Ermənistan daha ağır zərbələr ala bilər ÖZƏL-MÜNASİBƏT

Ermənilər əsrlər boyu Azərbaycan və Türk xalqlarına qarşı məkrli siyasətlərindən, əməllərindən əl çəkməmiş və bunun ağır nəticələrini yaşasalar da, yenə də öz çirkin niyyətlərini hər vasitə ilə həyata keçirməyə çalışırlar. İkinci Vətən müharibəsində ağır zərbə alan və məhv olmaq təhlükəsindən yalvararaq canını qurtaran, məğlub olduğunu açıq etiraf edən Ermənistan ancaq yenə də təxribat xarakterli bəyanatlar verməklə, döyüşlərə hazırlıq çağırışları etməklə, saxta xəbərlər yayıb xalqımızın hissiyyatına toxunmaqla yaranmış vəziyyəti kəskinləşdirmək fikrindədir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, onlar Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış üç tərəfli bəyanatın şərtlərini bir çox hallarda pozurlar. “Ermənistan hərbi - siyasi dairəsinin bəzi üzvləri Qarabağa qanunsuz səfər edir, qondarma “Artsax beynəlxalq həmrəyliyi” adlı tədbirlər keçirməyə hazırlıq görür, ərazilərimizə diversiya qrupları göndərir, işğaldan azad edilmiş torpaqlara mütləq qayıdacaqları barədə fikirlər səsləndirərək yenidən aranı qarışdırmağa cəhd göstərirlər.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev Şuşaya səfəri zamanı belə təxribatçı təşəbbüslərə öz münasibətini kəskin bildirərək söyləmişdir ki, biz yenidən Ermənistana öz dəmir yumuruğumuzu göstərə bilərik və onlar hərəkətlərindən nəticə çıxarmalıdırlar.
Ermənistan rəsmilərinin bir çox açıqlamaları münasibətlərin yaxşılaşdırılmasında, sülhün bərpa edilməsində təşəbbüskar və maraqlı olan Rusiyanı da narahat edir. Buna Putinin, eləcə də bir çox siyasətçilərin münasibəti aydındır və onlar Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qiymətləndirirlər. Rusiyanın xarici işlər naziri Serqey Lavrov bu günlərdə verdiyi müsahibəsində bir daha xatırlatmışdır ki, Ermənistanın hərbi - siyasi hakimiyyətinin, bəzi siyasətçilərin əvvəllər və indinin özündə səsləndirdikləri emosianal ifadələr, çağırışlar onların xeyrinə olmamışdır və bu, gərginliyi artırmış, münasibətləri korlamışdır. Ermənistan üçün bunun acı nəticələrini müşahidə etdik və bundan çəkinmək lazımdır.
Bu gün Ermənistan uçurum qarşısındadır. Ancaq erməni siyasətçiləri özlərinin millətçi-avantürist əməllərindən uzaqlaşmaq, erməni xalqını düşdüyü bəladan xilas etmək fikrində deyillər. Sözsüz ki, belə olan halda Ermənistan daha ağır zərbələr almalı olacaqdır”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə