“Ermənistan dramının devalvasiyası davam edir” “Joxovurd” qəzeti yazır

“Xarici valyutanın bahalaşması, erməni dramının isə ucuzlaşması davam edir. SİA "Joxovurd" qəzetinə istinadən xəbər verir ki, son bir həftə ərzində satışa çıxarılan dollar ən azı 1,5, avro 2, rus rublu 1,27 dram bahalaşıb.

Məlumatda qeyd olunur ki, dünən banklarda ABŞ dollarını minimum 527 dram qiymətinə almaq olardı və bununla yanaşı, avronun dəyəri 648 dramdan da yuxarı, Rusiya rublunun müəyyən edilmiş minimum məzənnəsi 7,27 dram olub. Bildirilir ki, noyabr ayının əvvəlində, hələ müharibə bitməzdən qabaq bir dollar 495 dram həddində satın alına bilərdi. Beləliklə, müharibədən sonrakı bu dövr ərzində dollar ən az 32 dram bahalaşıb. Əgər faizlə ifadə etsək, dramın təxminən 6,47 faiz bahalaşdığı müşahidə edilib.

Xatırladılır ki, iqtisadçılar dollarların kəskin artımını vətəndaşlar arasında gələcəyə dair gözləntilərin, ümidlərin olmaması ilə izah edir. Qeyd olunur ki, məhz bu səbəbdən Ermənistan vətəndaşları pul vəsaitlərini dollara çevirirlər. Həmçinin siqqətə çatdırılır ki, dekabr ayında dükanlarda bir sıra qida məhsullarının qiymətlərində də artım olub və iqtisadçılar dramın devalvasiyasını bunun səbəblərindən biri hesab edirlər. Hətta nəzərə çatdırılır ki, Ermənistanın Mərkəzi Bankı yenidən maliyyələşdirmə nisbətində də 5.25 faiz artım elan edib ki, bu da Mərkəzi Bankın daha yüksək qiymətə borc alması deməkdir.

“Sözsüz ki, yenidən maliyyələşdirmə nisbətinin artırılması inflyasiyanı azaltmaq üçün bir vasitədir. Amma, inflyasiya meylləri Ermənistanda 2021-ci ildə də davam etməkdədir”, deyə “Joxovurd” qəzeti yazır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...