“İran "bir saat sonra" nüvə anlaşmasına qayıtmağa hazırdır” Həsən Ruhani

Tehran nüvə anlaşmasının həyata keçirilməsinə "bir saat sonra" qayıtmağa hazırdır, lakin əvvəlcə bunu başqaları etməlidirlər. SİA xəbər verir ki, İran prezidenti Həsən Ruhani bunu çərşənbə günü İran televiziyasında nümayiş olunan bir hökumət iclası zamanı söyləyib.
"Həmişə demişik ki, siz öz öhdəliklərinizə qayıdın, bundan bir saat sonra biz öz öhdəliklərimizə qayıdacağıq", dedi Ruhani bəyan edib.
Xatırladaq ki, 2015-ci ildə Altılıq (İngiltərə, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa) və İran Birgə Hərtərəfli Fəaliyyət Planına nail olduqlarını elan ediblər. Razılaşma İranın nüvə proqramının məhdudlaşdırılması qarşılığında sanksiyaların ləğv edilməsini nəzərdə tuturdu. Müqaviləyə heç üç il də əməl edilmədi və 2018-ci ilin mayında ABŞ müqavilədən birtərəfli şəkildə çıxacağını və Tehrana qarşı sərt sanksiyaların bərpa olunduğunu elan edib.
Qeyd olunur ki, İran 2019-cu ildə 2020-ci ilin əvvəlinə qədər nüvə tədqiqatları, uran zənginləşdirmə səviyyəsindəki məhdudiyyətlərdən imtina edərək razılaşma çərçivəsində öhdəliklərini mərhələli şəkildə azaldacağını elan edib.
Diqqətə çatdıraq ki, əsas məqsəd neft ixracatı və maliyyə əməliyyatlarında tətbiq olunan sanksiya və məhdudiyyətlərin ləğvinə nail olmaqdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...