"Moskva görüşündən sonra bölgədə nə dəyişəcək?" SİYASİ EKSPERT

“Moskva görüşünü 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın davamı kimi qiymətləndirmək olar. Azərbaycan bu görüşdə məsələlərə daha konstruktiv nöqtədən yanaşaraq bölgədə tezliklə həyatın canlanması üçün önəmli mesajlar verdi. Sözsüz ki, bunun üçün ilk növbədə kommunikasiyaların bərpası və nəqliyyat-loqistik işlərin qurulmasıdır. Azərbaycanın bu mövqeyini Rusiya prezidenti də dəstəklədi”. Bunu SİA-ya açıqlamasında Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri, siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, bu görüşdən belə qənaətə gəlmək olar ki, artıq regionun taleyini üç ölkə, Rusiya, Türkiyə və Azərbaycan həll edəcək: “Bu üç ölkənin prezidentləri arasında mövcud olan yüksək dialoq və münasibətlər regionda konstruktiv əməkdaşlığa və işbirliyinə nail olmaq üçün yetərli baza yaradır. Təsadüfi deyil ki, müharibə bitən kimi Azərbaycan bunu əməli sübut edib, dərhal işğaldan azad edilən bölgədə yolların çəkilməsi və hava limanının tikilməsinə start verib. Tikilən bu infrastruktur obyektlərindən bütün tərəflər istifadə edəcək və bu regionun gələcək inkişafına xidmət edəcək. Bunu bütün tərəflər görür və Azərbaycanın konstruktiv yanaşmaya nə qədər sadiq olduğunu göstərir. Ermənistan özünü təəssüf ki, hələ də küsmüş uşaq kimi aparır, köhnə xülyalarından əl çəkmək istəmir. Lakin reallıq hər şeyi müəyyən edir, ermənilər artıq başa düşməyə başlayıblar ki, xalqlarının və ölkələrinin inkişafı hansısa status məsələsindən deyil, regionda yeni yaranan əməkdaşlıq mühitinə uyğunlaşmaqdan keçir.

Düşünürəm ki, Moskva görüşü bölgədə yeni mühitin yaranması və region dövlətləri arasında əlaqələrin inkişafına səbəb olacaq, bu da öz növbəsində Qarabağın sosial-iqtisadi inkişaf perspektivlərinə öz müsbət təsirini göstərəcək. Qarabağda yaşayan əhali bunu öz həyatlarında real olaraq hiss edəcəklər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə