək. Artıq müvafiq dövlət qurumu da yaradıldı və bu işlərin hamısı koordinasiya şəklində aparılacaqdır".
Sözsüz ki, bu böyük və çətin problemlərin həllli güclü iqtisadiyyatdan aslıdır. Çünki güclü iqtisadiyyata malik olan dövlət hər şeyə qadirdir. Bu gün ölkəmizin güclü iqtisadiyyatının inkişaf tempinə görə regionda lider dövlətə çevrilməsinin nəticəsidir ki, 30 ilə yaxın zaman müddətində həll olunmayan qondarma "Dağlıq Qarabağ" probleminin 44 gün ərzində həll olunması, məhz son 17 ildə Prezident, Ali Baş Komandanımız İlham Əliyev cənablarının diplomatik siyasəti, Güclü, Müzəfər Ordumuzun, igid əsgər və zabitlərimizin rəşadəti ilə əldə etdik. Dövlət başçımızın dediyi kimi: "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik".
"Böyük qayıdış başlayır, bütün işlərə start verildi"
Qələbəmizdən iki ay keçməsinə baxmayaraq həyata keçirilən uğurlu quruculuq, bərpa işləri xalqımızın gözləri qarşısındadır. Ancan Qarabağın dirçəlişi və işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdış isə çoxdan başlayıb. Belə ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasının təməli hələ bir neçə il əvvəl Cəbrayılın Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə qoyulub. Hələ o zaman bu kiçik kəndin timsalında xalqımız gördü ki, Prezident İlham Əliyev tezliklə bütün torpaqlarımızı işğaldan azad edəcək və həm də onları yenidən dirçəldəcək. Hər birimiz hələ o zaman İlham Əliyevin qələbə və quruculuq əzminin, qətiyyətinin şahidi olmuşduq.
İndi isə bütün azad olunmuş şəhər və rayonlar dirçəliş yolundadır. Hələ müharibənin davam etdiyi günlərdən İlham Əliyevin göstəriş və tapşırıqları ilə azad olunmuş ərazilərdə kommunikasiyaların bərpasına başlanılıb. 2020-ci ilin yekunlarına həsr olunmuş və videoformatda keçirilən müşavirədə yekun nitqini bu mövzu ilə tamamlayan Prezident İlham Əliyev Qarabağ bölgəsində cənnət yaradılacağını bəyan etdi: “Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam".
Təbii ki, bu Qələbə zəfərdən sonra işğaldan azad olunan rayonlarına Qalib Komandanın tarixi zirvə səfərləri isə hər bir azərbaycanlıda qürur və iftixar hissi yaradır. Ən əsası isə, bu səfərlərlə bir daha sübut olunur ki, işğalçı ölkə ilə bərabər, bütün dünya da şahidi oldu ki, torpaqların əsl sahibləri qayıdıb...
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva yanvarın 14-də Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri zamanı dövlətimizin başçısının avtomobili özünün idarə etməsi isə hər kəsə açıq şəkildə mesaj verdi ki, "Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm!». Azərbaycan xalqı və Prezidenti heç kəsdən və heç nədən qorxmur. Biz qalibik! Zəfər bizimdir! Qarabağ Azərbaycandır!
Səfər zamanı Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyarkən bildirib: "Bu gün yanvarın 14-də Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu. Mən hava limanının tikintisi ilə bağlı Azərbaycan xalqına məlumat vermişdim. Bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir".
Dövlət başçısı onu da bildirib ki, Füzuli Beynəlxalq Hava Limanı bu il istifadəyə verilməlidir: "Hər halda uçuş-enmə zolağı bu il istifadəyə verilməlidir. Hava limanının binası isə ola bilər bu il, ola bilər gələn il istifadəyə veriləcək. Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər.
Şuşa şəhəri mənim tərəfimdən Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verildi. Bütövlükdə müharibədən cəmi iki ay vaxt keçib, ancaq böyük quruculuq işlərinə start verildi. Azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçın rayonlarının ərazisində inşa ediləcək. İndi yer seçilir və beləliklə, iki beynəlxalq hava limanının tikintisi yaxın zamanlarda təmin edilməlidir".
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə şəhər və kəndlərin bərpası və yenidən qurulması, elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal, digər zəruri infrastrukturların, mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və digər məqsədlərlə 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait ayrılıb. Yanvarın 4-də isə Prezident İlham Əliyev "Qarabağ Dirçəliş Fondu" publik hüquqi şəxsin yaradılması haqqında Fərmanı da, məhz otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq Bir sözlə, işğaldan azad olunmuş ərazilərimizdə inkişafın Azərbaycan nümunəsinin yeni təntənəsi yaşanacaq. Bütün çətinliklərə, beynəlxalq ədalətsizliyə mətinliklə sinə gərən Azərbaycan dövləti inamla torpaqlarını azad etdiyi kimi, həm də erməni vandallığının qurbanı olan bütün şəhər və kəndlərini yenidən quracaq və dirçəldəcək. İşğaldan azad edilmiş rayonlarımıza, bütün Qarabağa yeni nəfəs veriləcək, bu torpaqlarda həyat qaynayacaq, dünya Azərbaycan xalqının quruculuq əzminin şahidi olacaq.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB