Paşinyan Putinin əl çantasıdır TƏHLİL

Putin normal siyasətçi kimi hər zaman ilk növbədə ölkəsinin maraqlarını ön planda tutur. Bu əlbəttə, qeyd etdiyimiz kimi normal təzahürlə yanaşı, həm də təbiidir və belə də olmalıdır. Baxmayaraq ki, bu, ermənilərin misalında kimlərinsə xoşuna gəlir, ya gəlmir. Yəni, Rusiya prezidentinin, loru dillə desək, vecinə də deyil ki, onun strategiyası Ermənistanın, yaxud bütövlükdə erməni cəmiyyətinin maraqları ilə üst-üstə düşür, yaxud düşmür.

Baş nazirin “Mülki Müqavilə” partiyasının spikeri Vahan Aleksanyan hakim “Mənim addımım” partiyasından ayrılan millət vəkili Sofya Hovsepyanı Nikolun əl çantası ilə müqayisə edirdisə, oxşar paralellər aparmaqla, Paşinyanın özünü də eyni şəkldə Putinin əl çantası adlandıra bilərik. Onun bu günlərdə Vladimir Vladimiroviçin əlindəki yalnız bir dəftərxana ləvazimatı funksiyasını yerinə yetirdiyi açıq şəkildə müşahidə edilir. Paşinyan Putinin diplomatik müstəvidə danışıqlar apardığı bütün razılaşmaları səssizcə imzalayır. Təbii ki, buna məcburdur. Özü də bir məğlub ölkənin, rəzil baş naziri kimi. Bu razılaşmaların və danışıqların Ermənistanın maraqları ilə üst-üstə düşməməsi də göz qabağındadır. Üst-üstə düşəcəyinə biçarə Nikolun ümidi belə yoxdur. Baxmayaraq ki, o hər dəfə daxili auditoriyaya ölkəsinin maraqları çərçivəsində çıxış edəcəyini vəd edir. Amma, sual oluna bilər, hansı haqq və hüquqla? Şübhəsiz ki, belə bir haqq erməni baş nazirdə, ümumiyyətlə Ermənistan tərəfində yoxdur. Bunu erməni cəmiyyəti də zamanında anlasaydı özü-özünü aldatmaz, baş nazirini də əl çantasına çevirməzdi.

Ermənistanın yaratdığı qondarma mif, erməni döyüşçülərinin guya misilsiz qəhrəmanlıq obrazı, yaxud guya məğlubedilməz Ermənistan mifi dağıldı. Bu mifi Azərbaycan Ordusu öz Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi ilə dağıtdı. Planetin sakinləri çoxdandır yalandan formalaşdırılan mifin qondarma olduğunu, bir erməni xəyalı olduğunu 44 günlük müharibə dönəmində yaxşıca başa düşdü.

Xankəndi yaxınlığında Azərbaycanın qarşısıalınmaz hücumunu tələsik dayandırmaq istəyində olan Rusiya prezidenti erməni separatçıların qanının su kimi axmasının qarşısını aldı. Bəli, üçtərəfli razılaşma ilə Ermənistan on minlərlə əsgər və başqa itkilərdən xilas oldu. Bu, rusların, bilavasitə Rusiya prezidentinin bir növ ermənilərə hədiyyəsi də hesab oluna bilər. Amma, razılaşmanı Putin həm də öz ölkəsinin maraqlarını nəzərə alaraq reallaşdırmağa çalışdı. Yenə də rabitənin, əlaqələrin blokdan çıxarılması şərtlərini müzakirə edən Putin oldu, çünki onun üçün bölgədəki bütün maddi-texniki təchizat üzərində nəzarət yaratmaq çox vacib hesab olunur. Və nəhayət, hərbi əsirlərin mübadiləsi barədə danışıqlar aparan da Putindir, çünki gərginliyin dərəcəsini azaltmalı və müharibə edən tərəflər arasında etibar mühiti yaratmaq çox vacib hesab olunur. Yeri gəlmişkən, Azərbaycan tərəfi öz mövqeyini, qalib statusunu diplomatik müstəvidə də qoruyur və heç də ilkin razılamadan boyun qaçırmır, Ermənistandan fərqli olaraq. Amma, erməni cəmiyyəti öz hakimiyyətindən razılaşmanı yeniləmək, yaxud, dəyişiklik etmək arzusundadır və baş nazir də hər çıxışında daxili auditoriyaya sakitləşdirici ümidlər verməyə can atır. Özü də acınacaqlı məğlubiyyətlərini unutmuş kimi. Buna baxmayaraq, Rusiya prezidenti ilə görüşərkən Nikol Paşinyan məğlub durumunu bir daha yadına salır və yenə də bir növ, öz qınına girir.

İşğalçı ölkənin baş naziri ölkəsindən kənarda burnunun altından sürüşüb keçəm hər sənə, hər şeyə imza atır. Təbii ki, buna məcbur olduğunu anlayaraq edir. Əks halda, ən azından Vovaeviç Rusiya prezidenti qarşısında mızıldana bilər, öz fikirlərini də ifadə edərdi. Axı bu həmin o Nikoldur ki, müharibədən əvvəl dilemma ilə, ən azından şərtlərlə çıxış edirdi. Cənab Prezidentin qeyd etdiyi kimi, nə oldu Paşinyana? Əlbəttə ki, məğlub oldu, uduzdu. Təkcə müharibəni yox, olan-olmazını uduzdu. Ölkə daxilində söz demək imkanını da itirdi. Hətta bir zaman küçədə velosipedlə işə getdiyini bütün dünyaya nümayiş etdirib ölkəsinin azad ölkə, özünün də çox əmin olduğunu göstərən Nikol indi nəinki küçəyə çıxa bilmir, kilsəyə belə gedəndə onun əlini sıxmadan oradan qovurlar. Biçarə erməni baş nazir Moskvaya diplomatik səfərə belə getmək üçün yolunu kəsib getməsinin qarşısını almaq istəyən etirazçılardan qaçaraq səfərə gedir. Bəs bu vəziyyətinin, bu halının fərqində olan birisi Moskvada, özü də Putinin önündə sərbəst , yaxud iddialı ola bilərmi? Əlbəttə ki, yox. İndi Putin Nikolu bir əl çantası kimi hara qoysa, orada da durmalıdır. Yəni, məğlub, hər şeyini itimiş Paşinyanın bundan sonra Putinin əl çantası olmaqdan başqa bir yolu qalmır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə