Səfir: Yaponiya Cənubi Qafqazda yaranmış yeni imkanlardan faydalanmaqda maraqlıdır

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev yaponiyalı həmkarı İmamura Akira ilə görüşüb. SİA xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib. F.Quliyev həmkarını Gürcüstanda missiyasının başlaması münasibətilə təbrik edib, ona uğurlar arzulayıb. Səfir bölgədəki proseslər, 30 il boyunca ölkəmizə qarşı davam edən təcavüz barədə məlumatlı olduğunu, son dövrdə torpaqlarımızın işğalına son qoyulmasının, ərazi bütövlüyümüzün bərpa olunmasının təkcə Azərbaycan üçün deyil, bütün region üçün müsbət dəyişikliklərə səbəb olacağını bildirib. F.Quliyev Azərbaycan ilə Yaponiya arasındakı dostluq münasibətlərinin əhəmiyyətindən söz açıb. İ.Akira ölkələrimiz arasında inkişaf edən münasibətlərin hər iki xalqın və ümumiyyətlə, bölgənin tərəqqisinə xidmət etdiyini vurğulayıb. O, Cənubi Qafqazın Şərq-Qərb nəqliyyat dəhlizində oynadığı mühüm rola diqqət çəkərək Yaponiya tərəfinin bu imkanlardan faydalanmasında maraqlı olduğunu bildirib. Görüşdə Azərbaycan ilə Yaponiya arasında bərqərar olmuş uğurlu qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin, eləcə də hər iki ölkənin Gürcüstanla əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Bölgədə yaranan yeni reallıqların bu əməkdaşlığa yeni təkan verə biləcəyinə dair əminlik ifadə edilib. Söhbət zamanı tərəflər gələcəkdə məhsuldar təmasların davam etdirilməsinin zəruriliyini qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...