“Şəhidlərimizin qanı ilə azadlığımızı əldə etdik” ÖZƏL-MÜNASİBƏT

28 aprel 1920-ci ildə Azərbaycan Demokratik Respublikasını işğal edən Sovet Rusiyası bu işğalla milli mənəviyyatımıza, xalqımıza bir çox dəhşətli zərbələr vurdu. Bu sözləri 20 yanvar faciəsinin ildönümü ilə bağlı SİA-ya verdiyi açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.
İctimai Birliyin sədri qeyd edib ki, Azərbaycana qarşı ilk zərbələrdən biri onun tarixi ərazilərinin Ermənistan SSR-na verilməsi, milli düşüncəli, vətənpərvər, dövlətçilik şüuruna malik ziyalı elitasının isə məhv edilməsi oldu.
“Tarixi Azərbaycan ərazisi olan keçmiş Qarabağ xanlığının dağlıq hissəsində DQMV-nin yaradılması Azərbaycanın sinəsinə bağlanmış bomba rolunu oynadı. Aparılan anti-milli siyasətə qarşı çıxan ziyalılar isə 37-ci ilin kütləvi represiyasına məruz qaldı. Ermənistanda, öz tarixi yurdlarında yaşayan, dəfələrlə say hesabında DQMV-nin erməni əhalisini üstələyən azərbaycanlılar isə Zəngəzur, Göyçə, Vedi, İrəvan mahallarından sıxışdırılaraq çıxarıldı. Onların hüquqları tanınmadı. Nəhayət, Qərb xüsusi xidmət orqanlarının layihəsi olan Qorbaçovun Sovet rəhbərliyinə gətirilməsi ilə Azərbaycanın sinəsinə bağlanmış DQMV adlı bomba ötən əsrin 88-ci ilinin fevralında partladıldı. Moskvanın və Qorbaçovun arxasında duran Qərb dairələrindəki erməni lobbisinin tam dəstəyini alan erməni separatizmi rahatlıqla Xankəndində üsyan qaldıraraq vilayətin Ermənistana birləşdirilməsini tələb etdilər.

Mövcud konstitusiyaya və eləcə də bütün beynəlxalq normalara zidd olan bu əməllərə qarşı hərəkətə keçmək, seperatçıları həbs etmək əvəzinə Sovet rəhbərliyi SSRİ DİN-nin Daxili qoşunlarını erməniləri qorumaq və müdafiə etmək üçün DQMV-nə yeritdilər. Məqsəd və siyasət azərbaycanlıları vilayətdən çıxarmaq, ermənilərin çirkin siyasətinə dəstək verərək vilayəti Ermənistana birləşdirməyə xudmət etmək idi. Azərbaycan xalqı bu çirkin siyasəti dərhal hiss edərək elə ilk dövrlərdən müqavimət göstərməyə qalxsa da, Moskvanın təzyiqi ilə rastlaşdı. Getdikcə Moskvanın apardığı ermənipərəst siyasət xalqı daha da mübarizəyə sövq etməyə başladı. Artıq Sovet ideologiyasının aparıcı prinsiplərindən biri olan xalqlar dostluğu tezisinin elə Kommunist partiyasının rəhbərləri tərəfindən pozulduğunu görən Azərbaycan xalqının mübarizəsi həm erməni seperatizminə qarşı, həm də Sovet imperiyasına qarşı kökləndi. Milli azadlıq hərəkatı Azərbaycanda geniş vüsət almağa başladı. Azərbaycan xalqının mübarizə əzminə tarixən bələd olan Sovet rəhbərliyini genişlənən xalq hərəkatı qorxutmağa başlatdı. Xankəndində artıq iki ildir davam edən erməni özbaşınalığına qarşı ölçü götürməyən mərkəzi hakimiyyət, Bakıda Sovet rəhbərliyinin ikiüzlü siyasətinə qarşı çıxan, bu haqsızlıq qarşısında öz müstəqilliyini tələb edən dinc əhaliyə qarşı görünməmiş cinayət əməli törətdi”, deyə Anar Xəlilov bir sıra tarixi məqamları xatırladıb.
Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü xüsusilə vurğulayıb ki, 20 yanvar 1990-cı il tarixində Bakıya Sovet ordusunun ən döyüş qabiliyyətli hissələri, özü də dinc əhaliyə qarşı yeridildi.
“Əli silahsız, dünyadan və Sovet rəhbərliyindən ədalət tələb edən insanlara qarşı havadan, dənizdən, qurudan zərbələr endirildi. Yüzlərlə insanlar şəhid edildi. Azərbaycan televiziyasının enerji bloku partladıldı, informasiya kanalları zəbt olunaraq bu faciənin Beynəlxalq aləmə yayılmasının qarşısı alındı. Lakim hadisədən xəbər tutan Moskvada ev dustaqlığında saxlanılan Ümummilli Lider Heydər Əliyev cəsarətli addım ataraq, Moskvada Azərbaycan nümayəndəliyinə gələrək, öz nüfuzundan istifadə edərək, Azərbaycana qarşı sovet rəhbərliyinin törətdiyi bu cinayəti Beynəlxalq aləmə çatdırdı. Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı bu cinayəti törətməklə xalqı qorxutmağa çalışsa da əksinə xalqımız daha da əzmlə öz azadlığı uğrunda mübarizəyə qalxdı. 1 il 10 aydan sonra Azərbaycan öz müstəqilliyini elan etdi. 20 yanvar şəhidlərinin qanı ilə Azadlığa gedən yol öz məqsədinə çatdı. Şəhidlərimizin ruhu azadlığımızı əldə edəndən sonra rahat olsa da, onların qatilləri olan Sovet rəhbərləri hələ də öz layiqli cəzalarını almamışlar. Dünyada ədalətdən dəm vuran demokratiya adlı qurumlar Qorbaçova Nobel mükafatı verərək, sanki onun bu cinayətindən xəbərsiz olduqlarını nümayiş etdirdilər. Bu qurumlar elə sonrakı dövrlərdə də Azərbaycan xalqının başına gətirilən müsibətlərdə kor, kar oldular. 30 ildən artıq davam edən erməni işğalına susdular. Azərbaycan xalqı isə ancaq uca Tanrıya və özünə güvəndi. Moskvada xalqın faciəsini dünyaya çatdıran Ümummilli Liderin Azərbaycan hakimiyyətinə yenidən dönüşü və onun layiqli davamçısı İlham Əliyevin apardıqları uzun illərin uğurlu siyasəti son nəticədə öz sözünü dedi. 20 yanvarda şəhidlərimizin qanı ilə Azadlığımızı əldə etdik.

1991-ci ilin 18 oktyabrında müstəqil dövlət olduq. 2020-ci ilin 27 sentyabrında torpaqlarımızı 44 günə mənfur düşməndən azad etdik. Ancaq heç bir beynəlxalq qurumdan dəstək olmadan xalqımızın birliyi ilə bu zəfərlərə nail olduq. Şəhidlərimizin qanı ilə qazanıldı bu tarixi missiya. Müstəqilliyimizə gedən yolda 20 yanvar şəhidlərinin qanı ilə qazanılan azadlığımız 44 gündə şəhidlərimizin qanları ilə ərazi bütovlüyümüzün bərpası ilə daha da gücləndi. Allah Azərbaycan uğrunda bütün dövrlərdə şəhid olmuş oğul və qızlarımıza rəhmət eləsin! Azərbaycanın müstəqilliyi daimi olsun! Şair demiş “Torpaq, uğrunda ölən varsa, Vətəndir!”, deyə Anar Xəlilov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə