Qarabağa qayıdan ermənilərin sayı 50116 nəfərə çatdı

Rus sülhməramlılarının müşaiyəti ilə Qarabağa qaytarılan "qaçqınlar"ın növbəti hissəsi Xankəndinə çatıb. SİA Rusiyaya məxsus RİA Novosti agentliyinin yayımladığı məlumata istinadən xəbər verir ki, bu barədə Rusiya Fedarasiyasının Müdafiə Nazirliyi tərəfindən informasiya verilib.

İnformasiyada qeyd olunur ki, Rusiya sülhməramlıları Ermənistandan Dağlıq Qarabağa qayıdan qaçqınlarla yeni bir karvanını da müşayiət ediblər və bu zamana qədər ümumilikdə 50,1 mindən çox qaçqın Qarabağa qayıdıb.

"Artıq 50116 nəfər Dağlıq Qarabağa yaşayış yerlərinə qayıdıb", deyə informasiyada bildirilir.

Gün ərzində İrəvandan Xankəndinə avtobuslarla 114 qaçqın gətirilib. Vəziyyətin 24 saatlıq monitorinqi və atəşkəs rejiminə riayət olunmasına nəzarət 27 müşahidə məntəqəsində aparılır.

Məlumatda xatırladılır ki, 2020-ci il sentyabr ayının sonunda Dağlıq Qarabağda hərbi əməliyyatlar yenidən başlayıb ki, bu, uzunmüddətli münaqişənin davamı olub və mülki əhali arasında da itkilər var. Qeyd olunur ki, tərəflər barışıq üçün bir neçə dəfə cəhd ediblər, lakin 10 noyabr gecəsi əldə edilən üçtərəfli razılığın uğurlu olduğu ortaya çıxıb. Bildirilir ki, Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan atəşin tamamilə dayandırılması və əsirlərin, cəsədlərin mübadiləsi barədə razılığa gəliblər və hazırda rus sülhməramlıları bölgədədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə