"İqtisadçı"nın inkar siyasəti - ANALİZ

"İqtisadçı"nın inkar siyasəti - ANALİZ

Azərbaycanın uğurlarını həzm edə bilməyənlər məhvə məhkumdur

Bəli, həmişə belə olub, bu gün də belədir. Yenə də antimilli ünsürlərin "falabaxma kampaniyası" - Azərbaycan əleyhinə olan beynəlxalq siyasi dairələr və onların miskin əlaltısına çevrilmiş antimilli ünsürlər 44 gün ərzində Azərbaycan Prezidenti, Ali Baş Komandanımızın rəhbərliyi ilə Müzəffər Ordumuzun əsgər və zabitlərinin rəşadəti nəticəsində 30 il işğal altında olan torpaqlarımızın – Qarabağımızın azad edilməsindən sonra yenidən fəallaşmaqları vicdansızlıq, satqınçılıq və cinayatkarlıqdır. Ancaq bu satqınlar və bədbəxtlər anlamırlar ki, heç bir qüvvə ölkəmizi öz düzgün yolundan sapdıra bilməz. Çünki bu Qələbə ölkəmizdə mövcud xalq-hakimiyyət birliyinin qələbəsidir. Xalq Prezident İlham Əliyevi birmənalı olaraq dəstəkləyir. Prezident də hər hansı beynəlxalq siyasi dairələrin diqtəsi ilə deyil, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn müstəqil bir siyasət həyata keçirir. Bu xalq-hakimiyyət birliyini güclü edən həlledici amilldir, eyni zamanda bu monolitliyin xarici bədxahlarımızın və daxili "sapı özümüzdən olan baltalar"ın hədəfinə çevrilməsini şərtləndirən mühüm səbəbdir.

Elə bu günlərdə ən nüfuzlu beynəlxalq qurumu olan Dünya Bankı və dünyanın bir nömrəli forumu olan Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında Azəbaycanın uğurlarını yüksək qiymətləndirməsini həzm edə bilməyən bu antimilli ünsürlər və onların xarici havadarları, o cümlədən özünün həm "iqtisadçı", həm də "siyasətçi" adlandıran Qubad İbadoğlu qaşınmaya düşərək bu uğurlara hansısa don geyindirməyə, kölgə salmağa çalışır. Ancaq bu qərəzli "iqtisadçı" unutmamalıdır ki, onun heç bir siyasi hoqqabazlığı həmişə olduğu kimi, bu dəfə də məğlubiyyətə məhkumdur.

"Beynəlxalq qurumların Azərbaycanda gedən işlərə verdikləri qiymətə də toxunmaq istərdim. Dünya Bankının "Doing Business" hesabatında, yəqin vətəndaşlar xatırlayırlar, bir neçə ölkə haqqında məlumatlar qeyri-dəqiq idi. Dünya Bankı bir neçə ay bundan əvvəl bildirmişdi ki, bu ölkələrin reytinqlərinə yenidən baxılacaq, o cümlədən Azərbaycan da bu siyahıda idi. Beləliklə, yenidən baxıldı və bizim reytinqimiz artırıldı. Çünki ondan əvvəl düzgün hesablanmamışdı. Bilmirəm hansı səbəblərə görə. O, artıq başqa məsələdir". Bu sözləri yanvarın 6-da Prezident İlham Əliyevin Sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, yeni reytinqə görə, Dünya Bankının "Doing Business" proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yerdədir: "Bizim işimizə ağızlarını büzən, iqtisadiyyatdan başı çıxmayan tiplər üçün, ünsürlər üçün, bax, budur əsas. Dünya Bankı bunu deyir. Biznes iqlimi, investisiya iqlimi, aparılan islahatlar Dünya Bankı tərəfindən qeyd edilir. Bundan əlavə, Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir. Ona görə deyirəm, dırnaqarası, qondarma iqtisadçılar, xaricdə və burada banlayan dırnaqarası iqtisadçılar, açın gözünüzü baxın və dilinizi qoyun qarnınıza. Yoxsa, yerindən duran bizə dərs deyəcək: "iqtisadiyyat düzgün aparılmır, elədir, belədir". Gedin, oxuyun, əgər oxuya bilirsinizsə".

"Bütün çətinliklərə baxmayaraq, işğala baxmayaraq, 1 milyon qaçqının olmasına baxmayaraq, biz bu nailiyyətləri əldə etmişik"

Prezident İlham Əliyev keçirilən müşavirədə onu da bildirib ki, Azəbaycanın uğurlarını yüksək qiymətləndirən ən nüfuzlu beynəlxalq qurumu olan Dünya Bankı və dünyanın bir nömrəli forumu olan Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarının nəticələridir: "Əhalinin elektrik təchizatı səviyyəsi dünya miqyasında Azərbaycan ikinci yerdədir. İkinci yerdədir dünya miqyasında. Hökumətin dəyişməyə cavabdehliyi, yəni ki, islahatçı obrazı əmsalına görə, Azərbaycan dünya miqyasında 5-ci, hökumətin uzunmüddətli strategiyasına görə – 10-cu, siyasi sabitliyi təmin etməsinə görə – 11-ci yerdədir.

İnfrastruktur layihələri ilə bağlı:

- dəmir yolu xidmətlərinin səmərəliliyi 11-ci yer

- hava yolları xidmətlərinin səmərəliliyi – 12-ci yer

- avtomobil yollarının keyfiyyəti – 24-27-ci yerlərdəyik.

Bu hesablama inkişaf etməkdə olan 74 ölkə arasında aparılmışdır. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir. Bax, bu, dünyanın aparıcı və deyə bilərəm ki, ən nüfuzlu beynəlxalq qurumu olan Dünya Bankının və dünyanın bir nömrəli forumu olan Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarının nəticələridir. Ona görə bir daha demək istəyirəm ki, biz düzgün yoldayıq. Bütün çətinliklərə baxmayaraq, işğala baxmayaraq, 1 milyon qaçqının olmasına baxmayaraq, biz bu nailiyyətləri əldə etmişik".

Qərəzli "iqtisadçı" - Qubad İbadoğlu bu cavabdan sonra...

Sözsüz ki, dövlət başçımızın dediyi kimi, iqtisadiyyatdan başı çıxmayan tiplər o qədər həyasızlaşıblar ki, bu nə birincidir, nə də sonuncu. 28 ildir ki, "müxalifətçiyəm", "iqtisadçıyam" desələr də elə o sözləri elə özləri eşidir, ancaq Azərbaycan yüksək uğurlara nail olur.

Fransız psixoloq Julyer iddia edir ki, insanlarda satqınçılıq və xəyanət simptomları bir dəfə formalaşırsa, bu sistemli şəkildə davamlı olur və ətraf mühitə ikrah yaranır. Bu məntiqlə yanaşsaq aydın olur ki, bu gün müxalifət, o cümlədən AXCP-Müsavat cütlüyü, Əli Kərimli-İsa Qəmbər, Cəmil Həsənli-Arif Hacıyev-Qubad İbadoğlu kimilər illərdir ki, yerlərində sayırlar, zaman-zaman bir-birilərinə xəyanət edirlər və demək olar ki, artıq bir periodiklik yaranıb və bu koronavirusdan da güclü virusa çevriliblər. Bax, budur həqiqət, Qubad İbadoğlu!

Dövlətin, millətin maraqlarını heçə sayan bu antimilli ünsürlər, torpaqları satanlar həyasızcasına çıxış etməyə üzlərinin olması heç də Ermənistanın əxlaqsız baş naziri Paşinyandan geri də qalmamasını bir daha göstərir. Həmişə olduğu kimi, bu gün də sosial şəbəkə viruslarının bu çıxışı heç də təəccüb doğurmur. Çünki xəmirləri belə yoğrulub, başqa cür ola da bilməzlər.

"Qubad İbadoğlu iqtisadçılıqla yox, təxribatçılıqla məşğul olur"

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov bildirib ki, ölkə siyasətində fəal mövqe tutmaq istəyən şəxslərə heç bir qadağa qoyula bilməz: "Lakin elə şəxslər də var ki, onlar ilk başdan qərəzli, qeyri-obyektiv mövqe tutmaqla öz siyasi fəaliyyətinin cəmiyyət üçün, ölkə üçün faydalılıq əmsalını əhəmiyyətli dərəcədə azaltmış olurlar. Qubad İbadoğlu da belə siyasətçilərdəndir. Əlbəttə, əgər ona siyasətçi demək mümkündürsə. Çünki bu adam gah iqtisadçı ekspert kimi, gah da siyasi ekspert kimi açıqlamalar verir, Azərbaycanla bağlı bu və ya digər məsələlərə münasibət bildirir. Amma nə iqtisadçı kimi, nədə ki, siyasətçi kimi cəmiyyəti yarıtmır. Şəxsən məni onun iqtisadçı mövqeyi əsla qane etmir. Çünki bu iqtisadçı Azərbaycan iqtisadiyyatı haqda nüfuzlu Dünya Bankının, Dünya İqtisadi Forumunun çoxsaylı və peşəkar iqtisadçılarının, analitiklərinin hazırladıqları hesabatlarla razılaşmaq istəmir".

MHP sədri qeyd edib ki, Dünya Bankının "Doing Business" proqramında 190 ölkə arasında Azərbaycanın 28-ci yeri tutması heç kəsin inkar edə bilməyəcəyi bir həqiqətdir, danılmaz faktdır: "Amma Qubad İbadoğlu isə hətta buna da hansısa don geyindirməyə, kölgə salmağa çalışır. Zənnimcə, obyektiv iqtisadçı heç vaxt bu cür qərəzli mövqe tuta bilməz və ya tutmaq istəməz. Qubad İbadoğlu isə hazırki məqamda iqtisadçılıqla yox, təxribatçılıqla məşğul olur, həqiqətləri təhrif edir, "feyk xəbər" prinsipindən çıxış edərək cəmiyyəti yanlış məlumatlandırır. Cəmiyyətin isə siyasiləşən iqtisadçılara yox, obyektiv və peşəkar iqtisadçılara ehtiyacı var".

Məkrli niyyətlərin qarşısının alınması üçün dövlətimizin yanında olmalıyıq və yanındayıq!

Bu gün həmrəylikdən yoğrulan Azərbaycan prezidenti İlham Əliyev cənablarının dəmir yumruq siyasəti nəticəsində 30 ilin həsrətinə 44 gün ərzində Qarabağ Azərbaycanımıza qovuşmağımız, 2021-ci ilə böyük qələbələrlə, zəfərlərlə qədəm qoymağımız məkrli niyyətli, xarici beynəlxalq təşkilatların nökərləri Azərbaycanın uğurlarını, Vətən Müharibəsində qazandığımız zəfəri həzm edə bilməyənlər Paşinyan səviyyəsindədirlər, irəli gedə bilmirlər. Erməni dəyirmanına su tökən Əli Kərimliyə, savadsızlığı və səviyyəsizliyi ilə seçilən Qənimət Zahidə, mənəviyyatı olmayan, erməni xislətli, erməni təxribatına dəstək verən Sevinc Osmanqızına, satqınlığını hər cür formada nümayiş etdirən Arif Məmmədova, "Yurd" şefinin əlində oyuncaq olan Cəmil Həsənliyə, özünü "Milli Şura"nın "primadonnası" adlandıran Gültəkin Hacıbəyliyə, "hüquq müdafiəçisi" Vidadi İskəndərliyə, "güclü iqtisadçı", həm də "siyasətçi" Qubad İbadoğluya və bu kimi məkrli niyyətlilərə başqa nə ad vermək olar? Vicdansızlıq və nankorluq!

Bir də, taylı-tayın tapar. Bu satqınlar mənəvi deqrodasiyaya uğramaqla yanaşı, etnososioloji varlıq olaraq cəmiyyətə, millətə, xalqa yararsız olan satqına çevriliblər. Tarix unudulmur, hər kəs etdiyi əməllərin cəzasını xalqın qarşısında mütləq çəkəcək. Bir də bu satqın və nankorlar onu da anlamalıdırlar ki, Azərbaycanın uğurları demokratiyanın inkişafının əyani sübutudur. Ölkənin bütün istiqamətlərdə qazandığı uğurlar və son illərdə həyata keçirilən daxili siyasət, sosial-iqtisadi inkişaf gələcəkdə daha böyük uğurlara zəmin yaradır və yaradacaq da!

Qubad İbadoğlu kimilər bir daha anlamalıdır ki, Azərbaycanın dünya miqyasında biznes mühitinin əlverişliliyinə görə ilk 30 ölkədən biridir, eyni zamanda "top 10 islahatçı" ölkədir. Nədənsə Q.İbadoğlu öz qərəzçilik mövqeyindən əl çəkmir, unudur ki, Dünya Bankı 16 dekabr 2020-ci il tarixində açıqladığı rəsmi bəyanatında Azərbaycanın 2020-ci il üzrə "top 10 islahatçı ölkə" arasında olduğunu qeyd edir. Eyni zamanda, bir həqiqəti də Q.İbadoğlu anlamalıdır ki, Azərbaycan Prezidentinin peşəkar kadrlardan ibarət komandası mövcuddur və məlumatlar da dövlət başçısını doğru formada təqdim olunur. Həmçinin, ardıcıl iki dəfə dünya miqyasında Azərbaycanın ən islahatçı on ölkədən biri kimi seçilməsi Prezident İlham Əliyevin komandasının peşəkarlığına ən real sübutdur. Azərbaycanın uğurlarına alışıb yananlar, məkrli niyyətlilər bir daha kar qulaqlarını, kor gözlərini bir daha yaxşı-yaxşı açsınlar, Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında olan peşəkar kadrlardan ibarət komandası bundan sonra da daha böyük nailiyyətlərə imza atacaq!

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə